Böyük Maykop kurqanlarından tapılmış qızıl tac Zəngin insanlara xas olan kurqanlarda aşkar edilmiş bəzək əşyaları əsasən qızıl və gümüşdən düzəldilmiş əşyalardır. Onların analoquna təkcə Mesopatamiyada deyil, eləcə də Misir və Troyada da rast gəlinmişdir (Мунчаев Р., 1973).
Maykop kurqanları içərisində ən məşhuru Böyük Maykop kurqanıdır ki, artıq qeyd etdiyimiz kimi, 1897-ci ildə N. Veselovski tərəfindən aşkar və tədqiq edilmişdir. Əsas tapıntıları hazırda Ermitajda saxlanılan bu dəfn abidəsinin tapıldığı yer Maykop şəhərinin hazırki Kurqannıy (Kurqanlı) və Podqornıy (Dağətəyi) küçələrinin kəsişdiyi yerdir.
Erkən tunc dövrünə aid olan bu kurqanın gildən tökülmüş örtüyünü hündürlüyü 10.65 m, diametri isə 100 m-ə yaxın olub.
Kurqanın qəbir kamerası əhəng daşlarından ibarət kromlexlə əhatələnmişdi. Onun uzunluğu 5.33 m, eni 3.73 m, dərinliyi isə 1,42 m idi. Forması başı olmayan öküz dərisini xatırladırdı. Kamera Şimal – Şimal-Şərqdən Cənub - Cənub-Qərbə istiqamətlənmiş, divarları ağacdan qurulmuş, künclərdə ağac dirəklər quraşdırılmışdı. Bu dirəklər kameranın 2 qat ağac tirlərdən ibarət örtüyünü saxlamağa xidmət edirdi. Yuxarıdakı qatı təşkil edən tirlər çox uzun idi və kameranın sərhədlərindən kənara çıxırdı. Qəbir kamerasının dibinə iki qat çınqıl döşənmişdi. Ağac arakəsmələr onu üç qeyri-bərabər hissəyə ayırırdı ki, onların hər biri ayrıca bir məzar rolunu oynayırdı (Отчёт Н. И. Веселовского.., 1896).
Əsas məzar olan 1 №-li qəbirhansısa çox zəngin bir şəxsə aid idi. Bu şəxsin qəbilə başçısı – bəy (bay) və ya xan olduğu hesab edilir. Onun hökmdar ola biləcəyi barədə fikirlər də var. Fəqət qazıntılar nəticəsində ətrafda saray qalıqlarına rast gəlinməməsi bu fikri çox da inandırıcı etmir. Lakin fakt budur ki, meyitin başının altında hökmdar tacının hissələri olduğu ehtimal edilən iki qızıl lent, təyinatı məlum olmayan 5 qızıl sağanaq və qızıl sırğalar aşkar edilib.