Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi



Yüklə 42,55 Kb.
tarix20.01.2017
ölçüsü42,55 Kb.
#776
Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat

biblioqrafiya şöbəsi


vətən şəkilləri ile ilgili görsel sonucu


VƏTƏN SEVGİSİ
( Metodiki vəsait)

BİLƏSUVAR - 2016
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,Vətən torpağına,millətə sədaqət,Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq,inkişaf etdirmək və təbliğ etməkdir”

Heydər Əliyev.


Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soy kökünə, öz ata -babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. 

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. 
Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.Bəziləri hisslərini belə ifadə edir :
- “Ulu öndərimiz Heydər Əliyevin həmişə kəlamı bela olub ki: “Müstəqillik qazanmaq olar, amma onu saxlamaq çox çətindir”. Onu saxlamaq üçün isə bizim gənclərimiz öz səylərini bu yolda əsirgəməməlidirlər”. -“Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. İstər - istəməz hər kəs bu vətənin övladıdır və hər kəs bu Vətənə borcludur”.

 -“Məncə Azərbaycanın, bu Vətənin suyunu içiriksə, havasını içimizə çəkiriksə, məncə biz də bu Vətənə borcluyuq. Yeri gəlmişkən, mən öz vətənpərvərlik hissimi mahnılarda əks etdirirəm”.
Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir

Vətən sevgisi nədir ? İlk baxışda mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir.Vətəni sevmək, Vətən naminə yaşamaq,ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşaya, öz əməyi ilə Vətənin şöhrətini artıra bilər.Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər döyüş meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərlərdə yerinə yetirir.

Vətənpərvərliyin ən uca zirvəsi şəhidlikdir.- Azərbaycanın yüzlərcə oğul və qızı Vətənin müstəqilliyi,sərhədlərimizin toxunulmazlığı naminə canlarını fəda edərək şəhidlik zirvəsinə yüksəlmişlər.Bakının ən uca yerində Şəhidlər Xiyabanı yaradılıb.Burada uyuyan Əlif Hacıyev,Salatın Əsgərova, Çingiz Mustafayev kimi qəhrəmanlar Vətənə, Azərbaycana olan bağlılıqlarını həyatları ilə təsdiqləmişlər.

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.

Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin trkib hissəsinə çevrilir. Vətənpərvərlik anlayışı mücərrəd olmasına baxmayaraq, hər bir vətəndaş üçün əhəmiyyətlidir.



Çünki hər bir vətəndaş öz Vətəni yolunda canından keçməyə, öz torpağını qorumağa borcludur. .
Bəs, Vətən nədir? 

Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri, ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.

Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli deməkdir.
Qarabağa doğru, Qarabağa irəli.

Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir


Vətən və ya "Ana vətən" insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olaraq əldə edilən emosional hisslər. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir.

Uğrunda qan tökülən torpağa VƏTƏN deyilir. Qədim dövrlərdən Azərbaycan işğalçı qüvvələrin hücumuna məruz qalmışdır. Ayrı-ayrı dövrlər ərzində həmin işğalçılara qarşı döyüşən igidlərimiz, sərkərdələrimiz olmuşdur. Onlar öz Vətəninə, xalqına olan sədaqəti,

məhəbbəti, ehtiramı göstərmək üçün canlarından belə keçməyə hazır olduqlarını göstərmişlər. Babək, Cavanşir, Qaçaq Nəbi kimi igidlər öz Vətənlərini qorumaq üçün əlindən gələni etmişlər. Qeyd etmək istəyirəm ki, Babək ölən zaman son sözü Azərbaycan olmuşdur. Bundan başqa digər vətənpərvər igidlərimiz olub ki, öz Vətən torpaqlarını göz bəbəyi kimi qorumuşlar.

Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını  təmin etməyə çalışmaqdır.Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən, hər nə bahasına olursa olsun müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə, mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.



Vətəni qorumaq millət və dövləti qorumaqdır. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan ictimai vicdandır. Millət dinini, imanını, tarixini, mədəniyyətini, doğrunu-əyrini vətənində tanıyır. Vətən insanlığımızı müqəddəsləşdirən bir məsələdir. Biz onun bağrında yetişir, boya-başa çatırıq.

Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür.

Vətən! – desin!

Bu gün gərək Hər anımız Vətən! – desin!

Qılıncımız, qalxanımız Vətən! – desin

Ölənlərin əvəzinə qalanımız Vətən! – desin.

Vətən! – desin

Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin.

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız Vətən! – desin

Çox yatdıq, çox mürgülədik, qoca millət!

Mürgülədik: qoşa-qoşa, dağlarımız oğurlandı.

Çaylarımız, göllərimiz oğurlandı.

Düzlərimiz, çöllərimiz oğurlandı

Oğurlatdıq!

İndi saysaq saya sığmaz,

Daha nələr, nələr oğurlanıb.

Yer üstündə xəzinələr, yer altında dəfinələr oğurlanıb!

Qoca millət, hər andımız, amanımız,

Əgər varsa, zərrə qədər imanımız,

İmanımız Vətən! – desin

Hər yaxşımız, yamanımız Vətən! – desin

Əli kəsik, dili kəsik uşaqlar var – hələ dustaq,

Körpə dustaq Vətən! – deyir.

Bu nə külək, bu nə bulud, bu nə yağış, bu nə qardı?

Didərginlər üzərində susub durdu

Vətən! – dedi,

Mürgülüsən, qoca millət:

Daha möhkəm, daha ötkəm gəlsin səsin,

Vətən! – desin

Qoca millət, Bu gün gərək

Hər anımız Vətən! – desin.


Kitabxanaların qarşısında duran vəzifələr.
Vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müstəqil respublikamızın bugünkü durumu bunu bizdən tələb edir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var.Gənc nəsli Koroğlu, Babək, Cavanşir ruhunda tərbiyələndirmək ümdə vəzifəmiz olmalıdır.

Vətənpərvərlik vətəndaşlıq tərbiyəsinin əsasında duran ən ülvi bir hissdir.Bu gözəl və nəcib əxlaqı keyfiyyəti gələcəyin qurucularına aşılamaq biz kitabxanaçıların üzərinə düşən vəzifələrdən biridir.

Bütün kitabxanalarda olduğu kimi bizim kitabxanamızda da gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına kömək məqsədi ilə dəyirmi masa,foto stend.kitab sərgiləri,müharibə iştirakçıları ilə görüş,şəhid ailələri ilə görüş gənclər arasında vətənpərvərlik mövzusunda sorğuları aparmaq və s.tədbirlər keçirilir.

Tərtib etdi:

  1. Səfərova Məhsətixanım Qurban q.---Metodika vəbiblioqrafiya şöbəsinin müdiri.

  2. Qurbanlı Rəvanə Şahin q.---- Metodist.

Yüklə 42,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin