Beynəlxalq sərnişin daşınması müqaviləsinin əsas xüsusiyyətləri - Beynəlxalq sərnişin daşınması müqaviləsi bəzi cəhətlərinə görə beynəlxalq yük daşınması müqaviləsinə oxşayır. Həmin müqavilələri eyniləşdirən əsas cəhət daşıma (yerdəyişmə) prosesindən ibarətdir. Bu, göstərilən müqavilələr üçün eynilik (vahidlik) yaradan başlıca xüsusiyyətdir. Belə ki, hər iki müqavilədə daşıyıcının fəaliyyəti (xidməti) daşıma prosesinin həyata keçirilməsindən, yəni daşımanın obyekti olan nemətlərin təyinat yerinə çatdırılmasından ibarətdir. Daşımanın obyekti (daşıma müqaviləsinin obyekti) isə beynəlxalq yük daşınması müqaviləsini beynəlxalq sərnişin daşınması müqaviləsindən fərqləndirməyə imkan verir. Yük beynəlxalq yük daşınması müqaviləsinin obyekti rolunda çıxış edir. Sərnişin isə beynəlxalq sərnişin daşınması müqaviləsinin obyektini təşkil edir.
Beynəlxalq sərnişin daşınması müqaviləsi öz hüquqi təbiətinə görə də beynəlxalq yük daşınması müqaviləsinin hüquqi təbiətindən fərqlənir. Belə ki, beynəlxalq yük daşınması müqaviləsi çox vaxt real müqavilə formasında bağlanılır. Beynəlxalq sərnişin daşınması müqaviləsi isə bütün hallarda konsensual müqavilə kimi rəsmiləşdirilir.
Göstərilən müqavilələr bir-birindən həm də belə bir cəhət ilə fərqlənirlər ki, beynəlxalq yük daşınması ilə bağlı olan münasibətlərdə çox vaxt üç subyekt (iştirakçı) çıxış edir: yükgöndərən, daşıyıcı və yükalan. Beynəlxalq sərnişin daşınması müqaviləsində isə iki subyekt (iştirakçı) çıxış edir: daşıyıcı və sərnişin.
Digər tərəfdən, göstərilən müqavilələr məsuliyyət məsələsinə görə bir-birindən fərqlənir. Söhbət daşıyıcının müştəri (sərnişin və ya yük sahibi) qarşısında daşıdığı məsuliyyətdən gedir. İlk növbədə qeyd etmək lazımdır ki, daşıyıcının sərnişin qarşısındakı məsuliyyəti daha ciddi xarakter daşıyır, yəni yüksəkdir. Bununla belə, bəzi dövlətlərin milli (daxili) hüququ sərnişin daşınması müqaviləsi üzrə məsuliyyət məsələsində iddiaların rəqabətinə yol verir. İddiaların rəqabətinə görə daşıyıcıya (nəqliyyat təşkilatına) həm müqavilə iddiası, həm də delikt iddiası (müqavilədənkənar iddia) verilə bilər. Başqa sözlə desək, daşıyıcı sərnişin qarşısında müqavilə məsuliyyəti və ya delikt məsuliyyəti (müqavilədənkənar məsuliyyət) daşıya bilər. İngilis-amerikan hüququ dövlətlərində müqavilə və delikt məsuliyyətlərinin rəqabətinə yol verilir. Bəzi ölkələrdə isə, məsələn, Fransada daşıyıcının sərnişin qarşısındakı məsuliyyəti yüksək olsa da, müqavilə məsuliyyəti kimi tanınır.
Dostları ilə paylaş: |