Şumer dilinin quruluşu.
Fonetika. Bu vaxta qədər şumer dilinin heç bir qədim və müasir dil ilə qohumluğu sübut edilməsə də, şumer leksikası ilə türk dillərinin leksikası arasında yaxınlıq daha çox müəyyən edilmişdir. Bir sıra alimlər (alman alimi F.Hommel və b.) şumer dilinin Altay dilləri ilə qohumluğu müddəasını müdafiə etmişlər. Lakin XX əsrdə türk xalqları o qədər gözdən salınmışdır ki, tədqiqatçılar uzun müddət zəngin şumer-türk paralelləri əsasında yalnız türk dillərinin qədimliyini, hardasa Şumer dövründə mövcud olduğunu sübuta çalışmaqla kifayətlənmişlər.
Şumer dilinin Qafqaz, Tibet-Birma, Ural-Altay, o cümlədən bilavasitə türk dilləri ilə qohumluğu barədə fərziyyələr irəli sürülmüşdür. Şumer dilində Hind-Avropa mənşəli sözlər axtarılmışdır. Son illərin tədqiqatçıları daha çox şumer dili ilə türk dillərinin leksikası arasında uyğunluqlar müəyyən etmişlər. «Belə təsəvvür yaranır ki, şumer xalqı müxtəlif dillərdə danışan etnosların qarışmasından yaranmışdır, lakin onlardan məhz şumer dili üstünlük təşkil etmiş, yazı dilinə və ünsiyyət vasitəsinə çevrilmişdir.» (7; 47)
Türk dilləri kimi, şumer dili də aqqlütinativ quruluşludur: «Şumer, elam, xurrit və urartu dilləri aqqlütinativ tipə mənsubdur - hər bir qrammatik əlaqənin ayrıca bir göstərici ilə ifadəsi səciyyəvidir, göstəricilər bir-birindən sonra müəyyən ardıcıllıqla yerləşir - sözün kökü və əsası və şəkilçilər».(9; 29)
İ.M.Dyakonov aqqlütinativ quruluşlu bu dillərin hamısını səciyyələndirən bir əlamət kimi, onların erqativ quruluşa malik olduğunu, yə’ni bu dillərdə vasitəsiz obyektin - vasitəsiz tamamlığın olmadığını qeyd etmişdir. (9; 7) Vasitəsiz tamamlığın olmadığı dillərdə növ kateqoriyası da formalaşmamış olur, ona görə də bu cür dillərdə məntiqi obyekt bildirən söz adlıq hal formasında hal-vəziyyətin subyekti kimi çıxış edir. (9;7) Erqativ quruluşlu cümlələrdə fe’l aktiv və passiv növ baxımından neytral olur, ikisubyektli fe’l kimi çıxış edir, həm mə’lum, həm də məchul növlərə uyğun gəlir.» Buna görə də bütün erqativ dillərdə tə’sirli və tə’sirsiz fe’llər formal şəkildə fərqlənir: birincilər adəti üzrə subyekt-obyekt təsrif formasına (və ya daha dəqiqi - iki subyektə), ikincilər subyektli təsrifə malik olurlar». (9; 21)
Cümlənin erqativ quruluşu daha çox fe’ləqədərki mərhələyə aid olur. Belə bir fikir də maraqlıdır ki, «...bir sıra dil ailələrində fe’lin təsrif formantları qədim dil prototipi ilə bağlı olmur, belə ki fe’llər finit formanı müstəqil qazanırlar, kök dil isə fe’ləqədərki vəziyyətdə qalır». (9; 33) Elə buna görə də, məsələn, Ə.Dəmirçizadə «Dədə Qorqud»un dilindən danışarkən fe’lin dastanların yarandığı dövrdə «demək olar ki, tam mə’nası ilə təşəkkül etmiş olduğunu» söyləmişdir». (46; 119)
İ.M.Dyakonov qədim Ön Asiyanın dillərini: şumer dili, elam dili, xett dili, hürri və urartu dilləri, kartvel dilləri, sami-hami dilləri, Hind-Avropa dilləri, şimal-şərqi Qafqaz dilləri kimi səkkiz qrupa ayırmış, şumer dilinin bunların heç biri ilə qohum olmadığını göstərmişdir. (9; 29)
Şumer dili alimləri qədim Ön Asiyanın dilləri içərisində daha çox məşğul etsə də, bu dilin qrammatik quruluşu ilə bağlı bir çox məsələlər hələ də dəqiq müəyyənləşdirilməmişdir. Çünki müqayisələr aparmaq üçün heç bir dil şumer üçün varis hesab olunmamışdır.
Şumer dili ilə hamıdan əvvəl şumerlər özləri məşğul olmuşlar.S.N.Kramer yazır ki: «Dilçilik baxımından, çoxsaylı məktəb lövhələrinə əsasən, hər şeydən əvvəl qeyd edək ki, şumerlərdə qrammatikaya xüsusi diqqət verilib. Belə lövhələrin əksəriyyəti mürəkkəb isimlərin və fe’l şəkillərinin və s. uzun siyahısından ibarətdir. Bu onu göstərir ki, şumerlərin qrammatikası yaxşı işlənmişdi. Sonralar, miladdan qabaqkı III minilliyin son dördüncü rübündə, sami-akkadlar tədricən Şumeri zəbt etdikləri vaxtlarda Şumer müəllimləri bizə mə’lum ilk «Lüğətlər» yaratmışlar. Məsələ burasındadır ki, sami işğalçılar nəinki şumer kitabələrini qəbul etmişlər, həm də qədim şumer ədəbiyyatını yüksək qiymətləndirmiş və saxlamışlar; şumer dili ölən vaxtlarda belə, o kitabələri təqlid etməyə başlamışlar».(14; 65, 21)
Mixi yazılar səslərin düzgün verilməsi üçün kifayət qədər imkana malik olmamışdır. Bundan əlavə, həm də «varisi olmadığı üçün» şumer yazıları daha böyük təhriflərlə transliterasiya edilmişdir: «Şumer dilinin bu və ya digər bir dil ilə genetik qohumluğunu bərpa etmək mümkün olmur. Bu yolda aradan qaldırılması çətin olan əngəl şumer sözlərinin real fonetik sifəti haqqında mə’lumat olmamasıdır. ...söhbət şumer fonetikasının akkad vasitələri ilə verilməsindən gedir». (8; 7)
Şumer mətnlərinin latın qrafikası əsasında transliterasiyası qəbul edilmişdir. Söz-formalarda hər bir işarə defislə ayrılır. Tərcümə zamanı mətndə bir işarənin düzgün tələffüzü mə’lum olmadıqda həmin işarənin ilkin ağlabatan oxunuşu baş hərflə kursiv şəklində verilir. Həmin işarənin düzgün tələffüzü tapılmış hesab olunduqda kiçik hərflə, kursivlə işarələnir; omofonlar diakratik işarələrlə fərqləndirilir: na - çəki daşı; na’ < nad - uzanmaq, n’a - adlandırmaq, na4 - daş. Determinativlər, yə’ni sözün hansı kateqoriyadan olduğunu bildirən işarələr sözün üzərində petitlə yazılır; məs.: giş determinativi ağac əşyaları (giş - ağac), na4 - daş qismini (na4 - daş), urudu metal şeyləri (urudu - mis), ki - yer bildirmək üçün (ki - torpaq, yer) işlədilən determinativlərdir. Kişi, qadın və allahları bildirmək üçün m, f, d determinativlərindən (m - lat. mas - kişi, f - lat. femina - qadın, d - lat. deus - allah) istifadə olunur. (8; 18)
Şumer sözlərinin tələffüzü akkad fonetikasına əsaslanır. Ona görə də şumercənin təsəvvür edilən tələffüzündə təxminilik vardır.
Şumer dilinin saitlər və samitlər sistemi yeni və sonrakı dövr şumer dilinin loqoqrafik-sillabik yazıları əsasında müəyyən edilmişdir. Saitlər sistemi aşağıdakı kimi dəqiqləşdirilmişdir: a - u, a - e (ə), u - ü, i. Saitlər sistemində o - ö oppozisiyası müşahidə olunmur, lakin A.Pebel qədim şumer dilinin Laqaş dialektində o saitinin olduğunu qeydə almışdır.
Bu saitlər türk dillərinin, o cümlədən Azərbaycan dilinin saitlər sisteminin əsasında durur. Bə’zi türk dillərində (türkcədə) ə saitinin işlənməməsi, dilimizdə o, ö saitlərinin o qədər də fəal olmaması (məs.: şəkilçilərdə işlənməməsi) onların sonralar yarandığını göstərir. Şumer dilində olmamaları da (və ya az işlənmələri) bununla bağlı izah edilə bilər.
Şumer dilində burun saitlərinin olduğu güman edilir. (9; 47) Bu cəhət də onu türk dilləri ilə bağlayır.
Şumer fonetik sistemi, xüsusilə saitlər akkad fonetik sisteminin də müəyyənləşməsinə kömək etmişdir: «Əsas saitlərin (a, i, e, u) möhkəm şəkildə təsbit olunması canlı nitqi dərəcə dəqiq verməyə imkan yaradan böyük üstünlük idi və akkadlar bu müvəffəqiyyətə görə öz müəllimlərinə - şumerlərə borclu idilər». (1; 135)
Şumer samitlər sisteminə aşağıdakılar daxildir: p - b, t - d, k - g, ş,- s - z, m, n, l, r, h. Bunların sırasında x, j, v, y, q, f, ç, c samitləri müşahidə olunmur. Samitlər sistemindəki g camitindən başqa, diakritik işarəli bir g’ samiti də vardır ki, Babil dövrü sillabik yazılarında bunun müxtəlif şəkildə - g, n, m hərfləri ilə (bə’zən də ng ilə) verildiyi qeydə alınmışdır. (9; 49) Bu göstərir ki, şumer dilində qədim türk dillərinə məxsus qovuşuq ng burun samiti də olmuşdur.
Kombinator vəziyyətlər istisna olmaqla, şumer dilində uzun səslər olmamışdır. Bu cəhət türk dillərinin xarakterinə də uyğundur. Əslində, II minilliyin əvvəllərinə qədər akkad yazılarında kar və cingiltili samitlər fərqlənməmişdir. (Bu hal şumer sözlərinin oxunuşuna da tə’sir edir). Sonrakı dövrdə anlautda fərqləndirilsə də, inlautda və auslautda fərqlənməmişdir. Boğaz samitləri də sonrakı dövrdə fərqləndirilmişdir, lakin fərqləndirmə əvvəllər o qədər də ardıcıl olmamışdır. Akkad yazısındakı sibilyant (fışıltılı) ş səsi affrikat tş, z səsi isə affrikat dz səslərinin verilməsinə xidmət etmişdir. Bu da türk dillərinin tarixi inkişaf yolunda özünü göstərən prosesdir və görünür, bu əsasa görə T.V.Nüvədili anlautda z ilə verilən sözlərin c ilə tələffüzünü düzgün saymışdır. (bax: 22; 255-258)
Türk dillərinin qədim mərhələsini araşdıran fransız alimi L.Bazen Orxon-Yenisey mərhələsində aşağıdakı sait və samitlərin mövcud olduğunu müəyyən etmişdir: a - e, o - ö, ı - i, u - ü. Samitlər: p - b, t - d, k - q, v, m, n, r, l, j, y - 8 sait, 13 samit. Sonrakı - ikinci mərhələdə saitlərin sayı 9-a, samitlər 22-yə çatmışdır. (25; 1-2.) Qədim türk mərhələsinin yazılı abidələri azı 2500 il şumerdən sonrakı hadisədir, fərq isə saitlər sistemində o, ö səslərindən, samitlər sistemində sürtünən f, v, x, y, ğ samitlərindən ibarətdir. Şumer yazısında sözlərin sonunda samitlərin kar və ya cingiltili olduğunun seçilməməsi də (9; 46) nisbəti düzgün müəyyənləşdirməyə mane olur.
İ.M.Dyakonovun şumer dili haqqında dediyi aşağıdakı sözləri eynilə türk dillərinə də aid etmək olar: «Fövqəladə mühüm fonetik qanun: ikihecalı əsaslarda samitlər arasında yalnız bu və ya digər bir sait işlənə bilər: gaba - ‘qrudğ’, ama «matğ», amar «detenış»... Bu, yəqin ki, çox qədim, lakin hər halda sonrakı hadisə olub, söz əsasının ilkin saitinin nədən ibarət olduğunu bildirir». (9; 52) Bu xüsusiyyət Hind-Avropa və sami dillərindən fərqli olaraq, başdan-binadan türk dillərinə aiddir və ahəng qanunu adlanan qanunun əsasında durur.
Şumer dilinin ikihecalı sözlərində sait səslərin ahəngi (alınmalarla mürəkkəb sözlərdən başqa), xüsusilə u - u, a - a, i - i uyğunluğu geniş müşahidə olunur: dumu, uru, Nanna, lukur, Nusku, dağal, tuku, dinqir və s. Ahəngə tabe olmayan sözlər də vardır: Nibru, sipad, Nergal, Navirtum və s. Belələri düzəltmə, mürəkkəb və ya alınma sözlərdir. O.Süleymenov qeyd edir ki, «...şumerlər sözün tərkibindəki samitləri eyni bir saitlə birləşdirərək sözə vahid bir düzüm verirlər: dinqir, sikil, udun, amar, dumu, diriq, eren, zabar, sakar, emek, dili, uzuq, uruq və s. Özü də çox ehtimal, bu prosesə vahid monolit kimi qəbul olunan və qeyri-müəyyən morfoloji quruluşa malik olan alınma sözlər cəlb olunur». (23; 205) Əgər müəllifin müşahidəsinə görə, alınma sözlər ahəngə bu cür tabe etdirilirsə, deməli, bu proses dilin özündə ciddi bir qanun kimi fəaliyyət göstərir. Bu xüsusiyyət də türk dillərinin xüsusiyyətidir və müasir türk dillərində də ahəngin müxtəlif səbəblərdən pozulması halları mövcuddur.
Türk dillərində olduğu kimi, şumer dilində də vurğunun sözün son hecasına düşdüyü müəyyən edilmişdir. Güman edilən musiqili vurğu ilə yanaşı, türk dillərində olduğu kimi, əsas vurğunun güc vurğusu olduğu dəqiqləşdirilmişdir. (9; 52)
Şumer dilində müşahidə olunan fonetik proseslərdən biri söz sonunda g/k səslərinin düşməsidir: emek - eme, eşik - eş, uduk - udu, uzug - uzu - uz, dirig - diri, uruk - uru və s. Bu xüsusiyyət türk dillərində, o cümlədən Azərbaycan dilində geniş yayılmışdır: ayırıq - ayrı, qapıq - qapı, ütük - ütü və s.
Şumer dilində olduğu kimi, türk dillərində də səs keçidləri dilin lüğət tərkibini zənginləşdirən, yeni sözlərin yaranmasına imkan verən mühüm vasitələrdən olmuşdur. Məsələn, get, gəl, gir, keç, köç, qaç sözlərinin kökü eyni morfemdən - gi morfemindən yaranmışdır: ge, gi, gə, kö.
O.Süleymenov türk və şumer dillərini fərqləndirən bir cəhət kimi, şumer dilindəki cingiltili samitlər əvəzində türk dillərində sözlərin daha çox kar samitlə tələffüz olunduğunu qeyd edir: şum. dingir, ud, ada, dirig və s. türk. tengir, ut, ata, tirik. Müəllif əksinə hal da müşahidə etmişdir. Bu vəziyyət «Dədə Qorqud»un dili ilə müasir Azərbaycan dilinin müqayisəsində də özünü göstərir. Belə ki, məsələn, müasir Azərbaycan dilində cingiltili d samiti ilə tələffüz edilən bir çox sözlər dastanın dilində t ilə ifadə olunmuşdur: müasir Az.dili: dağ, dar, dadlı, dam, dayaq, damar, dustaq, duymış və s. - DQ-da: tağ, tar, tatlu, tam, tayaq, tamar. (26; 54) «Dədə Qorqud»un dili ilə müasir Azərbaycan dilində əksinə müqayisə üçün də nümunələr vardır (VI fəslə bax). Bunlar göstərir ki, min illər boyu dildə karlaşma - cingiltiləşmə hadisələri bir-birini əvəz etmişdir. Şumer dilindəki t - d, s - z, p - b, ş - s keçidləri türk dillərinin də xarakter əlamətlərindəndir.
İ.M.Dyakonov şumer dilinin fonetik sistemini nəzərdən keçirərək e.ə.III minilliyin ortalarına aid şumer dili fonetik sistemi ilə II minilliyə aid hürri dili fonetik sistemi arasında yaxınlıq müşahidə etmiş və bu yaxınlığın qədim vahid substratdan gəldiyini güman etdiyini bildirmişdir. (9; 51) Müəllif bunun üçün söz sonunda samitlərin düşümü, saitlərin daxili uyğunlaşması kimi hadisələri qeyd edir. Bunlar türk dillərinin ən xarakterik əlamətlərindəndir. Dilin fonetik sistemi nə qədər qədimdə formalaşmış olsa da, öz qohumluq əsaslarını saxlayır: ahəng qanunu, burun sait və samitlərinin olması, vurğunun son hecaya düşməsi, sait və samitlərin müvafiqliyi və müvafiq şəkildə əvəzlənmələri şumer dilinin fonetik sistemi ilə türk dillərinin və xüsusilə Azərbaycan dilinin fonetik sistemi arasında heç bir əsaslı fərqin olmadığını, əksinə, bu dillərin çox yaxın olduğunu təsdiq edir. Akkad fonetikasının Şumer dilinə yaramadığını göstərən İ.T.Kaneva bu qənaətə gəlir ki,» Şumer fonetikası və fonoloji sistemi zəngin olmuşdur». (8; 20) O da qeyd olunur ki, Şumer dilində kar və cingiltili samitlər güclü fərqlənməmiş, kar samitlər cingiltili, cingiltililər zəif səslər kimi tələffüz olunmuşdur. (8; 21)
E.ə. sonuncu minillikdə şumer mətnlərində dəyişikliklər, bə’zi sözlərin və qrammatik formaların fərqli əvəzediciləri müşahidə olunur. İ.M.Dyakonov belə sözləri «qadın danışığı», İ.T.Kaneva dialekt xüsusiyyəti hesab etmişlər. Lakin faktlar göstərir ki, bu cür sözlər nə dialekt sözüdür, nə də qadın danışığıdır, şumer dilinin yeni inkişaf mərhələsini, arxaik formaların yeniləri ilə əvəz olunduğunu göstərən faktlardır. Konkret desək, müəllif göstərir ki, məsələn, ‘mən’ mə’nasında işlənən ga-e sözü emesal dialektdə ma-e kimi tələffüz olunur. Bu hal çox aydın şəkildə nəticə çıxarmağa imkan verir ki, arxaik forma yenisi ilə əvəz olunmuşdur. Ma sözü ‘mən’, ‘biz’ sözlərinin köküdür. Əgər Şumer dilindəki yeni sözlərin və qrammatik vasitələrin tam şəkildə ortaya çıxarılması mümkün olarsa, bu dilin türk budağı olduğuna şübhə qalmaz.
Dostları ilə paylaş: |