Bir nəfər imam Sadiqdən (ə) soruşdu: «Ən fəzilətli, üstün əməl hansıdır?» Həzrət (ə) buyurdu: «Vaxtında namaz qılmaq, ata-anaya yaxşılıq və Allah yolunda cihad etmək».1
İmam Sadiq (ə) buyurur: «İnsana ata-anasına ‒ istər diri, istərsə də ölü olsunlar ‒ yaxşılıq etməyə mane olan nədir?»2
Bir nəfər o Həzrətdən (ə) soruşdu: «Ata-anam dünyasını dəyişib. Mən nə edim?» Həzrət (ə) buyurdu: «Onların tərəfindən namaz qıl, sədəqə ver, Həccə get və oruc tut».3
ZƏKƏRİYYA İBN İBRAHİMİN MÜSƏLMAN OLMASI VƏ ATA-ANASINA QULLUĞU
Zəkəriyya deyir: «Mən məsihi idim. Dini təəssübümə baxmayaraq, müsəlmanlığı qəbul etdim. Qəlbim fərəhlə dolu idi. Məkkəyə ‒ imam Sadiqin (ə) yanına getdim. Həzrət (ə) buyurdu:
- Sualın varsa, soruş.
Mən dedim:
- Mənim ailəm məsihidir. Ailəmizdə tək müsəlman mənəm. Anamın gözləri tutulub. Mən bu ailə ilə yaşamağa məcburam. Çünki ata-anamın məndən başqa kimsəsi yoxdur. Mən onlarla birgə yemək yeyir, onların qabından su içirəm.
- Onlar donuz yeyirlərmi?
- Yox.
- Onların donuzla heç bir əlaqəsi yoxdurmu?
- Xeyr.
Daha sonra İmam (ə) buyurdu: «Evinizdən çıxma. Valideynlərindən ayrılma. Anana qulluq et. İşlərini gör, onu hamama, ayaqyoluna apar, paltarlarını dəyişdir, yemək yedizdir».
Kufəyə qayıtdıqda, Həzrətin (ə) bütün tapşırıqlarını həyata keçirdim. Anam «Düzünü de, müsəlman olmusanmı?»-deyə məndən soruşdu. Dedim: «Bəli, sənə göstərdiyim bu qulluq zəmanəmizin imamı, Peyğəmbərin (s) nəvəsi həzrət Sadiqin (ə) göstərişləridir». Anam dedi: «O özü peyğəmbərdir?» Mən: «Yox, o altıncı imam və Peyğəmbər nəvəsidir» dedim. Anam dedi: «Yox, sənin mənimlə davranışın ilahi peyğəmbərlərin göstərişidir. Mən kor olmağıma baxmayaraq, sənin dininin öz dinimdən üstün olduğunu anlayıram. Mənə də müsəlman olmağa kömək et».
Mənim köməyimlə anam da müsəlman oldu. Zöhr namazını mənimlə qıldı. Şam azanı vaxtı mənə dedi: «Yenə namaz qıl. Mən də səninlə birgə qılım. Çünki mən günorta etdiyim ibadətin ləzzətini anladım».
Şam namazını da birlikdə qıldıq. Namazdan sonra dünyasını dəyişdi. Həzrətin (ə) buyurduğu «Anan dünyasını dəyişdikdə özün dəfn et!» sözləri yadıma düşdü. Sübh tezdən şiələrə xəbər verdim. Lakin onlar «Keşişə xəbər ver» dedilər. Mən «Anam müsəlmanlığı qəbul etmişdi» dedim. Bundan sonra onların köməyi ilə anamı dəfn etdik».1
Cabir Cöfi deyir: «Mən imam Sadiqin (ə) yanında olarkən bir kişi ərz etdi: «Valideynlərim əhli-sünnətdirlər. Məzhəbi təəssübləri çoxdur. Onlarla necə davranım?» Həzrət (ə) buyurdu: «Bizim həqiqi şiələrimizlə necə davranırsan?» Kişi «Onlarla eşqlə, məhəbbətlə davranır, problemlərinin həllinə çalışıram»-deyə cavab verdi. Həzrət (ə) buyurdu: «Valideynlərinlə də eləcə davran!»2
Həzrət Baqir (ə) buyurur: «Bir gənc valideynləri sağ olduqda onlara çox xidmət edir. Onlar dünyalarını dəyişdikdə vəsiyyətlərində oxuyur: «Oğlum, bizim bir az borcumuz var. Sağlığımızda onu ödəyə bilmədik. Sən bizim borcumuzu ödə». Bu cümlələri oxuyan gənc «Mənə heç bir aidiyyatı yoxdur. Özləri ödəyəydilər» deyir və Allahdan onların bağışlanmağını belə istəmir. Allah mələklərə onu da valideynin üzünə ağ olanlar kimi qeyd etmələrini tapşırır.
Digər bir gənc isə valideynləri sağ olduqda onların üzünə ağ olur. Lakin onlar vəfat etdikdən sonra borclarını ödəyir və onlar üçün bağışlanmaq istəyir. O, bu hərəkətlərinə görə, valideynlərinə yaxşılıq etmiş şəxs kimi qeydə alınır.»1
«Əmali» kitabında imam Sadiqdən (ə) rəvayət olunur: «Həzrət Musa (ə) ərşin kölgəsində gözəl bir sima gördükdə ərz etdi: «Ərşin üzərinə kölgə salan bu şəxs kimdir?» Xitab olundu: «Bu, valideynlərinə yaxşılıq edən və əməl dəftərində söz gəzdirib, ara qatmaq yazılmayan şəxsdir».
İmam Sadiq (ə) buyurur: «Əgər ölümün sizin üçün asanlaşmasını istəyirsinizsə, qohumlarınıza baş çəkin, ata-ananıza yaxşılıq edin. O zaman ölüm mələyinə «Ölümü onun üçün asanlaşdır»-deyə əmr olunar. Əgər belə edərsinizsə, ömrünüzün sonuna qədər yoxsulluğun nə olduğunu bilməzsiniz».
Bir şəxs Kəbədə Əbuzərə dedi: «Əlinin (ə) çöhrəsinə çox baxırsan». Əbuzər cavab verdi: «Peyğəmbərin (ə) yanında idim. Mənimlə Həzrətin (ə) arasında fasilə yox idi. Həzrət (s) mənə buyurdu: «Əliyə (ə) baxmaq və ata-anaya mərhəmətlə nəzər salmaq ibadətdir».2
Əmirəl-möminin (ə) buyurur: «Allaha qarşı üsyandan başqa, qalan yerlərdə ata-ananın sözünü qəbul et».
İmam Musa ibn Cəfər (ə) buyurur: «Bir şəxs həzrət Peyğəmbərdən (s) «Atamın haqqını mənim üçün aydınlaşdır»-deyə xahiş etdi. Həzrət (s) buyurdu: «(Övladı) onu adı ilə çağırmasın, onun qarşısında oturmasın və onun söyülməsinə səbəb olmasın».1
Həzrət Sadiq (ə) buyurur: «Övladlara valideyinlərinə qarşı üç şey vacibdir: hər bir halda onlara təşəkkür etmək, Allaha qarşı üsyandan başqa, qalan yerlərdə onlara itaət etmək, aşkarda və gizlində onların yaxşılığını (xeyirini) istəmək».2
Həzrət Peyğəmbər (s) buyurur: «Valideyninə qarşı çıxana deyilər: «Nə edirsən, et. (Onsuz da) Mən səni bağışlamayacağam»;3 «Allah bu dünyada iki şeyin əzabını tezləşdirər: zina (zülm) və valideynin üzünə ağ olmaq»;4 «Ata-anasını qəmləndirən şəxsin üzünə ağ olur».5
İmam Sadiq (ə) buyurur: «Valideynlərinə acıqla, sərt baxmaq onların üzünə ağ olmağa səbəbdir».
Bir şəxs həzrət Peyğəmbərə (s) dedi: «Etmədiyim pis əməl qalmayıb. Mənim üçün tövbə qapısı açıqdırmı?» Həzrət (s) «Ata-anan sağdırmı?»-deyə soruşdu. Həmin şəxs «Anam dünyasını dəyişib, atam isə sağdır»-deyə cavab verdi. Rəsulullah (s) buyurdu: «Əgər bütün günahlarının bağışlanmasını istəyirsənsə, atana yaxşılıq et».
O şəxs məsciddən çıxdıqdan sonra Peyğəmbər (s) buyurdu: «Əgər anası sağ olsaydı, ona yaxşılıq etməklə bağışlanmağa daha yaxın olardı».6
Musa (ə) Allahdan üç dəfə tapşırıq istədikdə xitab olundu: «Sənə iki dəfə ananı, bir dəfə isə atanı tapşırıram».7
Həzrət Baqir (ə) buyurur: «Üç şeydə insan üçün azadlıq yoxdur: yaxşılıq və pislik qarşısında əmanətdarlıqda, yaxşılıq və pislik qarşısında vəfadarlıqda və yaxşılıq və pislik qarşısında valideynlərə yaxşılıq etməkdə».1
Dostları ilə paylaş: |