Bir neçə söz I fəsil. DÜNya diLLƏRİNİn qohumluğu monogenez problemi


VI fəsil. YAZILI ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (IX-XII əsrlər)



Yüklə 2,67 Mb.
səhifə6/76
tarix05.01.2022
ölçüsü2,67 Mb.
#111493
1   2   3   4   5   6   7   8   9   ...   76
VI fəsil. YAZILI ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (IX-XII əsrlər)

 


  • IX-XII əsrlərdə ədəbi dilin təşəkkülünü şərtləndirən amillər...........................................................................592

  • Azəri dili.......................................................................608

  • Ədəbiyyat......................................................................629

 

N ə t i c ə................................................................................632


I fəsil. DÜNYA DİLLƏRİNİN QOHUMLUĞU - MONOGENEZ PROBLEMİ
Azərbaycan ərazisi ən qədim insan məskənidir

 

İnsanın meydana çıxması, təfəkkür və nitqinin formalaşması, ilkin vətəni, əsas inkişaf mərhələləri bir sıra elmlərin - paleoantropologiya, morfologiya, geologiya, arxeologiya, etnoqrafiya, coğrafiya, zoologiya və linqvistikanın köməyi ilə öyrənilir. Bəşərin təşəkkülü «geoloji dövr» adlandırılan dördüncü dövrlə bağlıdır. Bu dövrün 4 (son vaxtlar 6) milyon il davam etdiyi müəyyən edilmişdir*.


*Arxeoloqlar bu tarixi daş dövrü, tunc dövrü, dəmir dövrü kimi üç dövrə ayırırlar. Daş dövrü (paleolit) - təqribən 4 - 3,5 milyon il əvvəldən başlayıb e.ə. III minilliyə qədərki dövrü, tunc dövrü - e.ə.III-II minillikləri, dəmir dövrü - e.ə. I minilliyin əvvəlindən bizim eraya qədərki dövrü əhatə edir.

Paleolit (yun. paleos - qədim, litos - daş) özü də bir neçə mərhələyə: 3,5 milyon il əvvəldən 100-80 min il əvvələ qədərki dövr - ilkin (aşağı) paleolit; 100 - 80 min il əvvəldən 40 - 35 min il əvvələdək - orta paleolit; 40 - 35 min il əvvəldən 14 min il əvvələdək - yuxarı və ya son paleolit; 14-8-ci minilliklər - mezolit (mezos - yun. orta, litos - daş); 7- 6-cı minilliklər - neolit (neos - yun. yeni, litos - daş); 6 - 4-cü minilliklər - eneolit (eneos - lat. mis, litos - yun. daş) (1; 14; 2, 27) mərhələlərinə bölünür.

Qəbul olunmuş ümumi geoxronoloji bölgüyə əsasən dördüncü dövr üç böyük epoxaya ayrılır: eopleystosen, pleystosen və holosen epoxaları. Tarixçi və arxeoloqların araşdırmalarına əsasən Azərbaycan ərazisində 1,8 milyon il bundan əvvəl başlamış eopleystosen epoxası təqribən 700 min il əvvələ qədər davam etmişdir və “Abşeron əsri”nə müvafiq gəlir. 700 min il əvvəl başlayan pleystosen epoxası üç dövrə ayrılır: erkən, orta və üst pleystosen. Azərbaycanda erkən pleystosen 700-400 min il arası (“Bakı əsri”), orta pleystosen 400-130 min il arası (“alt Xəzər əsri”), üst pleystosen 130-10 min il arası (“üst Xəzər və erkən Xvalın əsrləri”) davam etmişdir. Son 10 min ili holosen əhatə edir. Bu son dövrdə iqlim tamamilə dəyişərək müasir şəklə düşmüşdür.(3; 55-56)
 Hələ XIX əsrdə (1871) Ç.Darvin insanın təkamül nəticəsində insanabənzər meymundan əmələ gəldiyini sübut etdi. 1891-ci ildə Yava adasında pitekantrop (meymun-adam) skeleti, 1907-ci ildə «Heydelberq insanı» deyilən insan çənəsi tapıldı. Sonralar 40-dan artıq sinantrop skeleti əldə edildi. Pitekantrop, sinantrop, neandertal və kramanyon insan qalıqları Ç.Darvin nəzəriyyəsinin doğruluğunu sübut etdi. Tədricən müəyyən edildi ki, ən qədim insanabənzər meymunlar Avropanın müxtəlif rayonlarında, Asiyada, Qafqazda və Afrikanın bir çox yerlərində yaşamışlar. (2; 28-29)

İnsanabənzər meymundan müasir insan tipinə qədər üç böyük mərhələ keçilmişdir: ən qədim insanlar - arxantroplar, ibtidai insanlar - paleantroplar və nəhayət, müasir insan tipi. Bu üç mərhələdə iki böyük sıçrayış müəyyənləşdirilmişdir: birinci və vacib sıçrayış - birinci mərhələdən ikinciyə keçid, yə’ni alət düzəldilməsinə başlanması; ikinci sıçrayış - qədim insandan müasir quruluşlu insana keçid.(1; 26)

Antropogenezlərin başlanğıcında avstralopitek növlü meymunlar durur. Avstralopiteklərin nəsli indi də Cənubi və Mərkəzi Afrikada, Cənubi Asiyada yaşamaqdadır. Lakin onların daha qədimdə yayıldığı ərazilər Tanzaniyada Olduvay dərəsi, Keniya və Həbəşistan hesab olunur.

Arxeoloji qazıntılar zamanı alimlər arxantropların düşərgələrinə Avropada, Asiyada, Afrikada rast gəlmişlər. Arxantropların ən qədim nümayəndəsi Homo habilis («bacarıqlı adam») olmuşdur. Arxantropların əsas nümayəndəsi pitekantroplardır. Heydelberq adamı və sinantroplar da arxantroplara daxildir.

Arxantrop (pitekantrop) dövrü 100 min il əvvələ qədər davam etmişdir. 100-80 min il əvvəldən mustye arxeoloji dövrü başlamışdır ki, bu dövrün insanları paleantroplardır. Bunların qalıqları daha çox tapılmışdır. Qalıqlar göstərir ki, paleantroplar Avropa, Asiya və Afrikanın geniş ərazilərinə yayılmışlar. Neandertal insan paleantroplara aiddir. (2;30-31) Köhnə SSRİ ərazisində öz qədimliyinə görə 1968-ci ildə tapılmış Azıx adamı arxantroplardan paleantroplara keçid dövrünün adamı hesab olunur.

Paleantropun - neandertal insanın Yer üzərində geniş yayılması belə bir müddəanın yaranmasına səbəb olmalı idi ki, hələ dilin təşəkkül tapmadığı dövrdə arxantroplar və sonra da paleantroplar Avropa, Asiya, Afrika kimi qitələrdə geniş yayılmışsa, deməli, sonrakı 35-40 min il ərzindəki təşəkkül dövründə müxtəlif dillər yaranmalı idi və deməli, bir ulu dildən söhbət gedə bilməzdi. Belə olduqda xalqlar da kök e’tibarilə fərqlənməli və dini inkişaf da tamamilə fərqli olmalı idi. Lakin tarixi faktlar və arxeoloji materiallar göstərir ki, bütün etnoslar, bütün dillər, bütün dinlər bir kökdəndir. Arxeoloji mədəniyyət sübut edir ki, arxantroplar və paleantroplar müxtəlif qitələrdə yayılsalar da, onların hamısı öz inkişafını sona çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir: «Sovet alimləri belə hesab edirlər ki, müxtəlif irqli müasir insanlar bir və ya bir-birinə çox yaxın olan bir qrup neandertallardan tədricən inkişaf edərək dəyişmələrinin nəticəsində formalaşmışdır. Neandertallara məxsus qeydə alınmış digər qalıqlar isə sadəcə olaraq öz sonrakı inkişafını dayandırmış və tədricən məhv olmuş növə aiddir (fərqləndirmə bizimdir - Q.K.)». (2; 32) Deməli, neandertal insan Yer üzünün hər yerində - yayıldığı bütün ərazilərdə öz inkişafını başa çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir. Müasir insan tipinin təşəkkül prosesi Yer kürəsinin hər yerində deyil, müəyyən məhdud ərazidə baş vermişdir.

Heç şübhəsiz, ən mühüm məsələlərdən biri də müasir insan tipinin harada, hansı ərazidə formalaşmasıdır. Arxeoloji mədəniyyət bu suala da cavab verir: «Son vaxtlarda əldə edilmiş antropoloji və arxeoloji materiallar ehtimal etməyə imkan verir ki, bu proses (son mərhələdə müasir insan tipinin yaranması prosesi - Q.K.) əsasən cənub-şərqi Avropada, şimali Afrikada və qərbi Asiyada baş vermişdir. Buradan müasir inkişaf etmiş insanlar dünyanın digər yerlərinə yayılmışlar.» (2; 32) (Xəritəyə bax)

Cənub-şərqi Avropa, şimali Afrika və qərbi Asiya Ön Asiyanı ortalığa alır və çox maraqlıdır ki, bizə çatan ilk böyük sivilizasiya da bu əraziyə məxsusdur. Amerika və Avstraliya qitələri ilk insanın vətəni kimi istisna edilir. (1;36)


İnsan məskənlərinin sonralar genişlənməsi irqi ayrılığa səbəb olmuş, Avropada avropoid, Afrikada neqroid, Asiyada monqoloid irqlər yaranmışdır. İrqlərin yaranması son paleolitdə (35 min il əvvəl başlayıb 12 min il əvvəl qurtardığı qeyd edilir) homo sapiensin formalaşması dövrü ilə bağlı izah edilir, lakin onların bə’zi əlamətlərinin paleantroplarda olduğu da göstərilir*.
*Avropoidlər Avropanın cənub-şərqində, neqroidlər Afrikanın şimalında yarana bilərdilər. Görünür, monqoloidlər daha sonralar yaranmışlar. Fikrimizcə, bu irqlər ilkin əsaslı şivələrin - sonrakı böyük dil ailələrinin - hindavropalıların, samilərin və bütün zəncilərin və nəhayət, türk, monqol, yapon, çin tayfalarının özəyini təşkil edən protodilləri təmsil etmişlər.

Azərbaycan ərazisində bütün dördüncü dövrü əhatə edən və bəşəriyyətin inkişaf pillələrini əks etdirən maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Ölkəmizdə qədim daş dövrünə aid materiallar Azıx, Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağaralarından əldə edilmişdir. Azıx mağara düşərgəsində qalınlığı 13,5 metrə bərabər 10 arxeoloji təbəqə müəyyən edilmişdir. Bu təbəqələr dünyanın hələlik heç bir guşəsində müşahidə edilməyən ardıcıllıqla paleolitin bütün dövrlərini əks etdirir. (3; 55,60,61) Mağaranın 7-10-cu təbəqələrindən əldə edilən maddi-mədəniyyət nümunələri Quruçay mədəniyyəti adı ilə məşhurdur (alətlərin düzəldilməsi üçün daşları yaxınlıqdakı Quruçaydan gətirmişlər). Quruçay mədəniyyətinin 1,2 milyon il əvvəl başlayıb, 700 min il əvvəl sona çatdığı müəyyən edilmişdir. Quruçay mədəniyyətindən sonra Aşel mədəniyyəti dövrüdür. Bu dövrün ən böyük nailiyyəti insanın inkişafında mühüm rol oynamış əl çapacaqlarının meydana çıxmasıdır. Azıx mağarasında 1968-ci il qazıntıları zamanı Orta aşel dövrünə aid (5-ci təbəqə) 18-22 yaşlı qadının (Azıxantrop) alt çənəsi tapılmışdır. Azıxantrop (Azıx adamı) köhnə SSRİ ərazisində ən qədim, dünyada isə 4-cü qədim insan qalığıdır və 350 min il əvvələ aid edilir. Orta Aşel dövründə Azıx mağara sakinləri ovçuluqla daha çox məşğul olmuşlar. 5-ci təbəqədən 45-ə qədər müxtəlif heyvan və quş qalıqları aşkar edilmişdir.

 

Son 100 min ildən 35 min ilə qədərki dövr arası mustye mədəniyyəti dövrü hesab olunur (ilk nümunələr Fransanın Le-Mustye şəhərində tapıldığı üçün belə adlandırılmışdır). Bu dövrdə qədim insanların bədən quruluşunda, əmək alətlərində, həyat tərzində böyük dəyişikliklər yaranmış, neandertal insan tipi formalaşmışdır. Kobud daş alətlərdən itiuclu alətlərə keçilmiş, dəfn mərasimləri başlanmışdır. Bu dövrə aid ən zəngin material Tağlar mağarasından əldə edilmişdir. «Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar mustye düşərgəsi yeganə abidədir ki, uzunmüddətli olmuşdur və tapılan əmək alətləri zəngin tarixə malikdir».(3; 67) Tağlar mağarasında qədim insanlar 90 min il əvvəldən 35 min il əvvələ qədər yaşamışlar.



35 min il bundan əvvəl mustye mədəniyyətini üst paleolit əvəz etmişdir. Üst paleolit 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrün adamları müasir insan formasında (neantrop, kromanyon və s.) olmuş, əmək alətlərini xeyli təkmilləşdirmiş, mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşamışlar. Mağaralarda hələ bir neçə yüz min il əvvəl oddan istifadə edilmişdir. Təbiət üzərində ilk qələbə olan od insanın həyatında və şüurunda böyük dəyişikliklər yaratmışdır. Artıq Aşel dövründə oddan ardıcıl istifadə edilmiş, sün’i odalma məişətə daxil olmuşdur. (1;37) Son paleolitə məxsus zəngin qəbir avadanlıqları tapılmışdır.Tarixçilərin fikrincə, «300 min il bundan əvvəl say və hesablama azıxantropa mə’lum idi». (3; 94) Hələ «mustye dövründə sürü münasibətləri arxada qalmış, ibtidai icma quruluşu (nəsli cəmiyyət) təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdı». Həm də «Güman etmək olar ki, mustye dövrü yeni ictimai təşkilatın - tayfanın yaranması» dövrüdür. Mustye ilə son paleolit arasında - 30-35 min il bundan əvvəl müasir insan tipi - Homo Sapiens («dərrakəli insan») meydana gəlmişdir. «Dərrakəli insan» bə’zən «neantrop» (yeni insan) adlandırılır. (3; 78-79)

Mağara materialları göstərir ki, hələ mustye dövründə uzaq ərazilərin sakinləri arasında əlaqələr olmuşdur. Son paleolit dövrünə aid cənubi Qafqaz abidələrində Qırmızıdəniz mənşəli balıqqulaqları və s. də bunu təsdiq edir. Lakin əsas miqrasiyalar dövrü mezolit (14-8-ci minilliklər) hesab olunur. Mezoliti əvəz edən neolit dövründə (7 - 6-cı minilliklər) Cənubi Azərbaycan ərazisində - Urmiya gölü hövzəsində, Zaqros ərazisində insanlar tam oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla məşğul olmağa başlamışlar. Şimali Azərbaycanda isə neolit dövrünün təsərrüfat və mədəniyyət qalıqları Qobustan düşərgələrindən əldə edilmişdir.(3; 85) Mezolitdən neolitə keçilən dövrü insan həyatında inqilabi səciyyə daşıyan köklü dəyişikliklərin baş verdiyi dövr hesab edirlər. Maldarlıq və əkinçiliklə yanaşı, sənətkarlıq - dulusçuluq, toxuculuq, yundan, dəridən müxtəlif mə’mulatlar hazırlanması və s. meydana çıxır. Təsərrüfatın özəyini müəyyən ərazidə məskunlaşan nəsli icmalar təşkil edir. Mezolit və neolit dövrlərində əkinçiliyin, maldarlığın, sənətkarlığın inkişafı məhsul bolluğuna səbəb olmaqla ibtidai-icma quruluşunun dağılması üçün zəmin hazırlayır. Artıq bu dövrdə əhalidə müəyyən dini görüşlər də təşəkkül tapır.

Tarixçi, arxeoloq və etnoqrafların tədqiq və araşdırmalarından aydın olur ki, miladdan əvvəl XII minillik Yer kürəsinin və insanın həyatında böyük dəyişikliklər minilliyi olmuşdur. Paleolitin (daş dövrünün) sonlarında, iqlimin dəyişdiyi, mülayimləşdiyi, nəhəng buzlaqların şimala çəkildiyi, müasir insan tipinin yaranmasının başa çatdığı, ibtidai icma quruluşunun ilkin mərhələsinin yarandığı, sürü icmasının nəsli quruluşla - qəbilə quruluşu ilə əvəz olunduğu, oxun və yayın meydana çıxdığı, heyvanların əhliləşdirilməsinə başlandığı dövrdə və mezolitin əvvəlində insanın bədən quruluşunda, sosial-ictimai həyatında, məişətində, əmək alətləri texnikasında, dilində, dinində böyük yeniliklər əmələ gəlmişdir.

Alimlər ilk insanların təfəkkür və nitqinin inkişafını iki mərhələyə bölürlər: birinci mərhələ arxantrop və paleoantrop mərhələsi, ikinci mərhələ - Homo sapiens mərhələsidir. Homo sapiens üst paleolitin adamıdır. Beyin çəkisi 1400-1500 sm3 olmuşdur. Alimlər birinci mərhələdə insanın yalnız hissi-əyani təfəkkürə malik olduğunu, nitqinin üzvlənmədiyini qəbul edirlər. Abstrakt təfəkkür, üzvlənən nitq insanın inkişafının ikinci mərhələsinə aid edilir. Son paleolitə qədər insanın nitqi üzvlənməmişdir. Deməli, üzvlənən nitqin təşəkkülü e.ə. son 40-35 min il ərzində baş vermişdir.

Ən qədim insanların nitqi birhecalı, dəyişməyən və bir-biri ilə bağlanmayan sözlərdən ibarət olmuşdur. (1;34) Onlar əksərən başqa canlılar kimi kəsik-kəsik qışqırtılarla danışmışlar. Birgə fəaliyyət tədricən eşidilən səsin mahiyyətini anlamaq imkanı yaratmışdır. Lazımi mə’nalar bu cür müəyyən səslərlə mənimsənilmişdir. Başqa canlılardan fərqli olaraq, insan rəngarəng səslər tələffüz edə bilmiş və onların birləşmələri tədricən söz şəklində formalaşmışdır. İnsan zərurət nəticəsində elə əşyaları adlandırmalı olmuşdur ki, onunla daim əlaqədə olmuş, həmin əşyalar onun məişətinə daxil olmuşdur. Dil tədricən, yavaş-yavaş inkişaf etmişdir. (1; 35)
Beləliklə, məhdud coğrafi ərazidə təşəkkül tapan dil ibtidai insan dəstələrinin ilkin adlandırma və fərdi nitq xüsusiyyətləri ilə fərqlənsə də, tədricən vahid dil kimi ümumiləşmə prosesi keçirmişdir. Biz bu dili ulu dil adlandırırıq.

35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş e’tibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin başında duran protodilləri doğurmuşdur. Nəticədə Yer üzərində yaranmış ulu dildə təqribən e.ə.XII minillikdə böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması, müxtəlif dialektlərin, müasir dil ailələrinin başında duran protodillərin yaranması prosesi sona yetmişdir (müxtəlif dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan sonrakı inkişaf prosesinin nəticəsidir.



Alimlərin fikrinə görə, dil ailələrinin yaranması ibtidai-icma quruluşunun dağılması dövrünə aiddir: «Dil ailələrinin formalaşması... ibtidai cəmiyyətin dağılması dövründə baş vermişdir». (1; 36) Bu fikir bir daha təsdiq edir ki, protodillərin yaranması bundan bir neçə min il əvvələ aid olmalıdır. Bu mülahizəyə əsasən, tarixdən aldığımız təəssürat əsasında deyə bilərik ki, 14 min il əvvəl ulu dil artıq parçalanmışdı və hazırda Yer üzərində yaşayan dil ailələrinə aid ilk kök dillər, yə’ni prahindavropa, protosami, prototürk (pratürk) və s. mövcud idi. Elə bir dövr idi ki, qəbilələr müxtəlif istiqamətlərdə hərəkət edir, bə’zən ayrılma və birləşmə nəticəsində az-çox yaxın və ya uzaq qəbilə, tayfa dilləri arasında çarpazlaşma prosesi gedir, dillər köksözlü, aqqlütinativ və flektiv dillər kimi formalaşma istiqamətlərində inkişaf edərək bir-birindən tədricən daha çox ayrılırdı. Dillərin quruluş sistemi ilə yanaşı, ulu dilin protodillərə səpələnmiş lüğət tərkibində də dəyişikliklər baş verirdi. Buna səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi, leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi idi.
Biz inamla belə bir fikir də söyləmək istərdik ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin daxilində güclü dialekt kimi fərqlənmişdir. Buradan başqa daha mühüm bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar. Yə’ni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv dillər bir protodilin törəmələridir. Bir-birinə qohum hesab olunmayan bütün iltisaqi dillər bir protodilin törəmələridir. Tipoloji cəhətdən fərqlənən ilk protodillər yenidən bölünməklə iltisaqi dillər üçün fərqli ailələri yarada biləcək protodillərin təşəkkülünə (ikinci mərhələ) gətirib çıxarmışdır. Odur ki, bütün iltisaqi dilləri müqayisəli tarixi metod əsasında qohum dillər kimi öyrənmək olar. Köksözlü dilləri (bunlar iltisaqi dillərə daha yaxındır), flektiv dilləri də bu cür öyrənmək mümkündür. Bunlar inkorporlaşan dillər istisna olmaqla, tipoloji cəhətdən fərqlənən üç mühüm protodilin bərpasına aparır. Həmin üç protodilin (ulu dilin ilk dialektlərinin) bərpası ilə təbii-coğrafi şəraiti də nəzərə almaqla üzvlənən nitqə malik olan ilk insanların bir sıra səciyyəvi əlamətləri - yaşadığı ərazi, irqi xüsusiyyətləri, təfəkkür tərzi və s. barədə də təsəvvür qazanmaq olar.
İnsan nitqinin yüksək səviyyədə formalaşmasında sonralar meydana çıxan yazının böyük rolu olmuşdur. Yazı xüsusi inkişaf yolu keçməklə təfəkkürün və dilin inkişafını da şərtləndirmişdir. Yazının inkişafı bir növ insan nitqinin inkişaf yolunu xatırladır. İnsan nitqinin inkişaf istiqaməti aşağıdan yuxarıya: fonem = cümlə - fonem = söz (söz birləşməsi) - fonem = heca - fonem = səs şəklində olmuşdur. Buna müvafiq olaraq, yazının inkişaf yolu da eyni istiqamətdə olmuşdur: qrafem = cümlə (piktoqrafik yazı) - qrafem = söz (və ya söz birləşməsi) (ideoqrafik yazı) - qrafem = heca (sillaboqrafik yazı) - qrafem = səs (fonoqrafik yazı). (Cabbar Məmmədov)
Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu dilin lüğət fonluna aid olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan hər bir protodildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət və həmin quruluş minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə və mürəkkəbləşmə yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə mə’ruz qalsa da, öz əsasını dünya dillərində saxlamışdır. Bu ümumi inkişaf prinsipini nəzərə almadıqları üçün bir çox alimlər qədim dil qalıqlarından, xüsusilə leksik vahidlərdən danışarkən onların, yanlış olaraq, gah bu, gah da başqa bir dil ailəsinə mənsub olduğunu sübut etməyə çalışmışlar...



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin