NÜBUVVƏT (PEYĞƏMBƏRLİK)
Peyğəmbərlər insanları düzgün yola yönəldir, onları Haqqa tərəf dəvət edirlər. Peyğəmbərlər insanları Haqqın ibadətinə səsləyir və onları zalım hakimlərin ibadətindən çəkindirirlər. Onlar insanlara sağlam yaşamağın, əməlisaleh olmağın yolunu göstərirlər. Əmirəl-möminin Əli (ə) Rəsuli-əkrəmin (s) peyğəmbərliyi haqqında buyurur: «O, Allah bəndələrini Haqqın ibadətinə sövq etdirməyə, onları Şeytana itaətin zillətindən Haqqa itaətin izzətinə çatdırmaq üçün göndərilmişdir».1
Haqq elçisi insanların tərəqqisi, Quran tilavəti, nəfslərin aludəçilikdən saflaşması və Quranı təlim etmək üçün göndərilmişdir. O, insanları zülmətdən çıxarıb nura daxil etmək üçün qiyam etmişdir. O, yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, pakları halal, çirkinlikləri haram etmək niyyəti ilə zorla camaatın boynuna qoyulmuş mədəniyyətlərin ağır yükünü qaldırmaq və boyunlarına bağlanmış şeytani zəncirləri açmaq üçün meydana atılmışdır. Ona iman gətirərək hörmətini saxlayanlar, ona köməyə qalxanlar, Qurana tabe olanlar nicat tapanlardır. Onlar göndərildilər ki, sabah qiyamət günü yolunu azmışlar «Peyğəmbərimiz olsaydı, yolumuzu azmazdıq»-deyə bəhanə gətirməsinlər.
Allah-təala peyğəmbərlərin bütün davranışlarının insanlar üçün örnək, ülgü olduğunu buyurmuşdur. Əməlisalehlik, səxavət, problemlər qarşısında səbir, möminin haqqını ödəmək, pakizəlik, gülərüzlük, ailəyə məhəbbət, namaz qılmaq və xoş iyli ətirlərdən istifadə etmək ‒ hamısı ilahi ənbiyaların əxlaqi keyfiyyətlərindəndir.
Peyğəmbərlər insanları təqvaya, paklığa, əmanətdarlığa, doğruluğa, şücaətə, vəfalı olmağa, sədaqətə, mehribanlığa, mərhəmətə, səmimiyyətə, əməlisaleh olmağa dəvət edir və onlara hər bir çirkin, xoşagəlməz işdən uzaq durmağı buyururlar. Peyğəmbərlər qiyamət günü əməl meyarıdırlar. Camaatın əməli onların əməli ilə ölçüləcək, onların xilas və ya əzaba düçar olmaqları peyğəmbərlərin buyruqlarına nə dərəcədə tabe olmaqları ilə müəyyənləşəcəkdir.
Dostları ilə paylaş: |