Bir-birinin ardınca gələn, yəni ardıcıl daşıyıcıların yerinə yetirdikləri beynəlxalq daşıma, bir qayda olaraq, hava nəqliyyatında, habelə avtomobil nəqliyyatında tətbiq edilir. Dəniz nəqliyyatına gəldikdə isə qeyd edə bilərik ki, beynəlxalq daşımanın göstərilən növünü birbaşa konosamentlə rəsmiləşdirilən yükdaşıma təşkil edir.
Ardıcıl daşıyıcıların yerinə yetirdikləri beynəlxalq daşıma ilə birbaşa beynəlxalq daşıma arasında həm oxşar, həm də fərqli cəhətlər vardır. Onlar üçün ümumi və oxşar cəhət ondan ibarətdir ki, hər iki daşıma növü bir neçə daşıyıcı tərəfindən həyata keçirilir və daşıyıcılar üçün vahid məsuliyyət şərtləri müəyynləş-dirilir. Birbaşa beynəlxalq daşıma zamanı, qeyd etdiyimiz kimi, bir daşıma müqaviləsi bağlanılır. Ardıcıl daşıyıcıların yerinə yetirdikləri beynəlxalq daşıma isə bundan fərqli olaraq, bir neçə müqavilə əsasında həyata keçirilir. Bu, həmin növ daşımaları bir-birindən fərqləndirməyə imkan verən əsas cəhətdir.
Ardıcıl daşıyıcıların yerinə yetirdikləri beynəlxalq daşıma həm də birbaşa olmayan beynəlxalq daşımaya bənzəyir. Belə ki, hər iki növ daşıma zamanı bir neçə daşıma müqaviləsi bağlanılır. Bu, onları bir-birinə yaxınlaşdıran ümumi cəhətdir. Bununla belə, onlar arasında fərqli cəhətlər də vardır. Birbaşa olmayan beynəlxalq daşıma zamanı daşıyıcılar üçün eyni (vahid) məsuliyyət şərtləri müəyyən edilmir.
Beynəlxalq daşımaların göstərilən növündən o halda istifadə edilir ki, birbaşa daşıma mümkün olmur və ya birbaşa daşıma cədvəli yük sahibləri (və ya sərnişinlər) üçün sərfəli sayılmır.
Dostları ilə paylaş: |