AZ UMMAQ
Kişi və qadın hər ikisi özünəməxsus cismi və ruhi gücə malikdir. Bu gücü anlamaq azacıq ünsiyyətdən asılıdır. Qadın və kişi azacıq ünsiyyətdən sonra bir-birlərinin cismi və ruhi qabiliyyətləri ilə daha yaxından tanış olurlar.
Qadın və kişi bilməlidir ki, uca Allah insana ünvanladığı əmr və qadağaları buyurarkən, iki mühüm məsələni nəzərə almışdır: 1. İnsanın bacarığı xaricində olan bir şey tapşırmamışdır; 2. İnsanın öhdəsinə qoyduğu məsuliyyətləri onun bacardığından da bir pillə aşağı mərhələdə tələb etmişdir.
Bu ulu Tanrının qiyamət gününə qədər davam edəcək lütfüdür. «Bəqərə» surəsinin 233, 286, «Ənam» surəsinin 152, «Əraf» surəsinin 42 və «Möminun» surəsinin 62-ci ayələrində bu həqiqətə toxunulmuşdur:
«Heç kəsin öhdəsinə gücü çatmayan iş (bacarığı xaricində olan iş) qoyulmaz».
«Allah heç kəsi gücü çatmayan işi (görməyə) vadar etməz».
Buna əsasən, qadın və kişi qarşılıqlı təvəqqe və umacaqlarında Haqqın rəhim xüsusiyyətindən dərs almalıdırlar.
Birincisi, istər maddi, istərsə də mənəvi məsələlərdə imkan xaricində olan tələblər irəli sürməməlidir. Çünki bu bir zülm olaraq Haqqın əzabına səbəb olur.
İkincisi isə, öz istək və tələbləri zamanı bir-birlərinin hazırki imkanından da aşağı mərhələni nəzərə almalıdırlar.
Əgər onlar belə bir iş görə bilsələr, bu zaman ilahi övliyaların əxlaqını özlərində əks etdirmiş olacaqlar.
Çox şey ummaq imkan xaricində olan bir işin icrasını tələb etmək deməkdir. Şübhəsiz ki, belə bir işin tələb olunması ailədə qan-qaraçılıq yaradır, səmimiyyəti pozur, nəticədə isə ailənin dağılmasına gətirib çıxarır.
Çox şey ummaq qürurdan doğan şeytani bir xislət və ruhi bir xəstəlikdir. Az şey ummaq isə ədəbin, mərifətin göstəricisidir.
Əgər baldan da şirin bir həyat sürmək istəyirsinizsə, ixtilafdan, şəxsiyyəti təhqirə yol açan artıq umacaqdan uzaq durun. Çünki Haqqın rəhmətini, razılığını yalnız bu yolla cəlb etmək mümkündür.
Hər halda, qadın və kişi ailədə olduqca səmimi və mülayim olaraq, bir-birlərinə qarşı daha asan tələblər irəli sürməlidirlər. Bu, saleh əməllərdən hesab olunaraq, mükafata layiq görülür.
Həzrət Peyğəmbər buyurur: «Əməlisaleh şəxslər behiştə daxil olaraq, Kövsər kənarında mənimlə ilk görüşən şəxslər olacaqlar».1
İmam Sadiq (ə) buyurur: «Behiştin «saleh əməl» adlı bir qapısı var. Oradan yalnız əməlisaleh şəxslər daxil olacaqlar. Bu dünyanın əməlisalehləri axirətin də əməlisalehləridirlər».2
Rəsulullah (s) buyurur: «Hər bir saleh əməl sədəqədir».3
Quranda hər bir yaxşı əməlin qarşılığının (mükafatının) on qat ödəniləcəyi buyurulmuşdur.4
Az şey ummaq bir növ saleh (yaxşı) əməl və İslami bir sədəqədir. Belə ki, onun mükafatı on qat ödəniləcəkdir. Belə olan surətdə bəs nə üçün qadın və kişilər bu ilahi mükafata layiq olmasınlar? Nə üçün onlar ömürlərinin sonuna qədər bu faydalı mükafatı əldə etmək üçün mübarizə aparmasınlar?
Dostları ilə paylaş: |