Beynəlxalq yük daşınması müqaviləsinin elementləri - Beynəlxalq yük daşınması müqaviləsində iki tərəf çıxış edir. Müqavilə də məhz onlar arasında bağlanılır. Məlum məsələdir ki, söhbət daşıyıcıdan (nəqliyyat təşkilatından) və yükgöndərəndən gedir.
Yükalana gəldikdə isə qeyd etmək lazımdır ki, o, yük daşınması müqaviləsinin bağlanmasında iştirak etmir və buna görə də müqavilənin tərəfi hesab edilmir. Əgər iştirak etsəydi, onda yük daşınması müqaviləsi üç tərəfin (daşıyıcının, yükgöndərənin və yükalanın) iradəsini ifadə edərdi və bu səbəbə görə üçtərəfli müqavilə kimi tanınardı. Amma yük daşınması müqaviləsi, o cümlədən onun bir növü olan beynəlxalq yük daşınması müqaviləsi öz mülki-hüquqi statusuna görə üçüncü şəxsin xeyrinə bağlanan müqavilə hesab edilir. Buna görə də yükalan xeyrinə müqavilə bağlanan üçüncü şəxsdir.
Yükalan daşıyıcı və yükgöndərənlə bərabər, yük daşınması müqaviləsinin subyektidir. O, müqavilədən əmələ gələn öhdəliyin, başqa sözlə desək, yükdaşıma ilə bağlı yaranan müqavilə münasibətinin iştirakçısıdır.
Beləliklə, beynəlxalq yük daşınması müqaviləsinin subyektləri yükgöndərəndən, daşıyıcıdan və yükalandan ibarətdir. Onun tərəfləri isə yalnız yükgöndərən və daşıyıcı hesab edilir. Deməli, beynəlxalq yük daşınması müqaviləsində üç subyekt, iki tərəf iştirak edir.
Yükgöndərən yükü daşınmaq üçün daşıyıcıya verən və göndərmə yerində onu yola salan, daşıma haqqını ödəmək vəzifəsi daşıyan tərəfdir. Daşıyıcı isə elə bir nəqliyyat təşkilatıdır ki, bu təşkilatın əsas işi ona tapşırılan yükü xarici dövlət ərazisində olan təyinat yerinə çatdırmaqdan ibarətdir.
Dostları ilə paylaş: |