BəxtiyarTuncay Türk mədəniyyət tarixində Trialeti (Borçalı) mədəniyyətinin yeri və rolu



Yüklə 70,85 Kb.
tarix09.11.2017
ölçüsü70,85 Kb.
#31225

BəxtiyarTuncay

Türk mədəniyyət tarixində Trialeti (Borçalı) mədəniyyətinin yeri və rolu



http://www.pravenc.ru/data/226/475/1234/i200.jpg

Türklərin orta tunc dövründə, daha dəqiq desək, e.ə. II minillikdə Cənubi Qafqazda qurduqları ən önəmli mədəniyyətlərdən biri də Trialeti (Borçalı) mədəniyyətidir. Bu mədəniyyətin izlərinə ilk dəfə XX əsrin 30-cu illərində Tsalki yaylasında rast gəlinmiş və onu kəşf edən B. Kuftin bu mədəniyyəti «Böyük Trialeti kurqanlarının parlaq mədəniyyəti» deyə vəsf etmişdir. Sözügedən mədəniyyət hazırda Cənubi Qafqazın mərkəzi, şərqi və cənubunu, eləcə də Araz çayının sağ sahilinin müəyyən hissələrini əhatə edir (Кушнарева, 1993, с. 100-101).

Adını Gürcüstanın eyni adlı bölgəsinin adından alan, ən parlaq abidələri məhz bu bölgədə aşkar edilən bu mədəniyyətə xas kurqanların əksəriyyətini «sadə inventarlı toplu qəbirlər təşkil edir. Burada ölülər gil meydançaların üzərində dəfn edilib, üzərində ağır daşlardan kurqanlar ucaldılmışdır. Kurqanların bəzilərində 8 m dərinliyi və sahəsi 8 x14 m olan qəbir kameraları vardır. Kameranın döşəməsi qamışla döşənib, divarlarına daş pilitələr quraşdırılmışdı. Kameraya aparan yolda xüsusi dəhlizlər inşa edilirdi ki, bu dəhlizlə meyidi daşıyan araba və onunla birlikdə dəfndə istifadə olunacaq əşyalar aparılırdı. Dəfn mərasimləri təntənəli surətdə qeyd olunurdu. Kurqanların birindən tamamilə ağacdan hazırlanmış dörd təkərli araba aşkar olunmuşdu. Dövrünə görə kameraya ölü ilə bərabər öldürülmüş heyvanlar (öküz, donuz), metal əşyalar, tunc silah, mis qazan, gümüş və qızıl bəzək əşyaları da qoyurdular. Həmçinin abidədən əldə olunan qiymətli daşlarla bəzədilmiş fiqurlu kubok tipli qablar da maraqlıdır. Kuboklar bütöv gümüş parçasından yonulmuş və üzərində iki haşiyə ilə bəzədilmiş müxtəlif təsvirlər həkk olunmuşdur. Birinci üst haşiyə zolağında əllərində fincan tutmuş, uzun əba geyinmiş (xiton) və iki canavar quyruqlu məxluqun birbirinin ardınca getməsi ayini təsvir olunmuşdur. Ayin icraçıları ağaca doğru yönəlmişlər. Ağacın altında qurbangah qarşısında qurulmuş taxtda eyni görünüşlü antrozoomorf məxluq əyləşmişlər. Təsvirin aşağı haşiyə zolağında bir-birini təkrarlayan iki ceyran təsviri də vardır. Bu mədəniyyətə aid gümüş düymələrin qızılı başlıqları, iri qızıl muncuqlar, boyunbağılar, heyvanların qızıldan tökmə fiqurları nəfis tərtibata malikdirlər. Kurqanda ehtimal ki, varlı şəxs dəfn olunmuşdur. Ümumilikdə, bu mədəniyyət tuncdan hazırlanmış əyri uclu xəncərlər, üçkünc başlıqlı nizələrlə səciyyələnir. Dövrə aid silahların hazırlanması zərgər dəqiqliyi ilə yerinə yetirilmişdir. Gil qablar arasında qara rəngli boya ilə işlənmiş parlaq ornamentə malik boyalı küplər qırmızımtıl rəngi ilə seçilir.
http://img-fotki.yandex.ru/get/9650/32225563.ce/0_c579b_890eec09_orig
Trialeti mədəniyyətinə aid qızıl qab
Onların üzərini bəzəyən qara naxışlar, aşağıya yönəlmiş üçbucaqlarla ziq-zaq formasında həkk olunmuşdur. Küplərin üzərində, həmçinin quş təsvirləri, spiralvari xətlər və naxış ünsürlərinə də təsadüf olunur (Avşarova İ. N., Pirquliyeva Q .Ə., 2010, s. 73-74).

Trialeti Kiçik Qafqazın şimal-şərq tərəfində, dəniz səviyyəsindən 1500-1900 m yüksəklikdə yerləşir. Bu bölgə üçün rəngarəng relyef, o cümlədən hündür dağ hövzə və silsilələri, vulkanik konuslar, vadilər, dərələr və s. xarakterikdir.

Hazırda Trialeti kurqanlarının bir qismi Tslki su anbarının altında qalıb. Onları vaxtı ilə tədqiq etmiş B. Kuftin həmin abidələri orta tunc dövrünə aid etmiş və e.ə. II minilliyin abidələri kimi dəyərləndirmişdir (Куфтин, 1941, стр. 99). Amma bu tarixləndirmə günümüzədək mübahisələr mövzusu olaraq qalır. Onun tərəfdarları olduğu kimi, əleyhdarları da az deyil. Əleyydarları içərisində kurqanları e.ə. III minilliyin ikinci yarısına aid edənlər olduğu kimi (Кавтарадзе, 1983, с. 116-136; Кавтарадзе, 1987, с. 16; Кушнарева, Рысин, 2001, с. 109), II minilliyin sonlarına aid edənlər də var.

2000-ci illərin əvvəllərində Tsalki su anbarının su səviyyəsinin aşağı düşməsi nəticəsində vaxtilə qazıntıları B. Kuftin tərəfindən aparılmış 1, 2, 4-9 və 15-17 №-li kurqanlar, eləcə də qazılmamış 47 №-li kurqan yenidən gün işığına çıxmış və bu da arxeoloqlara həmin kurqanlarda yenidən tədqiqat işləri aparmağa imkan vermişdir. Tədqiqatların nəticələri də çox ürəkaçan olmuşdur (Нариманишвили, 2002; Narimanishvili, 2004).



https://upload.wikimedia.org/wikipedia/commons/b/b2/trialeti_gold,_agate_and_cornelian_necklace.jpg
Trialeti mədəniyyətinə aid qızıl boyunbağı
İlk dəfə tədqiqata cəlb edilən 47 №-li kurqan Böyük Təpə I kurqanından 500 m qərbdə yerləşirdi. Daş örtüyünə sahib kurqana şərq tərəfdən araba yolu birləşirdi. Yolu su yuduğundan çox bərbad vəziyyətdə idi. Yolun hər iki tərəfi bazalt daşlarla möhkəmləndirilmişdi. Kurqanın örtüyünün hündürlüyü 1.2-1.5 m-ə, diametri isə 60 m-ə çatırdı. Kurqanın tam yanında dördbucaqlı bir tikilinin izləri, eləcə də müxtəlif dövrlərə aid daş qutu qəbirləri aydın seçilirdi.

Tədqiqatlar nəticəsində məlum oldu ki, digər kurqanlara da birləşən araba yolları nisbətən salamat qalmışdır. Onlar haqqında arxeoloji ədəbiyyatda xeyli məlumata rast gəlmək olar (Куфтин, 1941; Куфтин, 1948; Жоржикашвили, Гогадзе, 1974).

Bu məlumatlardan belə aydın olur ki, 3 №-li kurqan oval formalı (18-24 m) olub. Onun da örtüyü daşdan idi və şər tərəfdən ona uzunluğu 7 m, eni isə 5 m olan dəhliz birləşirdi. Sonradan onun 41 m uzunluğunda araba yolu olduğu məlum oldu (Жоржикашвили, Гогадзе, 1974, стр. 15, таб. 9-3).

6 №-li kurqanın hündürlüyü 1, 5 m çatırdı. Düzgün dairəvi formada idi və 55 m diametrində idi (Жоржикашвили, Гогадзе, 1974, стр. 16-17, таб. 9-7). Ona da uzunluğu 160 m, eni isə 6 m olan araba yolu birləşirdi.

Hündürlüyü 1,5 m, diametri isə 40 m olan 8 №-li kurqanın da forması düzgün dairə şəklində idi (Куфтин 1941, таб. LXV; Жоржикашвили, Гогадзе, 1974, стр. 18-19, таб. 7-1). Ona bitişən yolun uzunluğu 210 m, eni isə 5 m olub.
http://i.ytimg.com/vi/eravyf7iho4/hqdefault.jpg
Ölünün kurqanda araba ilə birlikdə dəfn edilməsi mərasimi
15 №-li kurqanın özünəməxsus forması vardı. Onun örtüyü küncləri oval şəklində olan dübucaqlı formaya sahib idi (Куфтин, 1941, стр. 80; Жоржикашвили, Гогадзе, 1974, стр. 20). Qazıntılardan sonra o, dairəvi şəkil almışdır.

Kurqanın mərkəzi meydançası şərq tərəfdən yüngülcə maili idi və görünür bu, dromosoun çökməsinin nəticəsində baş vermişdir. Digər tərəflər isə bir qədər hündür idi. Çuxur üstündəki örtüyün hündürlüyü 1.5-2 m-ə çatırdı (Куфтин, 1941, стр. 81-83, таб. LXIVLXVI, LXXII; Жоржикашвили, Гогадзе, 1974, стр. 20, таб. 7-3,4). Hazırda kurqanın şərq tərəfi mütənasib şəkildə maililik nümayiş etdirir ki, bu səbəbdən də yolla kurqan arasındakı əlaqəni izləmək mümkün deyil. Bununla belə, 245 m uzunluğunda, 5 m enində olan yolun şərq tərfdən kurqana doğru, daha doğrusu onun dromosuna tərəf uzandığını görməmək mümkün deyil. Suyun təxribedici təsiri özünü əməlli-başlı göstərib. Hazırda kurqanın hündürlüyü 1.5 m-dir (Куфтин, 1941, стр. 79, 83, таб. LX, LXVII, LXVIII).

17 №-li kurqanın girdə formalı örtüyünün hündürlüyü 1,5 m idi.Ona şərq tərəfdən uzunluğu 116 m, eni isə 4.5 m olan araba yolu birləşirdi (Нариманащвили Г., 2006, c. 97-98).

Əslində Trialeti mədəniyyətinə Kür-Araz mədəniyyətinin son fazası kimi də baxmaq olardı. Lakin arxeoloji ədəbiyyatda Kür-Araz mədəniyyətinə sadəcə ilk tunc dövrünü aid eirlər və belə olduğu üçün də, Trialeti mədəniyyəti, eləcə də onunla sıx əlaqədə olan Axalkələk, Ördəkli (Lçaşen), Təzəkənd və s. kurqanlar, təbii ki, Kür-Araz mədəniyyətindən sonrakı dövr abidələri kimi gözdən keçirilir.



  1. Avşarova İ. N., Pirquliyeva Q .Ə. Qafqaz arxeologiyası. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 248 s.

  2. Жоржиашвили Л. Г., Гогадзе Э. М. Памятники Триалети эпохи ранней и средней бронзы. Тбилиси, 1974.

  3. Кавтарадзе Г. Л. К хронологии эпохи энеолита и бронзы Грузии. Издательство «Мецниереба», Тбилиси, 1983.

  4. Кавтарадзе Г. Л. Некоторые вопросы хронологии Грузии эпохи энеолита-ранней бронзы // Кавказ в системе палеометаллургических культур Евразии. Тбилиси, 1987.

  5. Куфтин Б. А. Археологические раскопки в Триалети. Тбилиси, 1941.

  6. Кушнарева К. Х. Южный Кавказ в IX–II тыс. до н. э. СПб.1993.

  7. Кушнарева К. Х., Рысин М. Б. Новые данные к проблеме датировки памятников «цветушей поры» Триалетской культуры. Дзебиани, дополнения, VI, Тбилиси, 2001.

  8. Нариманащвили Г. Новые археологические открытия в Триалети. ИФЖ, Ереван, 2002, № 3 (161), с. 197-205.

  9. Нариманащвили Г., Амирашвили Дж. К исторической топографии поселений Квемо-Картли // Международная научная конференция «Археология, этнология, фольклористика Кавказа». Сб. кратких содержаний докладов. Тбилиси, 2004, с. 107-108.

  10. Нариманащвили Г. Новые открытия в Триалетской культуре. Тбилиси 2006. 212 с.




Yüklə 70,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin