Bəxtiyar Tuncay Yemidənqurma illərinin qeyri-formal birlikləri və «Çənlibel» təşkilatı



Yüklə 140,03 Kb.
tarix09.12.2018
ölçüsü140,03 Kb.
#85717

Bəxtiyar Tuncay

Yemidənqurma illərinin qeyri-formal birlikləri və «Çənlibel» təşkilatı


Keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda, eləcə də bir vaxtlar Varşava Blokuna daxil olan Şərqi Avropa ölkələırində çoxpartiyalı sistemin kökü, heç şübhəsiz ki, 1986-1988-ci illərdə kütləvi şəkildə yaranmaqda olan qeyri-formal təşkilatların formalaşması dövrünə qədər uzanır. Qərbdəki Qeyri-Hökumət Təşkilatlarının analoqu olan bu tip təşkilatların ilk dövrlərdə əsas funksiyası üzvlərin bir-biri ilə ünsiyyətinin təşkilindən ibarət idi ki, bu ünsiyyət zamanı siyasi-ictimai həyatın, demək olar ki, bütün sahələri, eləcə də iqtisadi inkişaf planları müzakirə edilirdi.

Sovet sosioloqlarının hesablamalarına görə, həmin dövrdə dövlət, hökumət, partya orqanlarından asılı olmayaraq, müstəqil şəkildə fəaliyyət göstərən siyasiləşmiş» qeyri – formal təşkilatlar ölkədə mövcud olan qeyri-formal təşkilatların ümumi sayının 10 faizdən bir qədər artıq hissəsini təşkil edirdi. Bununla belə, məhz onlar SSRİ-nin son illərindəki siyasi ab-havasına həlledici təsir göstərə bilmişdilər (8, s. 26).

Vurğun Əyyub. “Çənlibel» təşkilatının ilk sədri
Yuxarıdan yaradılmayan və hətta, bir qayda olaraq, rəsmən heç bir qeydiyyatdan keçməyən belə təşkilatların yaranmasının bir çox səbəbləri vardı. R. Pixoya və A. Sokolov, haqlı olaraq yazırlar ki, bu səbəblərdən biri M. Qorbaçov başda olmaqla, Sov. İKP-nin yeni rəhbərliyi tərəfindən ortaya atılan cəmiyyətin demokratikləşməsi və aşkarlıq siyasəti idi (7, s. 177). Bu siyasət ictimai həyatın liberallaşmasına, vətəndaşların özfəaliyyətinə və təbii aktivliyinə yönəlik bir çox siyasi və hüquqi məhdudiyyətlərin aradan qaldırılmasına səbəb olmuşdu.

O. Reşetnikovun fikrincə, qeyri-formal təşkilatların yaranmasının başqa bir səbəbi də yenidənqurmanın icrasındakı problem və ziddiyyətlər idi və bütün bunlar ictimai fikirdə belə bir qənaət formalaşdırırdı ki, islahatlara mane olan qüvvələr var. Bu qənaət yenidənqurmaya aşağıdan dəstək verməyin zəruriliyi fikrini möhkəmləndirir və bu da öz növbəsində kütlələrin təşkilatlanmasına gətirib çıxarırdı. «Qeyri-formal hərəkatın geclənməsinə yenidənqurmanın dərinləşməsi ilə ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsi də təsir edirdi» (8, s. 26).

Ənvət Yusifoğlu (Börüsoy). «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
«Qetri-formallar»ın ilk qrupu 1986-cı ilin yayında, «Həvəskar birliklər və maraqlar üzrə klublar barədə Əsasnamə» qəbul edildikdən dərhal sonra öz varlıqlarını büruzə verməyə başladılar. Rəsmi statistikaya görə, artıq 1990-cı ildə SSRİ-də onların sayı 619-a çatırdı ki, bunların da 230-dan bir qədər çox hissəsi ictimai-siyasi və vətəndaş təşəbbüsü tipli qeyri-formal təşkilatlar idi.

O. Reşetnikovun yazdığına görə, «Yenidənqurma»nın ilk illərində «qeyri-formallar» öz fəaliyyətlərini dövlətin siyasəti çərçivəsində sürdürür və ciddi müxalifət roluna iddia etmirdilər. Onların varlığının özü artıq sovet sisteminə qarşı bir çağırış idi. Aşağıların təşəbbüsü ilə yaranan özfəaliyyət təşkilatları qeyri-ixtiyari olaraq, «Yenidənqurma» siyasətini və demokratik sosializm ideyalarını dəstəkləmiş olurdular. Onların fəaliyyətində iştirak edən Sov İKP üzvü olan şəxslərin sayı kifayət qədər idi. Belə hesab edilir ki, sovet rejiminə qarşı müxalif olan «qeyri-formal hərəkat»a startı patiya və dövlət elitası içərisində islahatlara qarşı çıxan qrular vermişlər. Bu qrupların bir qismi islahatların ləng getdiyini önə sürür, liberallaşmanın sürətinin azlığından, şəxsi mülkiyyətə keçidin qarçısında duran əngəllərin aradan götürülməsi üçün heç bir iş görülməməsindən şikayət edir, digər qrup isə, əksinə, ortodoksal kommunzm mövqeyindən çıxış edərək, həyata keçirilən islahatları leninizm yolundan, başqa sözlə, kommunizm quruculuğundan sapmaq kimi dəyərləndirirdi. Nəticədə «qeyri-formal hərəkat» iki ideya istiqamətində inkişaf edirdi. Bunlardan biri siyasi rejimin yenilənməsini dəstəkləyən, şərti olaraq, Qərb ölkələrindəki liberal dəyərlərə söykənən modeli dəstəkləyən «radikallar»a və cəmiyyətin inkişafının sosialist modelini saxlanmaqla, cəmiyyətin demokratikləşməsinə tərəfdar olan «mülayimlər»ə bölünən istiqamət idi. Digər istiqaməti isə əski rejimin saxlanıkmasını, inzibati amirlik sisteminin möhkəmləndirilməsini tələb edən, stalinizmə qayıtmağın tərəfdarı olan konservativ müxalifətin izlədiyi istiqamət idi (8, s. 27).

Şübhəsiz ki, O. Reşetnikovun bu bölgüsü və şərhi həqiqəti tam doğru əks etdirir. Fəqət deyilənləri daha çox Rusiyada, Belorusda və Şərqi Ukraynada fəaliyyət göstərən təşkilatlara şamil etmək mümkündür. Çünki milli respublikalarda yaranan bənzər təşkilatlar hər şeydən əvvəl və daha çox milli məsələyə üstünlük verir və fəaliyyətlərini də bilavasitə bu istiqamətdə qururdular. Bu baxımdan Yenidənqurma illərində Azərbaycanda yaradılan «Çənlibel» adlı ilk qeyri-formal təşkilat deyilənlərə ən gözəl misaldır. Onun barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Hərçənd ki, millilik daha çox milli məktəblərdə təhsil almış vətəndaşların qurduğu təşkilatlara xas idi. Rus dilində təhsil almışlar üçünsə liberal dəyərlər, o cümlədən demokratiya, azad bazar münasibətləri və s. daha çox önəm daşıyırdı. Belələri içərisində vaxtilə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında yaxından iştirak etmiş və hətta onun təşəbbüskarı kimi çıxış etmiş Zərdüşt Əlizadə, Leyla Yunus, Hikmət Hacızadə və s.kimi şəxsləri misal göstərə bilərik. Bununla belə, ermənilərin torpaqlarımıza göz dikməsi ilə qızışmaqda olan və zamanla kəskin xarakter alan Ermənistan-Azərbaycan münaqişəsi hər kəsi bu və ya digər dərəcədə «milli» olmağa məcbur edirdi.

Fuad Ağayev. «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
O. Reşetnikov Rusiya ərazisində yaranan təşkilatları göz önündə tutaraq yazır ki, qeyri-formal təşkilatların yaranma qaynaqlarından biri kimi Sov İKP daxilindəki qarşıdurmalar və onun gələcək müstəqil siyasi təşkilatlar üçün fundament rolunda çıxış edəcək cərəyanlara ayrılması idi. Demokratik platformadan çıxış edən cərəyanın üzvləri «Demokratik yenidənqurma», «Yenidənqurma – 88», «Xalq fəaliyyəti», «Sosialist təşəbbüs» kimi təşkilatlar qurmuşdular. Bu təşkilatların üzvü olan kommunistlər 1988-ci ildin yazında klublararası partiya qrupu, bir il sonra isə Moskva Partiya Klubunu («Yenidənqurma tərəfdarı olan kommunistlər») qurdular. 1989-cu ilin sonlarından etibarən bənzər bütün Rusiya ərazisində, eləcə də Belorusiya və Ukraynada - Minskdə, Tomskda, Sverdlovskda, Xarkovda və s. qurulmağa başladı (8, s. 27).

Sov.İKP tərkibində ayrıca fraksiya kimi fəaliyyət göstərən Demokratik Platforma hakimiyyətin Kommunist Partyasının monopoliyasından alınaraq Sovetlərə verilməsi, Konstitusiyanın Sov.İKP-nin rəhbər rolunu qanuniləşdirən 6-cı maddəsinin ləğvi, ictimai təşkilatlar və siyasi partiyalar haqqında qanunun qəbul edilməsi, marksizmin ehkamçı şərhlərindən imtina, totalitar rejimin fəsadlarına görə Sov.İKP-nin məsuliyyət daşıdığının etiraf edilməsi, sosialist dövlət modelindən imtina edilməsi kimi tələblərlə çıxış edirdilər. Partiya daxilində onların opponenti rolunda ortoksal kommunustlər çıxış edirdilər. Kommunist Partiyasının «sosisl-demokratikləşməsi»nə şiddətlə qarşı çıxan bu qrup partya daxilində Marksist Platformanı təmsil edirdi və həmin siyasi cərəyan 1990-cı ilin aprelində əsaslı surətdə formalaşdı.

Marksist Platformanın qurucuları iqtisadi sahədə qeyri-dövlət mülkiyyətinin də olması fikri ilə razılaşsalar da, bunun məhdud çərçivə daxilində və sərt nəzarət altında olmasının zəruriliyini önə sürüdülər. Onlar da verginin mütərəqqi üsullarını dəstəkləyir, fəqət Demokratik Platformadan fərqli olaraq, Kommunist Partiyasının parçalanmasını istisna edirdilər (8, s. 27).

Ağası Hun. «Çənlibel»in qurucularından və İH üzvlərindən biri
Burada kiçik haşiyəyə açaraq qeyd etməliyik ki, bənzər qarşıdurma Azərbaycan Kommunist Partiyasının daxilində də yaşanırdı. Fəqət rus kommunistlərindən fərqli olaraq qarşı-qarşıya gələn azərbaycanlı kommunist qruplar arasındakı əsas fikir ayrılıqları ideoloji platformaların fərqliliyindən qaynaqlanmırdı. Yerliçilik prinsipləri əsasında qurulan və hakimiyyət uğrunda bir-biri ilə çəkişən bu regional qruplar daha çox klan xarakterli idi. Bunlardan Heydər Əliyevin qurduğu və müvəqqəti olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan klanı daha güclü idi. Sonradan bu klan Qərbi Azərbaycandan (Ermənistandan) qovulan vətəndaşlar tərəfindən dəstəkləndiyi üçün daha da gücləndi. Bundan başqa başında Əbdürrəhman Vəzirovun durduğu Qarabağ, Ayaz Mütəllibovun başçılıq etdiyi Şirvan, lideri Həsən Həsənov olan Gürcüstan klanlarını da xüsusi qeyd etmək lazımdır. Bunlardan hər birinin qeyri-formal təşkilatlarda, xüsusən də AXC-də öz adamları vardı. Bu baxımdan «Çənlibel», eləcə də onun təsiri ilə Azərbaycanın müxtəlif bölgələrində, ölkənin ali tədris müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Unuversitetində («Yurd» təşkilatı), Elmlər Akademiyasında («Gənc Alimlər Birliyi») və s. yerlərdə qurulan qeyri-formal təşkilatlar istisna idi və onların böyük əksəriyyəti təpədən dırnağa qədər milli idi.

Təsadüfi deyil ki, tanınmış publisist X. Bahadır «Çənlibel» təşkilatının əsas qurucularından və rəhbərlərindən biri, əslində birincisi olmuş Məhəmməd Hatəmi Tantəkinə həsr etdiyi «Onun regionu yox idi» adlı məqaləsində bu böyük şəxsiyyət haqqında yazır ki, onun Müstəqil Azərbaycan uğrunda savaşı ötən yüzilin 70-ci illərindən başlamışdı. «Bu savaşda onun ən yaxın arxadaşlarından biri, bəlkə də, birincisi Əbülfəz Elçibəy idi. Sonra onların yolları ayrıldı, özü də biryolluq…

Hatəmi necə başlamışdısa, eləcə də bitdi – bitirdi. Bu baxımdan Hatəminin savaşı o başdan bu başa Böyük, Bütöv Azərbaycan savaşı idi. O yalnız imperiyalarla deyil, eləcə də imperiya qulluqçuları – imperiya əlaltıları ilə savaş aparırdı. Özü də hər hansı kompromisdən bütünlüklə uzaq bir savaş: ölüm-dirim savaşı!» (1).



Ədalət Ziyadxanov. Vurğun Əyyubdan sonra bir müddət «Çənlibel»ə sədirlik edib
X. Bahadırın sözlərinə görə, «1988-ci (1987 – B. T.) ilin fevralında “Çənlibel”i yaradan Hatəmi bununla sonrakı böyük Özgürlük Axımının özülünü qoymuşdu. Azadlıq meydanına yol “Çənlibel”dən başlayırdı. “Çənlibel” yığıncaqları, “Çənlibel” çıxışları qaçılmaz olaraq Azadlıq meydanına aparırdı. Orada başlıca yaradıcı da, başlıca yetişdirici də Hatəmi özüydü. Bunu o çağlar çoxları bilməsə də, KQB bilir, bildiyinə uyğun da davranış sərgiləyirdi. Ancaq KQB-nin Hatəmi ilə bağlı bütün gizli-açıq çalışmaları boşuna gedirdi – Hatəmi nə qorxur, nə də…  bir çox başqaları kimi satılırdı! KQB qorxmaz, sınmaz, satılmaz, əyilməz-yenilməz bir lider-ideoloqla üzləşmişdi. Buna görə KQB-yə bir iş qalırdı: ortaya qondarma-agent liderlər çıxarmaqla, üstəlik, çeşidli uydurma-gözdənsalmalarla Hatəmini arxa plana keçirmək…

Xəlil Rza Ulutürk və Məhəmməd Hatəmi Tantəkin
Hatəmi Tantəkin kimi ərdəmli, böyük, dönməz ideya adamlarının bioqrafiyası bir xalqın tarixi deməkdir. İndilikdə bu, Azərbaycan tarixidir. Bu gün bizdə tarixi öz bildiyi sayaq yazan, redaktə edən bir rejim var. Bəlli bir çağda bu rejimin özünün tarixi yazılırkən, bu rejim özü doğru-düzgün dövlət redaktəsinə uğrayırkən ondan qalan gerçək, eləcə də parlaq tarix-bioqrafiya yerinə, yalanla, oğurluqla dolu qaranlıq keçmiş olacaq…

Hatəmi radikal idi – sonadək radikal. Hatəmi irrasional idi – sonadək irrasional. Keçmişdən yanaşmalarla onu radikalizminə görə də, irrasionallığına görə də qınamq, suçlamaq olar, ancaq bu gün içində olduğumuz, istər-istəməz içimizi göynədən ortam Hatəmi radikalizmini, Hatəmi irrasionallığını qınamağa, suçlamağa yer qoymur – ən azı susmaq, susuban olub-keçənlərin düşüncələrinə dalmaq gərəyi yaranır. Bu gündən baxanda Hatəmini düz saymamaq, Hatəmiyə üstünlük qazandırmamaq çox çətindir – adam çağa damğasını vurub gedib!


Başlanğıcda “Bizimlə çoxdan bir olmayan Hatəmi…” demişdim. Hatəmi ilə, demək olar, bizim hamımızın yolumuz ayrılmışdı. Biz özümüzü Hatəmidən, Hatəmi özünü bizdən ayırmışdı. Bizim birimiz az, birimiz çox olmaqla necəsə, nələrə görəsə kompromis yolu tutmuşduq. Sözsüz, bu yolda özəl istəklər-güdüklərlə kompromisə gedənlər də vardı, ellik-ortaq istəklər-güdüklərlə gedənlər də. Özəlçilər özləri üçün nələrsə qazandılar – onlardan danışmağa da dəyməz, ellik-ortaq düşüncə axarında kompromisə gedənlər indilikdə  uduzmuş durumdadırlar. Bu isə bütövlükdə Azərbaycanın uduzması deməkdir. Bizdə praqmatik düşüncənin idealist düşüncəni üstələməsi üzündən ortaya böyük uğursuzluq çıxdı. İdealist düşüncə adamı olaraq Hatəmini də uduzmuş saymaq olar, ancaq bu onun deyil, idealizm yolundan sapan çoxluğun suçudur; çoxluq idealizmi özgüdükçü praqmatizmə uduzdurdu!

Məhəmməd Hatəmi bir qrup mitinq iştirakçısı (B. Tuncay, R. Şenol, Y. Türkazər, E. İbrahim, Ə. Qaraca və s.) ilə birlikdə
Hatəmi sonadək millətçi, sonadək yurdsevər idi. Onun ideya dönməzliyi-yenilməzliyi də sonadək millətçi, sonadək yurdsevər olmağına bağlıydı. Onun sonadək radikalizmi, sonadək irrasionallığı da eləcə sonadək millətçi, sonadək yurdsevər olmağındandı. Barışmazlığı, kompromisdən uzaq olmağı da bu üzdəndi. Bizdə çoxları Hatəminin radikal dönməzliyinə ironiya ilə yanaşır, onu siyasətdən uzaq adam sayırdılar. Onların düşüncəsinə görə Hatəmi siyasət nə olduğunu bilməyən adamlardan idi. Sözsüz, belə deyil; Hatəminin özümlü siyasi görüşləri, dəyərləri, strategiyası, prinsipləri vardı. Gerçək ideya adamı olaraq o öz görüşlərindən, öz dəyərlərindən, öz prinsiplərindən azacıq da keçmirdi. Bax buna, yalnız buna görə çoxları onu siyasətdən uzaq adam sayırdı…

…Hatəmi özümlü ideya dönməzliyindən təklənmişdi. Ancaq bu, təklənmənin tək nədəni deyildi. Başqa bir nədən də vardı: Quzey Azərbaycanda geniş yayılmış regionçuluq. Güneydən gəlmiş Hatəmi burada “yersiz” olduğuna görə deyil, gerçək ideya adamı olduğuna görə böyük bir bütövlük daşıyıcısıydı. Bizim böyük birliklə başlayan Azərbaycan savaşımız kimlərinsə yaramazlığı üzündən geniş regionçuluqla sonuclandı: regional hakimiyət, daha çox regional xarakterli partiyalar – budur gəlib çıxdığımız yer» (1).



Burada haşiyəni bağlayaraq, əsas mövzunun üzərinə qayıdaq.

Qeyri-formal təşkilatların siyasiləşməsi əsasən 1987-ci ilin sonları – 1988-ci ilin əvvəllərində etibarən başladı. Onlar daha çox «yenidən qurmaya kömək» şüarı ilə meydana atılan xalq cəbhələri, demokratik forum və bloklar, zəhmətkeşlərin birləşmiş cəbhələri və s. təşkilatlar idi. Rusiyada qurulan belə təşkilatlardan ən diqqətçəkəni partiya tipinə yaxın tipində qurulan «Demokratik İttifaq» hesab edilə bilər. Bu tip təşkilatların fəaliyyət göstərdikyi Rusiya şəhərləri sırada Moskva, Leninqrad (Sankt-Peterburq), Qorkiy (Nijnıy Novqorod), Krasnodar, Sverdlovsak, Kazan, İrkutsk, Novosibirsk, Krasnoyarsk, Kuybışev (Samara) və Tomsk kimi şəhərlərin adını xüsusi çəkmək lazımdır (5, s. 777–781).

1989-cu ildə SSRİ xalq deputatlarının seçkisi «qeyri-formal hərəkat»ın əsaslı şəkildə siyasiləşməsində son nöqtə oldu. Artıq ölkədə Kommunist Partiyasına alternativ olan siyasi təşkilatlar meydana gəlmişdi (9, s. 234).

A.Veberin yazdığına görə, keçmiş sovet respublikalarında müxtəlif qeyri-formal təşkilatlar yaranırdı. Onların «Yenidənqurmaya dəstək» adı altında qurulduğunu diqqətə çatdıran A. Veber haqlı olaraq yazır ki, sonradan onların hamisi Milli İstiqlal şüarı ilə çıxış etməyə başladılar (6, s. 31). Bu baxımdan «Çənlibel» təşkilatı da istisna deyildi. Məhəmməd Hatəmi Tantəkin özünün «Acı həqiqətlər» kitabında bununla bağlı yazır: «İstəyirdim çağdaş koroğluların, dəlilərin çağdaş Çənlibelini yaradıb vətənin, xalqın Rusiya əsarətindən xilasına çalışaq. Bu niyyətimi dövlətdən, ətrafımdakılardan gizli tutacaq, onu ilk vaxtlar Qorbaçovun yenidənqurma, aşkarlıq, demokratiya kursunun donuna bükəcəyəm. Buna baxmayaraq, "yenidənqurmanın əleyhdarları" adlandırılmaqdan yaxamızı qurtara bilməyəcəyik» (2, s. 8-9).



Şübhəsiz ki, təşkilatın sənədlərində qeyd edilənlər gözdən pərdə asmaq üçün idi. Məqsəd tamam başqa idi.

"ÇƏNLİBEL ELMİ-ƏDƏBİ BİRLİYİ"NİN YENİ MƏRAMNAMƏ VƏ NİZAMNAMƏSİ



"Çənlibel", Mədəniyyət İşçiləri Evi (Azərnəşrin binası) nəzdində ictimai əsaslarla fəaliyyət göstərən könüllülər birliyidir. O, Sov.İKP MK-nın, sovet dövlətinin yenidənqurma, aşkarlıq, demokratiya siyasi kursunun ortaya çıxması ilə əlaqədar olaraq yaradılmışdır.

Xalqımızın tarixiin, mədəniyyətinin, fəlsəfəsinin, etnoqrafiyasının, folklorunun, ədəbiyyatının, incəsənətinin, arxitekturasının, musiqisinin, teatrının və s. araşdı-rılması, öyrənilməsi sahəsində uzun illərdən bəri ciddi sapıntılara yol verilmişdir. Odur ki, "Çənlibel" birliyi partiyanın, dövlətin yeni siyasəti işığında öz qüvvələrinin və alimlərin qüvvəsilə yuxarıda sadalanan sahələrdə bu sapıntıları ortadan qaldırmağı, tariximizi, mədəniyyətimizi Marksizm-Leninizm milli siyasətinə yaraşar obyektiv bir şəkildə araşdırmağı və onu yeni nəslə, xalqa çatdırmağı qarşısına məqsəd qoymuşdur. Müasir şair, yazıçı və başqa sənətkarlarla görüşlər təşkil etmək, onların və alimlərin çapdan çıxmış əsərlərini topluluğun iştirakı ilə tərəfsiz şəkildə müzakirə etmək, bu əsərlərin xalq üçün nə dərəcədə faydalı, ya zərərli olduğunu üzə çıxartmaq birliyin qarşısında duran vəzifələrdəndir. Bir-lik həmçinin müxtəlif elm və sənət sahələrini, ictimai həyatımızı ehtiva edən tematik müzakirələr açmağa, mənəvi sərvətlərimizi xalq içərisindən toplayıb kitablar halın-da çap etməyə, tarixi abidələrimizin qayğısını çəkməyə çaba göstərəcəkdir. Birliyin bu və buna bənzər tədbirləri həm yeni nəslin, xalqın öz tarixi keçmişi, mədəniyyəti haqqında aydın, dolğun təsəvvür əldə etməsinə, həm mə-nəvi sərvətlərimizin qorunmasına, həm də humanitar elmlərimizin, ədəbiyyatımızın, çeşidli sənət sahələrimi-zin yenidənqurma sosializm şəraitində xəlqiləşməsinə və yeni inkişafına səbəb olacaqdır.

"Çənlibel" elmi-ədəbi könüllülər birliyinin nizam-naməsi aşağıdakı maddələrdən ibarətdir:

1. Birliyin məramnamə və nizamnaməsini qəbul edən, onun fəaliyyətinə kömək etməyə hazır olan hər bir şəxs bu birliyə üzv ola bilər.

2. Birliyə üzv olan şəxs ayda bir manat üzvlük haqqı verməli, imkanı olarsa, birliyə maddi yardım göstərməli, birliyin aylıq və illik yığıncaqlarında iştirak etməlidir.

3. Birliyin məramnamə və nizamnaməsini pozan-lar, onun yığıncaqlarında iştirak etməyənlər birlikdən çı-xarılırlar.

4. Birliyin əsas orqanı ildə bir dəfədən az olmayaraq təşkil edilən birliyin ümumi yığıncağıdır. İcraçı qrup olan birliyin 9 (doqquz) nəfərdən ibarət bürosu ümumi yığıncaq tərəfindən açıq səsvermə yolu ilə seçilir. Büro üzvünün bürodan çıxarılması ümumi yığıncaq tərəfindən həll edilməlidir.

5. Büro birliyin illik fəaliyyət planını tutur, onu ümumi yığıncağın təsdiqinə verir. Yalnız bundan sonra illik fəaliyyət planı icraya qoyula bilər. Büro öz fəaliyyəti üçün ümumi yığıncaq qarşısında sorumludur. İldə bir dəfə öz fəaliyyəti haqqında ümumi yığıncağa hesabat verir və ondan göstərişlər alır.

6. Büro üzvləri öz aralarında:

a)   bir il müddətinə birliyin sədrini  və

b) eyni müddətə birliyin iki nəfərdən ibarət sözçüsünü təyin edir. Sözçülər dövlət idarələrində, radio-televiziya və başqa kütləvi mətbuat orqanlarında birliyin səlahiyyətli nümayəndəsidirlər.

7. Birliyin məramnamə və nizamnaməsi birliyin ümumi yığıncağında təsdiq edildikdən sonra qüvvəyə minir və iki nüsxədə çap edilərək Mədəniyyət İşçiləri Evinin müdirinə təqdim olunur.
O. Reşetnikov haqlı olaraq yazır ki, 1986-1987-ci illərdə qeyri-formal birliklər SSRİ-də azadlıq hərəkatının lokomotivinə çevrilmişdilər (8, s. 27). Bu sözləri tam mənasıyla «Çənlibel» təşkilatına da aid etmək olar. «Çənlibel»in ölkədə baş qaldıran Milli Hərəkatın lokomotivinə çevrilməsində M. H. Tantəkinin müstəsna xidməti olmuşdur. O bu prosesin necə baş verdiyini «Acı həqiqətlər»də belə təsvir edir:

«Dövlət Çənlibelin şişərək böyüməsindən rahatsız olmaya bilməzdi. Çənlibelçilər hər yerdə "şovinist", "antisovet", "yenidənqurmanın əleyhdarları", sonralar "ekstremist" adlandırılmağa başlandılar. Gənclərin Çənlibelə gəlməsini və çənlibelçilərin yerlərdə kütlələrlə görüşlər keçirtməsini önləmək üçün,  Akademiya sisteminə, partiya, icraiyyə orqanlarına gizli göstərişlər verildi. Məşğələləri pozmaqdan ötrü yığıncaq günü Azərnəşrin qapısına qıfıl vurulur, zalın işıqları birdən söndürülür, məruzəçi Bakıdan uzaqlaşdırılırdı və s. Bunları qabaqcadan duyaraq, mən də əks tədbirlər hazırlayır, məşğələlərin pozulmasının qarşısını alırdım. Misal olaraq göstərim ki, zalın işıqları qəflətən söndürülən zaman, cavanlara qabaqcadan aldırıb qoydurduğum şamlar çıxarılaraq yandırılırdı. Yaxud məruzəçi aradan çıxarılanda, yerinə ehtiyatda saxladığımız başqa məruzə qoyurduq. Obrazlı desək, dövlətlə Çənlibel bu məsələdə sehrli şəkildə çeşidli cildlərə girərək bir-birinə qarşı mübarizə aparan nağıllardakı şər dərvişlə ağıllı şagirdinə bənzəyirdilər. Şagirdinə yenilən dərviş kimi, çənlibelçilərə hər dəfə udu-zan dövlət, məşğələlərdə qarşımıza özünün dəstə-dəstə provokator, təxribatçı ziyalı əlaltılarını yeritməyə başladı. Biz məntiqi güclü, haqdan gələn səs, sel idik deyin, onları çör-çöp kimi qabağımızdan silib-süpürüb kənara tullayırdıq…

Çənlibel Azərbaycanı o qədər güclü etkiləmişdi ki, Bakıda, rayon bölgələrində, Naxçıvan Muxtar Respublikasında saysız-hesabsız birliklər, cəmiyyətlər, dərnəklər yaranıb xalqçı, milliyətçi istiqamət aldılar.Aldadıcı yenidənqurma, aşkarlıq, demokratiya si-yasətinin astarı üzə çıxmasın deyə, dövlət, başda Çənlibel olmaqla, nə onları susdura, nə qabağında dura bilirdi. Çarə yalnız və yalnız onları ideoloji yöndən tərksilah edib zərərsizləşdirməyə qalmışdı. Dövlətin icazəli bəzi ədəbi "qəhrəmanları", ardınca dövlət adamları özləri həmişə göründükləri radio-televiziyada, dövrü mətbuatda peyda olub, çənlibelçilərin rolunda çıxış etməyə başladılar. Çənlibelin balaca bir zalında bizim qaldırdığımız problemləri onlar radio-televiziya, kütləvi mətbuat vasi-təsilə bütün Azərbaycan miqyasında qaldıraraq, xalqın həqiqi sevimlisinə, qəhrəmanına çevrilirdilər. Bununla da yaxın və uzaq mənzildə xalqın azadlıq mücadiləsini önləmək, boğmaq üçün milli fəaliyyətin öndərliyini əli-mizdən alıb başına keçirdilər. Bəs necə oldu ki, bu adamlar, ümumiyyətlə Azərbaycan ziyalısı 1988-ci ilin meydan mitinqlərində xalq tərəfindən tribunada fitləndilər? Bu, bambaşqa bir məsələdir, bu haqda irəlidə danışı-lacaqdır, hələlik qayıdaq Çənlibel Təşkilatının fəaliyyəti üzərinə.

Dövlətin Çənlibeli ideoloji yöndən tərksilaha girişməsi ilə biz sıradan çıxmadıq, amma çox zəiflədik. Qanımızın arasına Dağlıq Qarabağ olayı girdi. Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi milis polkovniki Fətulla Hüseynov öz kabinetində bir dəfə bu haqda mənə dedi: "Sizə Dağlıq Qarabağ məsələsi kömək etdi". Dağlıq Qarabağ olayı Çənlibeli düşdüyü ağır durumdan xilas etməklə yanaşı, onun açıq siyasi təşkilata çevrilməsinə nədən oldu. "Sən dövləti aldadıb ədəbi bir cəmiyyəti siyasi təşkilata çevirmisən". Moskvada Lefortov həbsxanasında mənə deyilən bu sözlər DTK əməkdaşı polkovnik Qubinskinindir. Mən icraçı idim, olduğda bu işi həyat özü ortaya çıxarmışdı.

Məhəmməd Hatəmi Tantəkin. Azərbaycan Milli Azadlıq Hərəksyının bsnilərindən və əfsanəvi isimlərindən biri
Ermənistanda SSRİ-dən ayrılmaq fikri ortaya çıxmışdı. İdeya qonşu Azərbaycan, Gürcüstan respublikalarına adlaya bilər və sonucda imperiyanın Qafqazda dağılmasına gətirib çıxarardı. Bunun qarşısını almaq məqsədi ilə Moskva iki qonşu xalq arasına Dağlıq Qarabağ münaqişəsini soxdu. Azərbaycan və Gürcüstanla əl-ələ verib rus istilasından xilas olmaq əvəzinə, Ermənistan ərazi iştahası ilə bu münaqişəyə boyun əydi.

Münaqişə A. Aqanbekyanın Parisdəki aşağıdakı mətbuat müsahibəsi ilə başladı: "Mən istərdim ki, (res-publikanın şimal-şərqində yerləşən) Qarabağ Ermənista-nın olsun. Mən iqtisadçı kimi belə hesab edirəm ki, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidva-ram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır" (3). Dağlıq Qarabağ erməniləri elə bil bu müsahibəni gözləyirmişlər, məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir.

Sovet dövründə Azərbaycanın itirilmiş torpaqlarının hamısı xəyanətkar dövlət başçılarımızın əli ilə ona-buna dağıdılmışdır. Onların indi də vətənimizin bu gözəl parçasını ermənilərə verməyəcəklərinə xalq içərisində inam yox idi. Dağlıq Qarabağ məsələsinə aşağı dairələrdən əvvəlcə Azərbaycan Dövlət Universitetinin müəllim-tələbə kollektivi arasında, ardınca Çənlibel Təşkilatında reaksiya verilməsi və 19 fevral 1988-ci il tarixində isə İnşaat Mühəndisləri İnstitutu ilə Politexnik İnstitutu-nun 250-300-ə qədər tələbəsinin Bakıda ilk etiraz nümayişinə çıxmaları bu inamsızlığın ürünü idi. Xatirimdədir, hamı bu nümayişə xalqın dirçəlişi kimi baxır, özəl bir sevinclə bir-birini təbrik edirdilər. Bu tarix Azərbaycanda dirçəliş günüdür, noyabr-dekabr meydan mitinqi yox.

Nümayişçilər Kommunist küçəsindən, Gənclər Meydanından, Neftçilər prospektindən keçərək, Azadlıq meydanına daxil olanda, buraya qoşulan xalqın hesabına sayları 5 mini ötmüşdü. Meydanın bir tərəfində durub mitinqə tamaşa edirdim. Natiqlər biri-birinin ardınca Dağlıq Qarabağla, erməni fitnəkarlığı ilə ilgili qızğın çıxışlar edir, mitinq tərəfindən eyni qızğınlıqla alqışlanırdılar. Burda və Azərbaycan KP MK-nın qabağında vətənsevərcəsinə ən gözəl çıxışı tarix elmləri namizədi Mənsur Əlisoy etdi. Mitinqdən sonra Çənlibel (Nu poqodi) çayxanasında ona dedim: "Bu gün Azərbaycan xalqına atalıq etdin". Cavabında o: "həyatımda cəmi üç saat yaşamışam, o da bu gündür" dedi.

Birdən mitinqə xəbər yayıldı ki, Anar gəlib. Anar "Vətən" cəmiyyətinin sədri yazıçı Elçin Əfəndiyevlə birlikdə mitinqə gəlmişdi. Danışmaq üçün ona söz veriləndə bütün mitinq çılğınlıqla səslənirdi: "Anar! Anar! Anar!" Anarın danışmağa başlamasından yeddi-səkkiz dəqiqə keçməmişdi ki, mitinq iştirakçıları onu, iti məsciddən qovan kimi, tribunadan qovdular. Eyni duruma Elçin düşdü. Səbəb o idi ki, onlar xalqla həmrəyliyə gəlməmişdilər, göndərilmişdilər ki, mitinqi dağıtsınlar. Buna nail olmadıqda, Anar başladı sızıldamağa: "Xalq öz yazıçısına qulaq asmalıdır". Onun bu sözünə haqq qazandırıram. Ancaq amması var. Azərbaycan sovet yazıçısı, şairi 70 illik bolşevik-kommunist rejimi dövründə nəinki xalqı ilə heç vaxt bir yerdə olmamış, əksinə xalqını kölə kimi işlətməkdə, onun mənəviyyatında təxribatçılıq işi aparmaqda müstəmləkəçi düşmən dövlətə sadiq yardımçı olmuşdur. Yaradıcılığı formaca milli, məzmunca sosialist, partiyalı, internasionalist prinsipə tabe tutulub millilikdən, xəlqilikdən uzaq olan Anar bu şair-yazıçılardan heç nəyi ilə fərqlənmir. Bu, bir yana dursun. Bir yazıçı ki, dövləti dağıdılmış, yurdu istila olunmuş, torpaqları ona-buna pay-püş edilmiş, özü köləyə döndərilmiş məzlum, yazıq, hüquqsuz xalqının 70 ildə bir kərə güclə ayağa qalxıb vətəni müdafiə etməsinə mane ola, ona nə ad verəsən?! Yox, mən xalqın Anarı təhqir etməsinə haqq qazandırıram. Yeri düşmüşkən qeyd edim ki, M.Ə.Rəsulzadənin "Qara gün münasibətilə" məqaləsində (4) adlarını vaxtilə ikrahla yad etdi-yi adda-budda Anarlar, münbit şərait səbəbilə, bu gün sürülərə dönmüşdür. Bunlar sapı özümüzdən olan baltalar, xalqı içindən yeyən mirgənələrdir.

Nümayişçilər mitinqi Mərkəzi Komitənin qabağında davam etdirmək istəyilə, gəldikləri Neftçilər prospekti ilə ora yönəldilər, mən də aralarında. Biz MK-nın qabağına çatanda gördük ki, Anarla Elçin özlərini çoxdan buraya yetirmişlər. Mirzə İbrahimovla Süleyman Rüstəm də yanlarında idilər. Onlar dördü birlikdə çox çabaladılar, dəridən-qabıqdan çıxdılar, mitinqi dağıda bilmədilər. Məlum oldu ki, imperiya təbliğat maşınının uzun illər boyu xüsusi ədəbi istedad, xüsusi vətənsevər kimi reklamlaşdırdığı bu xalq "sevimlilərinin" xalq yanında dəyərləri yoxmuş.

         Mitinqi dağıtmağa dövlət adamları özləri girişdilər, yenə bir şey çıxmadı.

Natiqlər biri-birinin ardınca əvvəlki ehtirasla çıxış edirdilər. Kirimişcə dayanıb onlara qulaq asır, daxili bir sevinclə mitinqi seyr edirdim. Tribunada dayandığım yer həm mitinqçilər, həm dövlət adamları tərəfdən yaxşı görünürdü. Bilmirəm necə oldusa, dövlət adamlarının altdan-altdan mənə baxdıqlarını sezdim (onlar Çənlibelə görə məni pis tanımırdılar). Nə üçün mənə baxdıqlarından əvvəl-əvvəl bir şey anlayamadım. Sonra hiss etdim ki, nümayişin təşkilində barmağım olduğundan şübhələniblər. Mitinqdə mənimlə ilgili baş verəcək bəzi şeylər onlarda buna şübhə qoymayacaqdır.

Heç gözləmədiyim bir şəkildə Ağası Hunun başçılığı ilə mitinqin içərisində bir dəstə çənlibelçi, ardınca bütün mitinq qəflətən gurlamağa başlamadımı: "Hatəmi! Hatəmi! Hatəmi danışsın!" Düzü özümü itirdim. Nə edəcəyimi bilmədim. Gördüm ki, dövlət adamları mənalı-mənalı məni süzürlər. Özümə aldırmadım. Mitinq danışmağımı tələb-təkid edib dururdu. Yolu yox idi, gərək danışaydım. Meqafon Azərbaycan KP MK-nın katibəsi Svetlana Qasımovanın əlindəydi. Əlimi atdım ki, meqafonu ondan alaraq danışım, geri çəkilib vermədi. Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Əfrant Daşdəmirov və bir neçə başqası S. Qasımova ilə arama girərək, meqafonu məndən lap uzaqlaşdırdılar. Açıq-saçıq bir həyasızlıqla danışmaqdan məhrum edilmişdim. Xalqı intizarda qoymayıb, hərəkətimlə də olsa ona bir söz deməliydim. Mitinqə sarı çevrilərək, əsəbiliklə düyümlənmiş yumruğumu havada yelləməyə başladım. Eyni hərəkətlə mənə cavab verən xalq, onu birliyə, mübarizəyə səslədiyimi göydə almışdı. Meydanlarda yumruq tutulmasının tarixçəsi belə başlamışdır. Sonralar AXC-nin Sirus Təbrizli kimi tipləri onu "qələbə" anlamındakı "viktoriya" sözünün baş hərfini ifadə edən açıq ikibarmaq hərəkətilə əvəz etməyə çalışdılar. Fəqət başaramadılar.

Mitinq onun təşkilatçılarının iradəsi altından çıxıb, mənim şəxsimdə çənlibelçilərin iradəsi, hökmü altına girmişdi. Bunun sonucu idi ki, əlimə aldığım panamamın bir hərəkəti ilə heç kimin dağıda bilmədiyi mitinqi Kommunist küçəsinə yönəldib sona çatdırdım, axşam saat beşə yaxın.



Belə fikirləşirəm ki, Çənlibel bu tarixdən etibarən açıq siyasi təşkilata çevrilmişdir» (2, s. 12-16).
Qaynaqça


  1. Bahadır X. Onun regionu yox idi. “Türkel” Araşdırma Qrupu, 17 iyun 2016 (http://www.turkel-aq.org/2016/06/17/xaliq-bahadir-onun-regionu-yox-idi/).

  2. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  3. "Humanite" qəzeti, 18 noyabr 1987.

  4. "Qurtuluş" qəzeti,1936, №18.

  5. Барсенков А.С., Вдовин А.И., Воронкова С.В. История России XX – начала XXI века / под ред. Л.В. Милова. – М. : Эксмо, 2007.

  6. Вебeр А. В. Подготовка и провал августовского путча // Два путча и распад СССР. М., 2011, s. 29-60.

  7. Пихоя Р.Г., Соколов А.К. История современной России: кризис коммунистической власти в СССР и рождение новой России. Конец 1970-х – 1991 гг. – М.: РОССПЭН, Фонд Первого Президента России Б.Н. Ельцина, 2008.

  8. Решетников О. М. Неформальные объеденения в СССР в годы перестройки. «Власть», 2009, 11, c. 26-28.

  9. Шубин А.В. Преданная демократия. СССР и неформалы (1986–1989). – М. : Европа, 2006.

Yüklə 140,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin