4. QADINA HÖRMƏT
Həzrət Peyğəmbər (s) buyurur: «Ailə quran hər bir kişi həyat yoldaşının hörmətini saxlamalıdır»; «Allah, arvadına üç zərbədən çox vuran şəxsi qiyamət günü hamının qarşısında rüsvay edəcəkdir»; «Gündüzlər qadınınızı döyür, gecələr ağuşunuza alırsınızmı?!»; «Qadın incə bir oyuncaqdır. Onunla ailə quran onu məhv etməsin»; «Özü döyülməyə layiq ola-ola qadınını döyən şəxsə təəccüb edirəm. Qadınınızı ağacla vurmayın. Çünki onun qisası alınacaq».
Əli (ə) buyurur: «Qadınlarınızı incitməyin, başlı-başına da buraxmayın».
Hövla Rəsulullahdan (s) soruşdu: «Qadının kişi üzərinə düşən haqları hansılardır?» Həzrət buyurdu: «Qardaşım Cəbrayıl qadınları o qədər tapşırdı ki, mən kişinin qadına «uf» deməyə belə haqqı olmadığını düşündüm». O dedi: «Qadınlarınızın hüquqlarını pozmaqdan qorxun. Onlar həyatın çətinliyinə dözürlər. Haqqın göstərişinə, Quranın buyurduğuna əsasən sizə halal olmuşlar. Ləzzətlərinizə tabe olduqları, övladlarınızı bətnlərində daşıdıqları və təhlükəli doğum ağrılarına dözdükləri üçün onların sizin üzərinizdə vacib hüquqları var. Onlarla mehriban olun. Onları sevin, onlar da sizinlə uyğunlaşsınlar. Onlardan acığınız gəldiyini izhar etməyin. Mehr olaraq onlara verdiyinizə tamah salmayın və onu zorla əlindən almayın».
Dostları ilə paylaş: |