Böyük Maykop kurqanlarından tapılmış qızıl fiqurlar «Maykoplu»ların evləri sadə konstruksiyaya sahib idi. Taxta dirəklər, gillə suvanmış toxunma divarlar geniş yayılmışdı. Yaşayış məskənləri çox vaxt dağətəyi zonalarda, çətin keçilən yerlərdə salınır və daş divarlarla əhatə olunurdu. Görünür, düşmənlərdən müdafiə olmaq ehtiyacı vardı. Düşmənlər isə çox güman ki, dolmen mədəniyyətinin daşıyıcıları idi. Elə bu mədəniyyətin daşıyıcıları da sonda Maykop mədəniyyətinə son vermiş və onların yaşadıqları ərazilərin sahibinə çevrilmişdilər. Fikrimizcə, bunlar G haploqrupunun daşıyıcıları olan Abxaz-Adıq və osetin xalqlarının əcdadları olub. Lakin bu, sadəcə bir ehtimaldır.
Ən inkişaf etmiş sahələrdən biri də metallurgiya idi. Ümumiyyətlə, Maykop mədəniyyəti tunc, qızıl və gümüşdən hazırlanmış məişət və bəzək əşyaları ilə çox məşhurdur. Onların demək olar ki, hamısı kurqanlardan tapılmışdır. Bu əşyalar Don çayının sağ sahilindən tutmuş Güney Azərbaycana, Güney Azərbaycandan tutmuş Anadolu və Suriyaya qədər geniş yayılmış əşyaların analoqudur. Lakin onlar haradansa idxal edilməmişlər. Aradakı bənzərlik Kür-Araz mədəniyyəti dövründə sözügedən əraziləri əhatə edən vahid bədii zövq, texnologiya və üslubun mövcudluğundan xəbər verir.
«Maykoplu»ların öz metal yataqları var idi və sözügedən əşyalar bilavasitə Şimali Qafqazda hazırlanırdı. Odur ki, onlar bu baxımdan nə Yaxın Şərq, nə də Cənubi Qafqazdan asılı deyildilər. Tunc məmulatının böyük əksəriyyəti mis-arsen və mis-arsen-nikel qarışıqlı idi. Əşyaların üzünə bəzən gümüş təbəqəsi çəkilir, bəzənsə onlar ümumiyyətlə mis və gümüş qarışığından hazırlanırdı.
Əmək alətləri içərisində daha çox müxtəlif növ baltalar, bizlər, kəsici və deşici alətlərə rast gəlinib. Baltaların içərisində döyüş baltaları da var. Əldə olan baltalar daha çox dəfn mərasimləri üçün nəzərdə tutulduğundan kiçik ölçülü olurdu (Мунчаев Р., 1973). Dəfn inventarı içərisində bu alətlərə rast gəlinməsi Sügə Toyon kultunun önəmli rola sahib olmasından xəbər verir.