İşlənməsi
Ödəmə şərtli göndəriş ünvan sahibinə verilməzdən əvvəl:
- göndərişin üzlüyündə və veriləndə ödənməli məbləğin göndərilməsi üçün tərtib edilmiş pul köçürməsi blankında göstərilən məlumatlar tutuşdurulmalıdır;
- göndəriləcək məbləğ üçün tərtib edilmiş pul köçürməsi blankının məlumat hissəsində lazım olan bütün məlumatların göstərilib-göstərilmədiyi yoxlanılmalı, hər hansı bir məlumat çatışmadıqda isə onlar əlavə edilməlidir;
- barat blankında göndərişin verildiyi tarix göstərilməlidir.
Polietilen üzlükdə olan ödəmə şərtli qiyməti bəyan olunmuş banderol ünvan sahibinin yanında açılır, onun içərisindən pul köçürməsi blankı çıxarılır, yoxlanılır və lazım gəldiyi hallarda bu bənddə göstərildiyi kimi rəsmiləşdirilir.
Hüquqi şəxslərə göndərilən F.22 bildirişlərində adi məlumatlardan başqa, ödənilməli məbləğ və göndəricinin adı göstərilir.
Verilməsi
Ödəmə şərtli poçt göndərişləri, dəyərin məbləği tam alındıqdan sonra ünvan sahibinə verilir.
Ödəmə şərtli poçt göndərişinin çəkisində fərq olduqda, həmçinin üzlüyün, iplərin, möhürün, lentin zədələnməsi, onun içərisindəki əşyaların götürülməsi üçün şərait yaratdıqda və ya xarici əlamətlərinə görə içərisindəkilərin zədələndiyi və ya xarab olduğu ehtimal olunduğu hallarda təyinat yerinin poçt müəssisəsində F.51 aktı tərtib edilir və poçt göndərişi açılanadək, ödəniləcək dəyər ünvan sahibindən alınmır.
Əgər yoxlama zamanı içərisindəki əşyaların hamısı siyahıya əsasən yerində və zədələnməmiş olarsa, bu zaman göndərişin açılması haqqında akt tərtib edilmir, ünvan sahibindən ödəniləsi dəyər alınır və göndəriş müəyyən edilmiş qaydada verilir.
İçərisindəki əşyaların çatışmazlığı, dəyişdirildiyi, tam və ya bir hissəsinin xarab olduğu aşkar edildiyi hallarda akt tərtib edilir. Göndəriciyə verilməsi və müvafiq araşdırma aparılması üçün poçt göndərişi aktla birlikdə birbaşa qiymətli kisədə qəbul edildiyi yerə qaytarılır.
Veriləndə ödənilmiş dəyərin məbləğinə dair pul köçürməsi də digər pul köçürməsi kimi rəsmiləşdirilir və bu zaman əlavə olaraq F.MP-1 (QŞ) pul köçürməsi blankının düzgün doldurulması və ödəmə şərtli göndərişi verən poçt işçisinin imzasının olması yoxlanılır. Ödəniş qəbzinin "Çatdırma üsulu" sətirində qısaca olaraq "ödəmə şərtli" və göndərişin nömrəsi göstərilir, rüsum sətrində isə xətt çəkilir. Pulun alınmasına dair qəbz müştəriyə verilir, verilmiş poçt göndərişinin bildirişində isə əməliyyatçının imzası ilə ödənilmiş dəyərin barat nömrəsi və göndərildiyi tarix qeyd edilir.
Bir ünvan sahibinə eyni vaxtda beş və daha çox ödəmə şərtli poçt göndərişi verildikdə, pul köçürmələri göndərişi alan və ya poçt əməliyyatçısı tərəfindən tərtib edilmiş F.103 siyahısı ilə qəbul edilir. Siyahı ödəmə şərtli poçt göndərişlərindən birinin bildirişinə əlavə edilir, digər bildirişlərdə isə siyahının hansı nömrəli göndərişin bildirişinə əlavə edildiyi haqda qeyd aparılır.
Müəssisə, şöbə, sex, sahə rəhbərləri, gündəlik olaraq ödəmə şərtli poçt göndərişləri üçün alınmış pulların vaxtında və tam məbləğdə göndərilməsinə nəzarət etməlidirlər.Ödəmə şərtli göndərişlərin pulunun göndərişin verildiyi gün və ya ertəsi gün göndərilmədiyi faktları aşkar edildiyi hallarda, gecikdirilmənin səbəbi aydınlaşdırılır və aradan qaldırılması üçün tədbirlər görülür. Müəyyən edilmiş sui-istifadə hallarına görə günahkarlar məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: |