İkinci xüsusiyyətə görə sərhəd stansiyalarında daşıma əməliyyatının obyekti (yük və sərnişinlər), habelə vaqonlar və digər daşıma vasitələri sərhəd stansiyasında xarici dövlətin dəmir yoluna verilir. Bunun üçün sərhəd dəmir yollarının işinin bir-biri ilə uyğunlaşdırılması, yükün növlərinə görə sərhəd stansiyalarının ixtisaslaşması və digər vacib məsələlərin həlli tələb olunur.
Üçüncü xüsusiyyətə görə beynəlxalq dəmir yolu daşımaları zamanı vaqonlar və digər daşıma vasitələri xarici ölkənin dəmir yoluna müvəqqəti istifadəyə verilir. Belə halda bu cür istifadənin hüquqi rejiminin müəyyən edilməsi tələb olunur. Müvəqqəti istifadənin hüquqi rejimi isə vaqonlardan səmərəli istifadəni və onların vaxtlı-vaxtında sahibinə qaytarılmasını təmin etməlidir.