QADIN VƏHY MƏNTİQİNDƏ
Böyük «Məcməul-bəyan» təfsirində qeyd olunur:1 «Əsma bint Üməys öz həyat yoldaşı Cəfər ibn Əbi Taliblə birgə sırf ilahi və dinin qorunması məqsədi ilə həyata keçirilən Həbəşə hicrətindən qayıtdıqdan sonra Peyğəmbərin (s) xanımlarının yanına gəlir və onlardan «Bizim haqqımızda Quranda bir şey varmı?»-deyə soruşur. «Yox» cavabı eşitdikdə Peyğəmbərin (s) hüzuruna gedərək, eyni sualı soruşur və bildirir ki, qadınlarda ümidsizlik yaranmışdır. Peyğəmbər (s) «Hansı mövzuda?»-deyə soruşduqda o deyir: «Kişilərin yaxşılığı yad edilmiş, lakin qadınların yox.» Bu hadisədən sonra mehriban Tanrı aşağıdakı ayəni nazil etdi:
«Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (cənnət) hazırlanmışdır»1.
Həzrət Peyğəmbər (s) səhabələrlə birlikdə əyləşmiş idi. Əsma bint Yəzid Ənsari onun hüzuruna gəlib ərz etdi: «Atam-anam sənə qurban! Mən qadınlar tərəfindən gəlmişəm. Bil ki, şərq və qərbdə bütün qadınların fikri mənim fikrimlə üst-üstə düşür. Allah səni kişi və qadınlar üçün peyğəmbər göndərib. Biz də sənə və Allaha iman gətirmişik. Lakin qadın cinsinin imkanları çox məhduddur. Onlar evdə ‒ dörd divar arasında həbs olunublar və öz ərlərinin şəhvətini doydurmağa və hamilə olmağa məcburdurlar. Amma siz kişilər cümə və camaat namazlarına, xəstələrin görüşünə, cənazə müşayiətinə təkrar şəkildə həcc ziyarətinə, hamısından mühümü də Allah yolunda cihada getməkdə qadınlardan üstünsünüz. Kişi həccə, ömrəyə və yaxud sərhədləri qorumağa gedir, biz qadınlar isə onların malını qoruyur, libas tikir, uşaq tərbiyə edirik. Biz kişilərlə hansı əcrdə, hansı savabda şərikik?» Həzrət Peyğəmbər (s) üzünü səhabələrinə tutaraq buyurdu: «Dini haqqında bundan yaxşı danışan bir şəxs görmüsünüzmü?» Səhabələr dedilər: «Bu həqiqətlərə çatacaq hər hansısa bir qadın təsəvvür etmirik». Həzrət Peyğəmbər (s) üzünü ona tutaraq buyurdu: «Get, bütün qadınları xəbərdar et. Ərinizə yaxşı xidmət göstərmək, onların razılığını cəlb etmək və düzgün həyat sürmək məsələlərində onlarla razılaşmaqdan qazandığınız savab, kişilərə aid bütün savablarla bərabərdir».
Əsma bint Yəzid Ənsari Peyğəmbərin əyləşdiyi məclisdən olduqca şad və sevincək halda xaric oldu.2
Səkkizinci İmam (ə) ataları vasitəsi ilə həzrət Peyğəmbərdən (s) nəql edir: «Mömin insan Allah üçün müqərrəb mələk kimidir. Həqiqətən, mömin Haqq üçün mələkdən də böyükdür. Allah üçün tövbə edən mömin kişi və qadından sevimli bir şey yoxdur».
Dostları ilə paylaş: |