YENƏ QADININ HƏYATI VƏ YERİ MÖVZUSUNDA TARİXƏ NƏZƏR SALAQ
Tarixin cahil xalqlarının qadın cinsinə münasibətləri olduqca təəccüblüdür. Haqq və vəhy məntiqindən uzaq yaşayanlar qadına kişinin həva-həvəs dolu həyatını keçirmək üçün bir alət, müxtəlif ləzzət vasitəsi gözü ilə baxır, onun üçün oxuyub-yazmağın təhlükəli olduğunu hesab edirdilər. Təbii həyat məsələləri, qohumlarla görüşmək üçün evdən bayıra çıxmağa icazə vermirdilər. Onun həyat sürdüyü məkanın yalnız ev ‒ dörd divar arası - olmalı olduğu fikrini irəli sürürdülər. Qadını istədiyini etmək iqtidarında olan bir varlıq sanmır, onu olduqca ixtiyarsız hesab edirdilər.
Məsihilər çoxluq təşkil edən məntəqələrdə, - ki, məsihiyyətdən, bu ilahi dindən olduqca uzaq idilər, - qadının ağzına noxta vurmaq lazım olduğunu deyir və onun bəşər, yoxsa heyvan ruhuna malik olduğu mövzusunda tərəddüd edirdilər.
Afrikada qadına bir əşya və sərvət gözü ilə baxır, onun dəyərinin qoyun və inəklə eyni olduğunu hesab edirdilər. Kimin daha çox qadını olsaydı, daha varlı-dövlətli sayılırdı. Qadını alıb-satmaq, onu tarlaları şumlatdırarkən işlətmək olduqca adi və normal bir iş idi.
Hindistanda qadını 5 yaşında ərə verirdilər. Onlara heç bir haqq vermirdilər. Qadının həyatının ərinin həyatına bağlı olduğunu zənn edir, əri öldükdə onu da əri ilə yandırırdılar. Heç bir varlığı əri ölmüş qadın kimi səviyyəsiz, alçaq bir varlıq hesab etmirdilər.
Kəldədə (Beynün-nəhreynin cənubunda yerləşən qədim bir diyar) və Babildə qadını digər əşyalar kimi satırdılar. Hər il izdivac yaşına çatmış yetkin qızlarını satmaq üçün bazar qururdular.
Bu günlərdə də qəzetlərin yazdığına əsasən, bəzi hindlilər cehizin qorxusundan öz qızlarını az yaşlarında məhv edirlər.
Çin və Tibetdə qadınlar evdə ‒ dörd divar arasında işləməkdən başqa heç bir hüquqa malik deyildilər. Qadının yerimək qüdrətini zəiflətmək məqsədi ilə doğulduqdan sonra ayağını dəmir qəlibə salır və on beş yaşına yetdikdən sonra onu açırdılar.
Elm, bilik, fəlsəfə, hikmət mərkəzi olan Yunanıstanda qadının qız doğması cinayət idi. İki dəfə qız doğan qadın mühakimə olunub cərimə ödəyir, üçüncü dəfə isə edama məhkum olunurdu.
Ərəbistanda, Quranın buyruğuna əsasən, qızı diri-diri basdırmaq olduqca adi və çox sadə bir iş idi.
«Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənər. (Allah bilir) Görəsən, o körpəni zillət içində saxlayacaq, yoxsa torpağa (diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb, qızları Allaha isnad edirlər».1
Bütün bunlar avam və ağılsız xalqın qadın cinsinə rəva gördüyü cinayətlərin kiçik bir hissəsidir. Bunların geniş izahını qadın haqqında yazılmış mənbələrdə tapa bilərsiniz.
Müqəddəs İslam dininin sözügedən on məsələ haqqında nəzərini bildiniz. Quranın və rəvayətlərin ifadələrində qadın cinsi aşağıdakı xüsusiyyətlərlə dəyərləndirilmişdir.
«ام»: Hər bir şeyin qaynağı ‒ ana.
«حرث»: Nəslin davamlılığı amili.
«لباس»: Həyat libası (örtüyü).
«تسكين»: Aramlıq, təskinlik amili.
«ريحانه»: Gül budağı və zərif.1
«نعمت»: Haqqın neməti.2
Kişilər və cavanlar - istər ailə quranlar, istərsə də ailə qurmaq fikrində olanlar - bu gözəl varlığın mənəvi məqamlarına diqqət yetirsinlər və bilsinlər ki, ilahi peyğəmbərlər, imamlar, övliyalar, ariflər, həkimlər, yazıçılar, böyük fəqihlər və Allahın saleh bəndələri bu pak varlıqlardan doğulub, dünyaya qədəm qoymuşlar. Onlar bəşər həyatının bütün bu bərəkət və xeyirlərinin qaynağıdırlar.
Əziz ata və analar öz qızlarının tərbiyəsinə daha çox diqqət yetirməli, onların ilahi və insani keyfiyyətlər əxz etmələri üçün fədakarcasına çalışmalıdırlar. Kişilər onların hüquqlarını tam şəkildə qorumalıdırlar. Belə ki, kişilər qadınların sayəsində saleh nəsil tərbiyə etməyə hazırlaşırlar. Bu yolla da, bəşər və cəmiyyət ən yaxşı şəkildə mənəvi qida alır.
Məgər bir məsihi qız müharibədə əsir düşüb həzrət Hadinin (ə) evinə gələrək, onun və Həkimə xatunun tərbiyəsi sayəsində on ikinci imamı ‒ dünya ədalət carçısını dünyaya gətirməyə ləyaqət tapmadımı?!
Qadında belə bir mənəvi məqama yetmək potensialı mövcuddur. Vəhyin hidayət nurunun saçması ilə bütün bunlar onun vücudunda öz əksini tapacaq və əbədi xeyir mənbəyinə çevriləcəkdir.
Qadını təhqir etmək onun şəxsiyyətinə olan hücumdur. Onun hüquqlarını məhdudlaşdırmaq dinin hikmətin göstərişləri xaricindədir. Ona əziyyət vermək, valideynləri və qohumlarını görməkdən məhrum etmək, onunla acı dil və qaşqabaqla davranmaq, gün ərzindəki işin, qanqaraçılığın tənəsini ona vurmaq və onun hislərinə, xüsusilə cinsi qərizələrinə cavab verməmək, hamısı din baxımından bəyənilməz, çirkin iş və aşkar bir zülmdür.
Əgər ailənizin sevgi, məhəbbət təməli üzərində qurulmasını istəyirsinizsə, qadının şəxsiyyətini uca tutun. Eşqinizi ona elan edin. Onun problemləri ilə maraqlanın, ev işlərində ona kömək edin, onu incitməyin, onun gündəlik yorğunluğunun nəticəsi olan bəzi qüsurlarından keçin. Siz yalnız bu yolla həyatın şirinliyini dadıb, Allaha ən yaxşı şəkildə ibadət etmiş olarsınız.
O, xeyir qaynağı, insaniyyət tarlası, sizin həyatınızın örtüyü, aramlıq və təskinlik amili, varlıq bağçasının incə və zərif gülü və Allah-təalanın sizə bəxş etdiyi nemətdir.
Əziz İslam Peyğəmbəri (s) qadına məhəbbət bəsləmək haqqında buyurur: «Dünyada sevdiyim şey qadın və xoş ətirlərdir. Lakin gözümün işığı namazdır».1
Əgər insan qadının hüquqlarını qoruyub, şəxsiyyətinə hörmət göstərməklə ondan saleh əməlli və ləyaqətli övlad sahibi olsa, əməl kitabçası öldükdən sonra belə bağlanmır və saleh övladının paklığının nəticələrindən daim bəhrələnir.
Allah Rəsulu (s) buyurur: «İnsan öldükdən sonra yalnız üç əməlinin nəticəsindən bəhrələnir: Davamlı olan xeyir işdən, digərlərinin faydalandığı elmdən, onun üçün dua edən layiqli övladdan».2
Deməli, valideynlər öz qızlarının, kişilər öz həyat yoldaşlarının qədrini bilməlidirlər. Çünki ailəli olmaq, qız övladı olmaq insanın dünya və axirəti üçün mənfəət qaynağıdır.
Dostları ilə paylaş: |