Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, (çağırışa) cavab verəndir”.
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (əqidə) barəsində şübhə doğuran şəkk içindəyik”.
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız. Ey qövmüm! Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.