BƏXTİYAR TUNCAY
SAKLARIN DİLİ VƏ ƏDƏBİYYATI
ÖN SÖZ
Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş xalqlardan biri də saklar olmuşdur. Təsadüfi deyil ki, xalqımızın soykökünə dəyərli əsərlər həsr etmiş, demək olar ki, bütün müəlliflər saklardan da bu və ya digər dərəcədə söhbət açmışlar. Bu baxımdan Qiyasəddin Qeybullayev (55.82-102,321-329), Mirəli Seyidov (133), Mahnud İsmayıl (137.7-19), Yusif Yusifov (1.102-105), Firidun Ağasıoğlu (7.96-111) və digər görkəmli Azərbaycan alimlərinin adını xüsusi vurğulamaq lazımdır.
Ön Asiya və Qafqazda yaşamış iskit və saklarla bağlı mövzuya V.V. Struve, Q.A. Melikaşvili, İ.M. Dyakonov, V.İ.Abayev, B.B. Piotrovski, E.İ.Krupnov, B.A. Litvinski, V.F. Minorski, E.A. Qrantovski, M.İ. Poqrebova, A.M. Xazanov, B.V. Terexov, A.N. Terenojkin, İ.V. Pyankov, O.A. Vişnevskaya s. xarici ölkə alimləri də toxunmuş, son dərəcə maraqlı fikirlər söyləmişlər (55.82).
Yuxarıda adı çəkilən alimlərdən İ.V. Pyankov (130) və B.A. Litvinov (131) qədim fars kitabələrində adları çəkilməkdə olan sakların yerləşdikləri coğrafyanın müəyyənləşdirilməsi istiqamətdə geniş tədqiqatlar aparmış və belə qərara gəlmişlər ki, Azərbaycan ərazisi də Ön və Orta Asiya, eləcə də Quzey Qafqaz əraziləri ilə birlikdə sözügedən coğrafi areala aiddir. Doğrudur, onlar sakları Orta Asiya və Qazaxıstanın avtoxton əhalisi hesab etmiş və onların Azərbaycana gəlişini sonrakı dövrlərə aid etmişlər. Məsələn, B.A. Litvinov yazır ki, saklar Orta Asiyanın Son Tunc dövrü tayfalarının birbaşa varisləridir və bunu keramika qalıqlarının və dəfn adətlərinin eyniliyi sübut etməkdədir (131.156). Alimin fikrincə, bu xalq məhz həmin ərazidən, Qafqaz dağlarını keçərək, Ön Asiya və Azərbaycan ərazisinə miqrasiya etmişdir.
Azərbaycanda sakların yaşayış arealından söz açan bütün tədqiqatçılar ilk növbədə tarixi mənbələrdə "Sakasena" və ya "Şakaşen" kimi qeyd olunan ərziyə işarə etmşlər. İ.M. Dyakonovun İran dilləri materialına istinadən "şaka şuana", yəni "saklar ölkəsi" kimi şərh etdiyi "Sakasena" adına ilk dəfə l əsr müəllifi Strabonun əsərinin dörd yerində rast gəlinməkdədir (60.17,24,30). İ.M. Dyakonov sözügedən ərazini Gəncə və ətrafına şamil etmişdir (132.250). Qiyasəddin Qeybullayevin fikrincə, ilk dövrlərdə bu əraziyə erməni mənbələrində Sisakan (Sünik) adlandırılan Zəngəzur ərazisi də daxil olmuşdur (55.83).
Strabonun yazdığına görə, Sakasena Kür və Araz çayları arasında yerləşir və Araksenadan sonra gəlir:
"Bu düzənlikdən sonra Albaniya və Kür çayı ilə sərhəddə yerləşən Sakasena başlayır, bir qədər sonra Qoqarena gəlir." (60.30).
Mütəxəssislər ilk dəfə 371-ci ildə baş vermiş hadisələrlə əlaqədar Favst Bu-zand tərəfindən adı "Şakaşen" kimi çəkilən məkanla Sakasenanın eyni ərazinin bir qədər fərqli səslənişli adları olduğu fikrində yekdildirlər və bu halda da söhbətin məhz Gəncə və ətrafından getdiyini bildirirlər (55.83). Alimlər bu fikirlərini Gəncənin əsasının Şakaşen ərazisində qoyulduğunu yazmış Musa Kağankatlının sözləri (66.lll kitab, XXl fəsil) ilə əsaslandırırlar və şübhəsiz ki, haqlıdırlar. Bu fikri XVl əsrdə Gəncə yaxınlığındakı çaylardan birinin Şəkiçay adlanması faktı da (134) təsdiq etməkdədir.
Antik müəlliflər ölkəmizin ərazisində yaşamış sakları bəzən sakasanlar, bəzən isə sakapanlar kimi yad etmişlər. ll əsr müəllifi Arrian isə Qavqamela döyüşü ilə bağlı məlumatında albanlar və sakesinlərin eyni cəbhədə döyüşdüklərini yazmışdır. (55.83). Arrianın bu məlumatını şərh edən İ. Dyakonov (132.444) və İ. Əliyev (135.139) bildirirlər ki, sözügedən döyüşdə albanlar və Sakasenanın sakinləri olan sakasinlər midiyalıların müttəfiqi kimi çıxış etmişlər.
Maraqlıdır ki, əsərində Sakasena haqqında dörd dəfə məlumat verən Strabonun məlumatlarından ikisində sözügedən ölkə barədə Araz çayından cənubda, yəni Güney Azərbaycan ərazisində, Qirkaniyadan aşağıda yerləşən ölkə kimi söhbət açılır (60.17,24). Uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmış bu məsələyə ilk dəfə münasibət bildirən Qiyasəddin Qeybullayev (136) olmuşdur.
İ. Dyakonov və İ Əliyevin fikrincə, Herodotun ortokoribantiləri ilə Kür və Araz hövzəsinin Sakasenasının əhalisi, eləcə də, tiqraxauda saklar-qədim fars mənbələrinin şişpapaqlı sakları eyni şeydir. Bu fikirlə razılaşmayan Qiyasəddin Qeybullayev yazır:
"R. Fray öz əsərinin bir yerində yazır ki, tiqraxauda saklar Midiya ərazisində, X satrapiyada məskun idilər.Biz burada adlarına qədim fars mənbələrində rast gəlinən bütün sak qruplarının mübahisəli məskunlaşma məsələsinə toxunmayacağıq. Yalnız onu qeyd edək ki, "tiqraxauda sak" Kür və Araz çayları arasında deyil, Midiya ərazisində yaşayan sak qrupunun farsca adıdır. Strabonda Midiya ərazisində məskun olan sakların yaşadıqları ərazi də Sakasena adlanır." (55.84)
Sakların Azərbaycanın avtoxton əhalisi deyil, gəlmə xalq olduğu barədə rus alimlərinin fikrinə şərik çıxan Mahmud İsmayıl bunun e.ə. Vll yüzillikdə baş verdiyini düşünməkdədir:
"Hələ lap qədim zamanlarda Azərbaycanda yerli soylarla yanaşı, uzaq yerlərdən, xüsusən Orta Asiyadan keçib bu yerlərə gəlmiş soylar da yaşamışlar. Bu soylardan ən çox saylısı sak-massagetlər olmuşdur. Tarix ədəbiyyatında onları işquzlar da adlandırırlar.
Həmin soyların hələ miladdan əvvəl Vll yüzillikdə qədim Azərbaycan torpaqlarına gəlmələri barəsində bizə ilk məlumatı miladdan qabaq V yüzillikdə yaşamış, "tarixin atası" çağırılan Herodot vermişdir. XlX yüzilliyə qədər Heodotun bu əsəri Rusiya və Avropa alimlərinin nəzərini çəkmişdi. Keçən son iki yüzillikdə isə bu əsərdə verilən külli miqdarda məlumat barəsində yüzlərlə müxtəlif, bəzən bir-birinə zidd fikirlər söylənmişdir. İşquz-saklar probleminə həsr olunmuş əsərlərin böyük əksəriyyətində, mütəxəssislərin özlərinin etiraf etdikləri kimi, hadisələrin şərhinə obyektiv yanaşılmamış, "gündəlik siyasətə" tabe edilmişdir." (137.7-8).
Yusif Yusifov da saklardan gəlmə xalq kimi bəhs etmiş və o da bu xalqın ölkəmizin ərazisinə e.ə. Vll əsrdə köç etdiyini vurğulamış, onların şimaldan gəldiyini qeyd etmişdir:
" E.ə. Vll əsrin birinci rübündə şimalda yaşayan kimmer, iskit və onların tərkibində sak tayfalarının Ön Asiyaya böyük bir axını başlanır. Bu tayfaların bir qismi qədim Azərbaycanda məskunlaşır." (1.102).
Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:
"Ədəbiyyatda sakların mənşəyi və Albaniyaya gəlmələri barədə müxtəlif fikirlər vardır.
1. Saklar e.ə. Vlll-Vll əsrlərdə Ön Asiyaya, o cümlədən Midiyaya gəlmiş iskitlərdir və yaxud onların bir hissəsidir. Kür və Araz çayları arsında yerləşən Sa-kasena Ön Asiya iskit xaqanlığının özəyi olmuşdur. Bu fikri İ.Dyakonov, E.Krupnov, K.Trever, İ.Əliyev, V.Minorski, A.Xazanov və digər alimlər dəstəkləmişlər...
2. Ön Asiya üzərində 28 illik hakimiyyətdən sonra iskitlərin böyük bir hissəsi Qafqaz dağlarının şimalına geri döndükdən (belə hesab edilir ki, iskitlər Ön Asiyadan Quzey Qafqaza e.ə. 584-cü ildə dönmüşlər) sonra onların bir qismi cənubda , əsasən Sakasena ərazisində qaldılar və məskunlaşdılar. Bu fikrin sahibi B. Qafurova görə, Albaniya sakları irandilli iskitlərdir, Sakasena iskit xaqanlığının tərkib hissəsi olmamışdır, saklarsa "qalan iskitlərdir".
3. Üçüncü fikir də mövcuddur. Həmin fikrə görə saklar Güney Qafqaza müstəqil surətdə, e.ə. Vl əsrdə Dərbənddən keçərək gəlmişlər. Bu mülahizənin müəllifi V.Struvedir. O, Strabonun Sakasena barədə söylədikləri ilə bağlı yazmışdı ki, saklar Kür-Araz ovalığına iskitlərdən müstəqil surətdə Ənəmənilər dövrünün başlarında gəlmişlər. Əgər onunla razılaşsaq və sakların iskitlərdən ayrı və başqa bir vaxtda gəldikləri ehtimalını qəbul etsək, o zaman Sakasenanı iskit xaqanlığının bir hissəsi kimi qəbul etmək məntiqi olmaz." (55.84-86).
Dostları ilə paylaş: |