AZƏRBAYCAN VƏ KİMMER-İSKİT-SAK XAQANLIĞI
Azərbaycan tarixşünaslığında son dövrdə qəbul edilmiş, möhkəmlənmiş və özünə çox sayda tərəfdar toplamış bir fikrə görə, "iskitlər Şimali Qara dəniz sahillərinə və Ön Qafqaza e.ə. Vlll əsrin ikinci yarısında gəlmişlər. Herodot və Diador iskitlərin Araz çayı sahillərindən gəldiklərini söyləyirlər. Herodota görə, iskitlər Asiyada yaşayırmışlar və massagetlər onları bu yerlərdən qovmuşlar. İskitlər Araz çayını keçərək Şərqi Avropaya, Qara dənizin şimalına gəlmiş, kimmerlərlə döyüşdə qələbə çalmış və onların bir qismini əsarət altına almışdılar. Kimmerlərin digər böyük bir qismi isə Ön Asiyaya qaçmışdı. Herodotun məlumatına görə, iskitlər kimmerlərin arxasınca düşmüş, lakin yolu azaraq Dərbənd keçidi vasitəsi ilə Ön Asiyaya çatmış, Ön Qafqaza və şimali İrana yayılmışlar. Beləliklə, iskitlər Araz çayı sahilindən şimala doğru hərəkət etmiş oraya gəlmə hesab edilirlər. Burada məskunlaşdıqdan sonra onların bir qismi kimmelərin ardınca Ön Asiyaya hərəkət etmişlər.
Saklar iskit tayfası hesab olunurlar. Strabon yazırdı ki, iskitləri həmçinin sak adlandırırlar. Onlar da geniş ərazidə təmsil olunmuşdular. İlk dəfə "sak" adı e.ə. Vll əsrin ortalarına aid Assur (Aşşur) mixi yazılarında, sonra isə Vl əsrin sonunda Bisitun kitabəsində çəkilmişdir. Sakların bir qismi Azərbaycan ərazisində məskunlaşmışdı." (1.103).
Qeyd edək ki, yuxarıdakı sözlərin sahibi Yusif Yusifovdur. Onun sözlərinə görə, iskitlər Qərbi Azəbaycanda, Urmiya gölünün qərbində və şimalında məskən salmışdılar. Alim mixi qaynaqda qeyd edilən "İskitlər Manna ölkəsinin vilayətində yaşayırlar" sözlərinə istinadən iskitlərin Urmiya gölünə qədər geniş ərazidə məskunlaşdıqları fikrini əsaslandırır və bildirir ki, kimmerlər də Mannanın hüdudlarına gəlmişdilər. Bu fikrini isə o, e.ə. 715-ci ilə aid Aşşur mənbəsində qeyd edilən "Kimmerlər Manna ölkəsini tərk edib, Urartuya gəldilər" sözlərinə istina-dən vurğulayır:
"Kimmer, iskit və sakların Azərbaycanda məskunlaşması yer adlarında öz əksini tapmışdır. Mixi qaynaqlarda antik mənbələrin" kimmer" adı "qimiraya" (qimirə mənsub) şəklində əks olunmuşdur. Azərbaycanın müasir toponomiyasında Qımır və Qımırlı (Zaqatala" rayonu) yer adları qalmışdır. Saklar əsasən Azərbay-canın Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada "şiş papaq" saklar yaşayırdılar. Həmin yerdən şimalda Araz çayının Kürə qovuşduğu çay arasında da saklar təmsil olunmuşdular. Erkən orta əsr qaynaqları buranı Balasaqan (türk. bala "çöl,düzən"; mənası "Sak düzü") adlandırır. Beləliklə, e.ə. Vlll əsrin sonu-Vll əsrin əvvəllərində Qafqaz dağarını keçib Ön Asiyada yayılmış kimmer və sak tayfaları qədim Azərbaycan ərazisində də məskunlaşmışdılar." (1.103-104).
Qeyd edək ki, elmi ədəbiyyatda kimmer-iskit-sak mövzusu ətrafında böyük bir qarmaqarışlıq yaranmışdır və ədalət xatirinə bildirməliyik ki, bu qarmaqarışıqlıq müəyyən dərəcədə ilkin mənbələr arasındakı ziddiyyətlərdən qaynaqlanmaqdadır. Alimlər iskit-sakların Azərbaycana e.ə. Vlll-Vll əsrlərdə kənardan gəlmə olduqları barədə yekdil fikir sərgiləsələr də, bu məsələ şübhəlidir və qədim mənbələrin söylədikləri və arxeolji qazıntıların nəticələri ilə üst-üstə düşmür. Sözügedən xalqların etnuk mənsubiyyəti və dili barədə söylənilənlər isə bir-birinə daban-dabana ziddir. Bir sözlə, mövzu ətrafında əməlli-başlı xaos hökm sürməkdədir. Odur ki, məsələni yenidən və diqqətlə incələməyə böyük ehtiyac duyulmaqdadır.
Qiyasəddin Qeybullayev haqlı olaraq yazır ki, iskitşünaslıqda "iskit" adına münasibətdə açıq-aşkar tam sərbəst bir yanaşma hiss edilir:
"İskit və sak ilk dövrlərdə (Sak və İşquz adlarının Midiyanın ayrı-ayrı əyalətlərinin adları kimi qeyd edildiyi Aşşur mənbələrindən də göründüyü kimi) bir-biri ilə, çox güman ki, qohum olan ayrı-ayrı etnik qrupların adları olmuşlar. Fəqət antik mənbələrdə bu etnonimlər əsasən ümumiləşdirici adlar kimi çıxış etməkdədir. Əgər iskit və sak etnonimlərinin hansı halda konkret etnik qrupların adları, hansı halda isə ümumiləşdirici adlar kimi çıxış etdiyini müəyyənləşdirmək çətindirsə, o zaman Albaniya saklarını Qara dəniz sahilinin iskitləri ilə qarışdır-maq lazım deyildir. İskitlərin və sakların eyniləşdirilməsi antik müəlliflərin məlumatlarının şərhlərindəki qarmaqarışıqlığın əsas səbəbi olmuşdur." (55.84-85).
Alimin sözlərinin təsdiqi kimi qeyd edək ki, Mahmud İsmayıl yazılarında iskit əvəzinə hər yerdə "işquz" (137.7-19), Firidun Ağasıoğlu isə "sak" etnonimini "saqa" və "saqat" formasında yazmış (7.96-126) və onsuz da elmdə mövcud olan qarmaqarışıqlığı daha da çözülməsi çətin hala gətirmişlər. Doğrudur, sözügedən müəlliflər belə edərkən, müəyyən məntiqə əsaslanmışlar. Məsələn, Mahmud İsmayıl "işquz" formasından istifadə edərkən elmdə mövcud olan və "iskit" termininin Aşşur mixi yazılarındakı "işquz" etnonimindən törədiyi məntiqini əsas götürən fikrə (132.242-243) əsaslanmışdır. Bu metod ilk baxışdan doğru görünsə də, əslində uğurlu deyil. Çünki Aşşur mənbələrindəki "işquz" etnonimi konkret bir etnik qrupu ifadə edir və bu qrup saklardan fərqləndirilir. "İşquz" terminindən törədiyi söylənilən "iskit" terminini isə Herodot və digər antik müəlliflər ümumiləşdirici mənada işlətmiş və bir çox qohum etnik qrupları, o cümlədən sakları, ilk növbədə isə "skolot" adlandırdıqları Qara dəniz iskitlərini bu terminlə adlandırmışlar. Alim kimmerlərdən isə Aşşur mənbələrinə istinadən "qimmir" kimi söz açır:
Dostları ilə paylaş: |