"Herodot yazır ki, qimmirlər (kimmerlər) Asiyada yaşayan işquzlar (iskitlər) tərəfindən şərqə doğru sıxışdırılmışlar, işquzları isə öz növbəsində massagetlər sıxışdırdılar." (137.8).
Firidun Ağasıoğlunun işlətdiy "saqat" termininə gəlincə, qeyd edək, bu dilçi alim "sak" etnonimini "saqa" kimi yazıb-oxumağın daha doğru olacağını düşünməkdə, "iskit" terminin də "saqa" və "at"(ut) cəm şəkilçisinin birləşməsindən yarandığını, "iskit" əvəzinə "saqat" (saqlar) termininin işlədilməsinin məqsədəuyğun olduğunu hesab etməkdədir. Alim elmdə qəbul edilmiş "kimmer" termininin əvəzinə də daha doğru olan "qamər" yazmağı lazım bilmişdir:
"Miladdan öncə Vlll əsrdə Qara dənizlə Azaq (Azov) dənizi yaxalarından qalxıb, Güney Qafqaza gələn və burada dövlət quran, uzun müddət ətraf ölkələrin şahlarını rahatsız edən, sonra yenidən Azaq yaxalarına qayıdaraq, orada yeni dövlət quran saqa (sak) boyundan söhbət açmışdıq. Burada isə saqa və qamər (kimmer) boylarının Azərbaycanla bağlı maraqlı tarixi səhifələri üzərində dayanmaq nəzərdə tutulub." (7.96).
Firidun Ağasıoğlunun işlətdiyi "qamər","saqa" və "saqat" terminləri doğru, məntiqi və cəlbedici görünsə də, artıq qəbul edilmiş formalarla birləşərək lazımsız qarmaqarışıqlıq yaradır ki, buna da, fikrimizcə, ehtiyac yoxdur.
Məlumat üçün bildirək ki, rus elmi ədəbiyyatında "iskit" etnonumi "skif" formasında işlənməkdədir və bu forma uzun illər, rus dilindən Azərbaycan elmi ədəbiyyatına keçərək, Azərbaycan elmi ədəbiyyatında da işlək olmuşdur. Məsələn, Q.Qeybullayevin içindən sitatlar təqdim etdiyimiz kitabında bəzən "iskit", bəzənsə "skif" yazılmışdır (55). "İskit" termininə gəlincə, bu, Türkiyədə qəbul olunmuş formadır və son dövrlər Azərbaycan elmi ədəbiyyatında da geniş istifadə edilməkdədir. Biz də doğru olmamasına rəğmən, eyni formadan istifadə etməyi lazım bildik. Çünki bu forma artıq Azərbaycan ədəbiyyatında "vətəndaşlıq hüqu-qu" qazanmışdır. Hərçənd ki, onu "skit" formasında işlədənlər də vardır. Bu baxımdan Yusif Yusifovu misal çəkə bilərik (1.102-105).
Qeyd edək ki, ingilis dilində sözügedən etnonim "scyth" formasında yazılmaqda, "skiz" kimi oxunmaqdadır. Türkiyə və Azərbaycan ədəbiyyatında işlək olan "iskit" termini ingiliscədəki "scyth" yazılış formasının türkcə oxunuşu və tələffüzü nəticəsində ortaya çıxmışdır. Ruslar isə həmin sözü, yəni "scyth" yazılış formasını özlərinə məxsus şəkildə "skif" kimi oxumuş və bu şəkildə də qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, eyni forma uzun müddət Azərbaycan elmi ədəbiyyatında da geniş işlənmiş və bu gün ondan, demək olar ki, bütünlüklə imtina edilmişdir.
Fikrimizcə, kəlmənin düzgün formasına ingiliscə tələffüz forması olan "skiz" forması daha yaxındır və Herodot həmin formanı Aşşur mənbələrindəki "işquz" etnonimindən ya birbaşa, ya da sələfləri vasitəsilə əxz etmiş , fəqət ümumiləşdirici və daha geniş mənada işlətmişdir. Bu baxımdan tədqiqatçı alim Zaur Həsənovun fikirləri xüsusi diqqətə layiqdir (75.122-123). Bu barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə qeyd edək ki, Herodotdan öncə iskitlər barədə Aristey, ondan öncə isə e.ə. Vlll əsrdə yaşamış Hesiod məlumat vermişdir. T. Sulmirski bldirir ki, "iskit" terminini ilk dəfə məhz Hesiod işlətmişdir (138.282).
Herodotun əsərlərində rast gəldiyimiz "iskit" etnoniminin düzgün oxunuşunun "skuthai", yəni "skuzay" olduğunu əsaslandıran İ.Dyakonov bu fikrini Aşşur mənbələində adlarına "asquzay" (aşquzlar), Babil mənbələrində "işquzay" (işquz-lar), qədim yəhudi mənbələrində isə "aşquz" kimi rast gəlinən etnik qrupun adı ilə əsaslandırmış və tamamilə haqlı olarq, qədim yunan mənbələrindəki "iskit" (skuz) adının bu etnik qrupun adından qaynaqlandığını bildirmişdir (132.242-243).
Onun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev yazır:
"Vll əsrə aid aşşur mənbələrində iskitlər "aşquzay" (aşğuzay) və "işquzay" (işğuzay) adlandırılır. İ.M.Dyakonov yazır ki, aşquzay və işquzay onların (iskitlərin) özlərinin-özlərinə verdikləri addır. Çünki aşşurlar yeni gələn tayfalara özlərindən yeni ad verə bilməzdilər...İ.M.Dyakonov haqlı olaraq hesab etmişdir ki, yunan termini olan "iskit" kəlməsi aşşurların "aşquzay", "işquzay" kəlməsindən törəmişdir. Lakin etnonimin əvvəlindəki "a","i" hərflərinin guya aşşur dilinin əlavəsi olduğunu və guya "d" səsinin "z" hərfi vasitəsi ilə ifadə edildiyini söyləyəndə səhvə yol vermişdir." (55.276).
"Çar iskitləri" adlı çox sanballı əsərində bütün bu deyilənləri dərindən təhlil edən, İ. Dyakonovun oxunuşunu və mülahizələrini düzgün sayan Zaur Həsənov Herodotun sözügedən etnonimi qədim sami (Aşşur, Babil, yəhudi) mənbələrindən birbaşa deyil, sələfi Aristey vasitəsi ilə əxz etdiyini vurğulamaqdadır. Onun fikrincə, Aristey də həmin termini sözügedən sami mənbələrin yazıldığı dövrdə yaşamış Hesioddan qəbul etmişdir (75.122-124). Tədqiqatçı "skuz" oxunuşunu düzgün saymaqla bərabər, həmin etnonimin "quz" (oğuz) etnonimi ilə bağlılığını önə sürmüşdür. Şübhəsiz ki, o, tamamilə haqlıdır. Biz də o fikirdəyik ki, qədim sami mənbələrində adlarına rast gəldiyimiz işquzlarla (aşquzlar, asquzlar) oğuzlar arasında sıx bağlılıq var və bu fikri bizdən çox-çox öncələr söyləmişlər (48.224). Bu barədə sırası gəldikdə söhbət açılacaqdır. Lakin bu fikri istisnasız olaraq, sami mənbələrində konkret etnik qrup kimi qeyd edilən işquzlara aid edirik. Zaur Həsənov isə eyni fikirlə iskitlərə, daha dəqiq desək, xaqan iskitlərinə münasibətdə də çıxış etməkdədir. Şübhəsiz ki, bu mövqe məntiqi və cəlbedici görünsə də, hələlik, sadəcə, bir ehtimaldır və tam sübut edilmədiyi və əsaslandırılmadığı üçün onu sübut edilmiş həqiqət kimi qəbul etmək hələlik mümkün deyil. Çünki antik müəlliflər "iskit"("skuz" kimi oxunsa da) termini ilə konkret bir etnik qrupu deyil, bir-biri ilə qohum olan və eyni dildə danışan bir çox etnik qrupları adlandırmışlar. Lakin bu da faktdır ki, Herodot sözügedən adın məhz "çar (xaqan) iskitləri"nə aid olduğunu bildirmişdir. Məsələyə sırf bu baxımdan yanaşsaq, "çar iskitlərinin" oğuzlar olduğu barədə Zaur Həsənovun irəli sürdüyü fikrin tam məntiqi olduğunu etiraf etməkdən başqa çarə qalmayacaq.
Konkret olaraq saklar barədə bizə nələr məlumdur?
Yuxarıda artıq qeyd edildiyi kimi, "sak" etnoniminə ilk dəfə e.ə.Vll əsrin ortalarına aid Aşşur mənbələrində rast gəlinmişdir. Eyni dövrə aid Aşşur mənbələrində işquzlardan (asquz, aşquz) da ayrıca söhbət açılmaqdadır. Yəni Aşşur mənbələri sakları və işquzları ayrı-ayrı etnik qruplar kimi tanımaqda və təq-dim etməkdədir. Sözügedən dövrə aid mənbələrdə kimmerlərin adı da "qimiraya" kimi çəkilmişdir.
Maraqlıdır ki, Aşşur mənbələrində işquzlarla saklar arasında dəqiq fərq qoyulsa da, saklarla kimmerlər arasında qoyulan fərq konkret cizgilərə sahib deyildir, eyni hadisələrin iştirakçısı olan etnik qrup bəzən "kimmer"(qimiraya), bəzən isə "sak" adlandırılır. Bu barədə E.Qrantovski yazmışdır:
"1933-cü ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısı dərc edildi. Başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme bu yazıda (146-cı sətirdə)"Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson "saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir.Lakin sonralar X. Tadmor sübut etdi ki, ifadəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan iskitlərin (sakların) üzərində də hökm sahibi imiş, Qutium isə Mannanın başqa bir adı olmuşdur." (139.84).
Əlbəttə, X. Tadmorun məntiqi ilə razılaşmamaq çətindir. Aşşurbanipalın yazısı gerçəkdən də sübut edir ki, onun yaşadığı dövrdə Tuqdamme həm kimmerlərin, həm sakların, həm kutilərin, həm də bütövlükdə Manna dövlətinin hökmdarı idi. Hərçənd ki, ola bilər ki, həmin dövrdə saklar kimmerlərdən yox, əksinə, kimmerlər saklardan asılı vəziyyətdə olmuşdur. Mətndən başqa bir ehtimal da doğur: Burada ya "sak" konkret bir etnik qrupun adıdır, "kimmer" etnonimindən ümumiləşdirici ad kimi istifadə edilmişdir, ya da əksinə. Bu, həmin dövrdə hakimiyyətdə kimin-sakların, yoxsa kimmerlərin olmasndan asılıdır. Çünki tarixi mənbələrdən anlaşıldığı kimi, çox zaman tabeçilikdə olan soy və boylar da hakim soy və ya boyun adı ilə yad edilir. Yəni bu zaman hakim soyun adı bütün digər soy və boyların ümumiləşdirici adı kimi çıxış edir.
Qeyd edək ki, əgər sakların adına e.ə. Vll əsrin ortalarından rast gəlinməyə başlayırsa (1.102), kimmerlərin adı e.ə. Vlll əsrə (1.103), kutilərin adı isə e.ə. lll-ll minilliklərə aid mənbələrdə (1.81) qeyd edilmişdir. Sakların yazılı mənbələrdə gec peyda olmasını mütəxəssislər onların Azəbaycan ərazisinə sonradan gəlmələri ilə izah edirlər ki, bu barədə artıq məlumat vermişik. Lakin bu fikir gerçəyi o zaman əks etdirmiş olardı ki, "sak" etnoniminə Aşşur-Babil qaynaqlarından daha qədim qaynaqlarda rastlanmış olaydı və həmin qaynaqlarda bu etnik qrupdan başqa ölkənin sakinləri kimi söz açılaydı. Lakin belə mənbələr yoxdur. Saklardan bəhs edən ən qədim qaynaqlar məhz Aşşur-Babil mixi kitabələridir və həmin kitabələr saklardan məhz Azərbaycan və Ön Asiya sakinləri kimi söz açmaqdadırlar. Orta Asiya saklarından bəhs edən mənbələrə gəlincə, onlar, haqqında söz açdığımız kitabələrdən çox-çox sonrakı əsrlərə aiddirlər. Bu isə o deməkdir ki, mənbələr sakların Orta Asiyadan Ön Asiya və Azərbaycana gəldiklərini deyil, əksinə Azəbaycandan Orta Asiya istiqamətinə köç etdiklərini təsdiqləyir. İrəlidə görə-cəyimiz kimi, arxeoloji tapıntılar da eyni şeyi isbat etməkdədir.
Sakların adının kuti, subar, turuk, kumen və kimmerlərə nisbətən mənbələrdə daha sonra peyda olması isə onların gəlmə olduqlarından deyil, öncəki dövrlərdə qeyri-fəal olmaları və aparıcı mövqelərə sahib olmamaları ilə bağlıdır. Yəni onlar aktivləşdikdən, geosiyasi arenada daha fəal rol oynamağa başladıqdan və hakim mövqeyə yüksəldikdən sonra adlarını duyurmağa başlamışlar və bu üzdən də dövrün yazılı mənbələrində əsas personajlardan birinə çevrilmişlər. Bu, e.ə.Vll əsrin ortalarında baş vemişdir. Ən azı e.ə. Vl əsrdən etibarən isə saklar bütün qohum etnik qruplarını öz hakimiyyətləri altında toplaya bilmişlər. Elə bu üzdən də Əhəmənilər dövrünə aid qədim fars mənbələri saklardan gen-bol bəhs etdiyi halda, nə kutiləri, nə də kimmerləri tanımamaqdadır. Halbuki, Bisitun kitabəsinin farsdilli mətnində "sak" yazıldığı halda, eyni mətnin akkadca olan tərcüməsində ənənəvi olaraq, "kimmer" (qimiraya) yazılmışdır. Bu onu göstərir ki, həmin dövrdə kimmerlər artıq öncəki önəmini itirmiş və saklardan asılı vəziyyətə düşmüşdülər. Əslində isə kimmerlərin kutilərlə birlikdə sakların başçılığında qurulmuş yeni tayfa ittifaqına daxil olmaları e.ə. Vll əsrin ortalarında baş vermişdir ki, bunu Aşşurbanipalın kitabəsi sübut etməkdədir. Bundan öncələr isə saklar kuti və kimmerlərin növbə ilə başçılıq etdikləri tayfa ittifaqlarına daxil idilər və bu üzdən də heç kəsə məlum deyildilər.
Dostları ilə paylaş: |