Beynəlxalq dəmir yolu daşımaları barədə sazişlər
Beynəlxalq dəmir yolu daşımaları beynəlxalq sazişlər əsasında həyata keçirilir. Söhbət dəmir yolu daşımaları barədə həm çoxtərəfli, həm də ikitərəfli sazişlərdən gedir. Bu sazişlərdə müxtəlif hüquq normaları nəzərdə tutulmuşdur ki, onlar beynəlxalq dəmir yolu daşımalarını tənzimləyir. Həmin normalar beynəlxalq dəmir yolu daşımalarının, demək olar ki, bütün məsələlərinə toxunur.
Beynəlxalq dəmir yolu daşımaları sahəsində nisbətən iri və universal çoxtərəfli saziş Bern Konvensiyası hesab edilir. Bern Konvensiyası beynəlxalq dövriyyədə dəmir yolu nəqliyyatını nizama salan əsas aktdır. Bu Konvensiyada Avropa ölkələrində bağlanan dəmir yolu ilə daşıma müqaviləsinə aid beynəlxalq xüsusi hüququn əsas normaları ifadə olunmuşdur. Bern Konvensiyası hökumətlərarası sazişdir.
Sosialist dövlətləri iki çoxtərəfli saziş imzalamışdılar. Bunlardan biri Dəmir yolu ilə beynəlxalq yük daşımaları haqqında Saziş adlanırdı. Bu saziş Qarşılıqlı İqtisadi Yardım Şurası çərçivəsində işlənib hazırlanmışdı. İkincisi isə Dəmir yolu ilə beynəlxalq sərnişin daşımaları haqqında Saziş adlanırdı. Bu sazişlərdə Avropa və Asiyanın bütün sosialist ölkələri (Yuqoslaviya istisna olmaqla) iştirak edirdilər.
Bunlardan əlavə, beynəlxalq dəmir yolu daşımalarının təşkili məsələlərinə aid bir sıra sazişlər də bağlanılmışdır. Bu sazişlər öz quruluşuna və məzmununa görə müxtəlif olmaqla, dörd qrupa bölünür. Həmin qruplar aşağıdakılardır:
-sərhəd dəmir yolu daşımasına aid olan sazişlər;
-xidməti təlimatlar;
-vaqonlardan və digər daşıma vasitələrindən qarşılıqlı istifadə barədə sazişlər;
-qarşılıqlı hesablaşmalar barədə sazişlər.
Dostları ilə paylaş: |