HALAL VƏ HARAM
Şübhəsiz ki, insanın zəhmətinin məhsulu olan, şəriətdə təyin olunmuş yollarla əldə olunan mal halal, şəriətdə təyin olunmayan, rüşvət, oğurluq, qarət və s. kimi qeyri-şəri yollarla əldə olunan mal isə haramdır.
Halal qazanc əldə etmək üçün atılan addım ibadət olaraq savaba, haram qazanc əldə etmək üçün atılan addım isə günah olaraq Allahın nifrətinə səbəb olur.
Halaldan boyun qaçıran, harama doğru addımlayan, ona nəsihət edənlərə «Neyləyim ki, məni də Allah belə yaradıb?!»-deyə cavab verən şəxs Allaha qarşı çıxaraq, şeytani vəsvəsədən doğan köklü bir günah etmişdir.
Bir çox Quran ayələri açıqca bu məsələyə toxunaraq, Allahın hamıya halal ruzi verdiyini və insanın fikri, əxlaqi azğınlıqlarına səbəb olan haram ruzi vermədiyini, yalnız halal qazanc dalınca getmək lazım olduğunu buyurur.
Haram ruzini Allaha aid etmək bir iftira olaraq axirət əzabına səbəbdir.
Allahın halal qazanc əldə etməyi tapşırması, sonra da bəndələrinə haram ruzi nəsib etməsi Onun ədaləti, mərhəməti ilə ziddiyyət təşkil edir. Əsla belə deyil! Ulu Tanrının iradəsi ilə əmri arasında heç bir ziddiyyət yoxdur. Allaha belə iftira yaxanlar böyük bir günaha qurşanırlar.
Quranda buyurulur:
«Ey insanlar! Yer üzərindəki şeylərin təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Həqiqətən, şeytan sizinlə açıq-açığına düşməndir. O sizə yalnız pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir»1.
«Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib, sahib etdik. Özlərinə təmiz ruzi verdik»2.
İmam Baqir (ə) buyurur: «Allah-təala hər bir insanın ruzisini halaldan (qazanmasını) vacib edib. Bu halal ruzi ona sağ-salamat yetiriləcək. Haram yolun Allaha bağlılığı yoxdur. İnsan haram qazanc əldə etdikdə, həmin miqdarda da halaldan məhrum olur. Bunları nəzərə almadan, Allah yanında insan üçün böyük bir mərhəmət qərarlaşdırılmışdır».1
Dostları ilə paylaş: |