وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı. Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran və Ona üz tutan bir şəxs idi.
(Mələklər)(dedilər:) “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.
Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.
Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”
Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən”.
O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə yola düş. Qoy içinizdən, arvadından başqa heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”
Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.