Hüquq tərbiyəsinin növbəti vəzifələrindən biri də məhz bunula bağlıdır: Adamları, xüsusilə məktəbliləri hüquq normalarına əməl etməyə alışdırmaq. Tərbiyənin davranış bə fəaliyyətə xidmət edən üsullarından biri də alışdırmadır. Əgər tərbiyəçi, tərbiyə edən hər hansı bir müsbət addım atmağa, fəaliyyətində nümunə göstərməyə sövq etməyə cəhd göstərirsə, bu zaman o, hökmən tərbiyə olunanı müsbət əməlin nəticəsinin onun xeyrinə olması barədə onda inam yaratmalıdır. Əgər tərbiyəçi buna nail olursa, o, tərbiyə olunanı müsbət əməl sahibi olmağa, onun davranış və fəaliyyətində daim nümunə göstərməyə alışdıracaqdır. Məktəbliləri, xüsusilə yeniyetmə-gəncləri hüquq normalarını gözləməyə alışdırmaq vacibdir. Bunun üçün yeniyetmə-gəncləri daim müşahidə etmək, nəzarət altında saxlamaq lazımdır ki, o, hüquq normalarını pozmağa heç bir zaman cəhd göstərməsin. Əgər belə olarsa, onlar hüquq qaydalarını daim gözləməyi öz həyat normalarına çevirəcəklər.
Hüquq tərbiyəsinin vəzifələrindən biri də hüquq normalarının pozulmasına qarşı barışmaz olmaq və asayişin keşiyində duranlara kömək etməkdən ibarətdir. Hüquq tərbiyəsi sahəsində o zaman uğur qazanmaq olar ki, qarşıya qoyulan vəzifələrin həllinə hərtərəfli yanaşılmış olsun. Yəni məktəbliləri hüquq normaları ilə bağlı bilik, bacarıq və vərdişlərlə silahlandırmaq, onlarda qanunçuluğa inam yaratmaq, hüquq normalarının yerinə yetirilməsinə alışdırmaq sahəsində görülən məqsədyönlü, mütəşəkkil işlər onları hüquq normalarının pozulmasına qarşı barışmaz olmağa hazırlayır. Hətta məktəblilər asayişin keşiyində duranların, “gənc dostlar”ına çevrilirlər. Yeniyetmə-gənclərin hüquq-mühafizə işçilərinin köməkçilərinə çevrilmələri isə məktəb, ailə və ictimaiyyətin əlbir fəaliyyəti nəticəsində baş verə bilər. Belə bir əlbir fəaliyyətin məqsədyönlü, planlı və mütəşəkkil olaraq yaradılması isə məktəblilərin hüquq tərbiyəsinin hərtərəfli inkişafını təmin etmiş olar. Bu inkişaf mərhələsini keçmiş məktəbli isə ictimai-siyasi cəhətdən yetgin, hüquq normalarının pozulmasına qarşı həmişə barışmaz mövqe tutur.
Dostları ilə paylaş: |