İYİRMİ DOQQUZUNCU FƏSİL AİLƏ XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİNİN SƏBƏBLƏRİ XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK
Xoşbəxtlik və bədbəxtlik insanın əməllərinin, əxlaqının, əqidəsinin məhsuludur. Gözəl əxlaq, saleh əməl xoşbəxtliyə, həmçinin pis əxlaq, çirkin əməl, Haqq yolunu azmış əqidə isə bədbəxtliyə səbəb olur.
Xoşbəxtlik dünya və axirətdə xoş gün görmək, bədbəxtlik isə dünya və axirətdə qaragün olmaqdır.
Haqqın rizası əbədi behişt xoşbəxtliyinin məhsulu, Haqqın nifrəti, daimi şiddətli əzab isə bədbəxtliyin acı meyvəsidir.
Bütün müsəlman ailələrin bu iki həqiqətə ‒ xoşbəxtlik və bədbəxtliyə diqqət yetirmələri zəruridir.
Ər və arvad evliliyin ilk günlərindən başlayaraq, əl-ələ verib xoşbəxtlik amillərini özlərinə cəlb və bədbəxtlik amillərini isə tərk etməlidirlər. Nəticədə isə, onların ailələri sağlam və pak bir mühitə çevrilməlidir.
Bu məsələ və onun amilləri Quranda və rəvayətlərdə geniş şəkildə açıqlanmış, camaata özlərini xoşbəxtlikdən məhrum edib, bədbəxtliyə sürükləməmələri haqqında xəbərdarlıq edilmişdir.
Burada ailə quruluşu ilə bağlı ‒ onu xoşbəxtlikdən məhrum edib bədbəxtliyə sürükləyən ‒ bir neçə əxlaqi məsələyə toxunur və ailələrin daha çox ehtiyacı olduğu iman və əməl məsələsinin geniş mütaliəsini onların öz öhdəsinə qoyuram.
Ailələr, xüsusilə də İran ailələri Allaha, qiyamətə, nübuvvət və imamətə inanır, namaz, oruc, həcc və s. kimi vacib əməlləri yerinə yetirir, haram yeməkdən çəkinir, məhrəm və naməhrəm məsələsinə lazımi şəkildə riayət edirlər. Ailələrin zəif cəhəti bəzi əxlaqi məsələlərə riayət etməmələridir. Bu səbəbdən, lazımi qədərincə bu məsələni izah etməklə kifayətlənirik.
Dostları ilə paylaş: |