GÖZƏL VƏ FAYDALI BİR TƏKLİF
Bu ilahi vəzifəni lazımınca yerinə yetirmək üçün belə bir iş görmək yerinə düşərdi: Bütün qohumlarımızı, istər qan qohumları, istərsə də izdivac vasitəsi ilə qohum olanları siyahılaşdıraraq, onların imkanlılarını bir yerə toplayaq. Sileyi-rəhim haqqındakı rəvayətləri onlar üçün açıqlayıb, onları bu mövzuda məlumatlandıraq. Onlardan hər ay və ya hər il başında imkan qədərincə müəyyən qədər pul ayırmalarını xahiş edək. Bu pulu nəslin mötəbər şəxslərindən biri toplayaraq, iki imza ilə əmanət bankına qoysun. Hər hansı bir yoxsul qohum müşkül ilə qarşılaşdıqda, həmin puldan əvəzsiz və ya qaytarmaq şərti ilə götürsün və problemini həll etsin.
Bu, asan başa gələn, Allahın bəyəndiyi və savab bir işdir. Bunun savabı sözügedən üç ayədə diqqətinizə çatdırıldı.
Bu gözəl layihəni həyata keçirmək, onu hər yerdə təbliğ etmək və camaatı bu kimi xeyir işlərə rəğbətləndirmək lazımdır. Əgər belə bir layihə həyata keçirilərsə, dövlətin və xeyriyyəçilərin çiynindən ağır bir yük götürülər və qohumların imkanlıları böyük bir savaba nail olarlar.
Quran «İnfaq» ayəsində qohumlara qayğı göstərməyi digərlərindən öncə vurğulamışdır. Sonra isə yetim, miskin, fəqir, (pulu tükənərək) yolda qalanların adını çəkmişdir. Misal olaraq aşağıdakı ayəyə nəzər salaq:
«…Yaxşı əməl sahibi, əslində, …Allaha məhəbbəti yolunda malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu tükənib yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdirlər…»1
Dostları ilə paylaş: |