Beynəlxalq qarışıq daşımaların xüsusiyyətləri
İntermodal daşımalar, əsasən, nəqliyyat (daşıma) prosesi üçün vacib əhəmiyyəti olan iki mühüm prinsipin həyata keçirilməsini təmin edir. Bu prinsiplərə aşağıdakılar aiddir:
-yükü yükgöndərənin «qapısından» yükalanın «qapısına» çatdırmaq prinsipi («qapıdan qapıya» daşımaq prinsipi);
-yükü təyinat yerinə dəqiq vaxtında çatdırmaq prinsipi.
İntermodal daşımaların əsas xüsusiyyəti ondan ibarətdir ki, belə daşımalar bir şəxs – qarışıq daşıma operatoru tərəfindən təşkil olunur və həyata keçirilir. O, yükgöndərənlə (daşıma xidməti sifarişçisi ilə) qarışıq daşıma müqaviləsi bağlayır.
Belə sənəd (müqavilə) yükün operator tərəfindən yükgöndərəndən qəbul edildiyi andan yükalana təhvil verildiyi anadək bütün daşıma dövrünü əhatə edir.
İntermodal daşıma həyata keçirilərkən yük sahibi ilə daşıyıcılar arasınd münasibət yaranmır. Bu, qarışıq daşımanı (intermodal daşımanı) unimodal daşımadan fərqləndirməyə imkan verən əsas və başlıca cəhətdir.
Qarışıq daşıma operatoru yükü qəbul edərkən yükgöndərənə nəqliyyat (daşıma) sənədi verir. Bu sənəd qarışıq yük daşınması müqaviləsinin bağlanmasını ifadə edir, habelə belə müqavilənin bağlanma faktını təsdiqləyir. Digər tərəfdən, həmin sənəd yükün yolda olduğu müddət ərzində operatorun məsuliyyət daşımasını təsdiq edir.
Qarışıq daşıma operatorunun həyata keçirdiyi fəaliyyətin əsas məqsədi həm daxili (milli) bazarda, həm də beynəlxalq bazarda daşıma xidməti sifarişçilərinin (yük sahiblərinin) – müştəri kontingentinin hesabına daha çox gəlir (mənfəət) əldə etməkdən ibarətdir. Onların mənafeyi də məhz bununla müəyyən edilir.
İntermodal daşıma konteynerləşdirmə, elmi-texniki nailiyyətlərin və proqressiv nəqliyyat texnologiyasının tətbiq olunmasının nəticəsidir ki, bu da yükdaşımanın təşkilinin yeni üsulunu ifadə edir.
Dostları ilə paylaş: |