Birinci xüsusiyyət ondan ibarətdir ki, dəmir yolu ilə beynəlxalq daşımalar, adətən, birbaşa daşımalar növündə həyata keçirilir. Birbaşa daşımalar dedikdə isə vahid nəqliyyat sənədi əsasında eyni nəqliyyat növünün bir neçə müəssisəsinin iştirak etdiyi daşımalar başa düşülür. Bu növ daşımalarda dəmir yolu nəqliyyatının bir neçə müəssisəsi iştirak edir. Müəssisələr dedikdə isə dəmir yolları (hüquqi şəxs statuslu müəssisələr) başa düşülür. Daşıma prosesində məhz onlar iştirak edir. Onlar arasında hüquqi və nəqliyyat-texniki xarakterli məsələlər yaranır ki, bu məsələlər tənzimlənməyi tələb edir.