Hüquq anlayışının və hüquq tərbiyəsinin mahiyyəti
Hüquq tərbiyəsi bir anlayış olaraq elmi-pedaqoji ədəbiyyatda XX əsrin 70-ci illərində daxil olmuşdur. O vaxta qədər elmi-pedaqoji ədəbiyyatda hüquq tərbiyəsi mənəvi tərbiyənin əsas komponentlərindən biri kimi təqdim olunmuş və mənəvi norma kimi izah olunmuşdur. XX əsrin 70-ci illərindən başlayaraq rus dilində çap olunan ənənəvi “Pedaqogika” adlı dərslik və dərs vəsaitlərində hüquq tərbiyəsi müstəqil olaraq tərbiyənin tərkib hissələrindən biri kimi təqdim olunmuşdur. Məhz ondan sonra Azərbaycan pedaqoji ədəbiyyatında hüquq tərbiyəsi termini işlənməyə başlamışdır.
“Hüquq” sözünün etimoloji mənası ədəbiyyatda ərəb sözü kimi təqdim olunmuşdur. Araşdırılan elmi, ədəbi, bədii ədəbiyyat nümunələrinin əksəriyyətində “hüquq” sözü “haqq” sözü kimi mənalandırılmış və ərəb mənşəli söz kimi təqdim edilmişdir. Lakin araşdırılan ədəbiyyatların bəzilərində “Haqq” sözünün türk mənşəli söz olmasını sübut edən faktlara da rast gəlmək mümkündür.
XI əsrin elmi mənbələrindən biri olan və görkəmli türk alimi Mahmud Kaşğari tərəfindən qələmə alınan “Divanü Lüğat-it-Türk” adlı əsərin türk alimi Besim Atalay tərəfindən tərcümə olunan variantında “Haqq” sözü “Hakk” şəklində işlənmişdir. (Bax. “Divanü Lüğat-it-Türk” tərcüməsi 4 cilddə, Ankara, 1998) Mahmud Kaşğari “Hakk” sözünü “Allah” mənasında vermişdir. Kitabda verilən “Hakkuk” sözü isə “Allahın ədaləti” şəklində işlənmişdir. Haqqı, ədaləti özündə ehtiva edən bu söz “Türk ləhcələri sözlüyü” adlı kitabda da izah edilmişdir. “Hak” şəklində işlədilən bu sözün Türkiyə türkcəsilə yanaşı Azərbaycan, Başkurd, Kazak, Kirğız, Özbək, Tatar, Türkmən, Uyğur və Rus dillərindəki qarşılıqlı mənaları da verilmişdir. Türkiyə türkcəsində “Hak” (Tanrı), azəricə “Haqq”, başkurtca “Allah Tağala”, kazax dilində “Alla”, kırğızca “Ala” (Alda), özbəkcə “Huda”, “Allah”, “Hak”, tatarca “Allah Tağala”, türkməncə “Hak”, “Huday”, “Tanrı”, uyğurca “Alla”, “Allahi taala” mənalarını verən bu sözlərin amonimi kimi “Hak” sözünün ikinci məna çaları verilir. Türkiyə türcəsində “Hak” (Sahir olunan hak, hukuk), azəricə “Hüquq”, başkurtca “Hak, hokuk, nığız”, kazaxca “Haki, aki, hukuk”, kırğızca “ukuk aki”, özbəkcə “Hukuk, hak”, tatarca “Hak, hukuk, nığız”, türkməncə “Hak, hukuk”, uyğurca “Hok, adalat, toğrilik” kimi təqdim olunan bu sözün türk mənşəli olmasına heç bir şübhə qalmır. Nəzərə almalıyıq ki, Mahmud Kaşğari adı çəkilən lüğəti ərəblərə türkcə öyrətmək üçün tərtib etmiş və bu lüğətə 10 min sözü daxil etmişdir. Ərəb ölkələrində geniş yayaılmış bu lüğətdən bəhrələnən ərəblərin yüz illər boyu 10 min türk sözünün bir qismini özününküləşdirərək istifadə etmələri də bir həqiqətdir. Belə olan təqdirdə təkcə “hukuk” sözü ilə yanaşı digər türk sözlərinin də ərəbləşməsi ehtimal olunur. Adı çəkilən lüğətdə türk sözü kimi təqdim olunan “hukuk” sözü (Bax. “Karşılaşdırılmalı Türk lehceleri sözlüyü” Kultur Bakanlığı, 1991, Ankara, səh. 300-301) dilimizdə “hüquq” şəklində işlədilən bu sözün əsas mənası haqqın, ədalətin müdafiəsi kimi başa düşülür.
Ensiklopedik nəşrlərdə hüquq-dövlət tərəfindən müəyyənləşdirilmiş, yaxud sanksiyalaşdırılmış ümumi-məcburi davranış qaydalarının (normalarının) məcmusu kimi şərh olunur. (Bax. ASE. ASE-nin Bas Redaksiyası, 1987, səh. 273)
Dövlət tərəfindən müəyyənləşdirilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyasında konkret maddələrlə təsbit olunmuşdur. Hüquq normaları məhz konstitusiyada təsbit olunan maddələrlə tənzim olunur. əsas Qanuna görə Azərbaycan Respublikasında yaşayan hər bir kəs sərbəst yaşamaq, işləmək, təhsil almaq, mənzilə-əmlaka sahib olmaq, istirahət etmək, dövlətin Ali Orqanına seçmək, öz şərəf və ləyaqətini qorumaq və s. kimi hüquqlara malikdir. Bütün bunlar bu və ya digər maddələrlə konstitusiyamızda öz əksini tapmışdır. Deməli, hüquq normaları dövlət tərəfindən müəyyənləşdirilir və tənzimlənir. Hər bir vətəndaş isə bu hüquq normalarını bilməli, onlara hörmətlə yanaşmalı, onlara əməl etməyi birmənalı olaraq dərk etməlidir.
Orta ümumtəhsil məktəblərindən başlayaraq şagirdlər hüquq normalarını dövlət direktivləri kimi öyrənməli və bu normaların pozulmasına qarşı mübarizə etmək ruhunda tərbiyə olunmalıdırlar.
Hüquq tərbiyəsinin mahiyyəti deyəndə aşağıdakılar başa düşülür:
Hüquq tərbiyəsi məktəblilərin hüquq haqqında bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların hüquq mədəniyyətinin formalaşdırılması, cəmiyyətə yabançı olan zərərli ünsürlərə qarşı nifrət hissi yaradılmasından ötrü onlara məqsədyönlü, planlı və mütəşəkkil təsir göstərilməsi prosesidir.
Dostları ilə paylaş: |