ONUNCU FƏSİL İSLAMIN İZDİVAC MƏSƏLƏSİNDƏ ƏSASLI PROQRAMLARI İZDİVAC ÜÇÜN DANIŞIQ APARMAQ
Müsəlman və mö᾽min əhali arasında belə bir adət var: Oğlan və qızın ailələri (qarşılıqlı) araşdırmalarını başa vurduqdan sonra izdivac, mehr, nikah və toy mərasimləri üçün bir-birləri üçün məsləhətləşirlər.
Ailələr çalışmalıdırlar ki, məsləhətləşmələri, oğlan və qız haqqındakı sual-cavabları müqəddəs şəriət çərçivəsində, ağıla müvafiq şəkildə həyata keçirilsin və hər bir sözlərində tam doğruluğa riayət edilsin.
Belə məclislərdə qız və oğlanın həqiqi yaşı, oğlanın sənəti, qazancı, davranışı, əhval-ruhiyyəsi, təhsili və s. kimi deyilməsi zəruri olan məsələlər doğru-düzgün şəkildə qarşı tərəfə çatdırılmalıdır. Əgər hər hansısa bir eybi varsa, açıqca deyilməlidir. Gizlədilməsi mümkün olsa belə. Həmçinin, qızın ailəsi də qarşı tərəfin bütün suallarına düzgün və insafla cavab verməli, düz danışmaqdan çəkinməməlidir. Çünki bu şəraitdə hər bir lazımi məsələni açıqca demək, gələcəkdə yarana biləcək bir çox problemin qarşısını alır.
Bu mövzuda məkr, hiylə və s. kimi vasitələrdən istifadə etmək şər᾽i cəhətdən haram və böyük bir günahdır. Bu odun tüstüsü ilk mərhələdə qız və oğlanın, növbəti mərhələdə isə hər iki ailənin gözünü acıdacaq.
Doğruluq, düzgünlük, sədaqət hər iki ailəni qarşıya gələn hər hansısa bir qanqaraçılıqdan qoruyur, qəti qərara gəlməyi asanlaşdırır və onların nicat tapmalarına zəmin yaradır.
Hiylə, məkr, aldatmaq bə᾽zən nikahın pozulmasına, mehrin boyundan düşməsinə və əqdin təlaqsız pozulmasına səbəb olur. Bu, İslamın iki tərəfdən birinin aldandığı vaxt ona verdiyi icazədir.
Qur᾽an, rəvayətlər insanlara hiylə işlətməyi, bir-birini aldatmağı qadağan edir və bu işi görən adamın dünya və axirətdə ilahi əzaba düçar olacağını bəyan edirlər.
Həzrət Peyğəmbər (s) buyurur: «Hər hansısa bir müsəlmanı aldadan bizdən deyil».1
Əli (ə) buyurur: «Səni özünə əmin hesab edən şəxsə qarşı hiylə işlətməyin küfrdür»;2 «Hiylə işlədən şəxs öz əməlinin acı nəticəsi ilə qarşılaşacaq».3
«Nəhcül-bəlağə»də müttəqilərin xüsusiyyətləri sayılarkən buyurulur: «Müttəqilər xalqa məkr və hiylə ilə yaxınlaşmazlar».
Rəsulullah (s) buyurur: «Məkr və hiylə (işlədən şəxsin yeri) cəhənnəm odundadır».
O həzrət (s) digər bir hədisdə buyurur: «Müsəlman şəxs məkr və hiylə işlətməz. Mən Cəbrayıldan eşitdim ki, məkr və hiylə (işlədən şəxsin yeri) oddadır».
İzdivac etmək istəyərkən bir-birini aldatmaq, qadın və kişinin eybini örtmək, bir sözlə, kişi və qadının birgə yaşamalarını təhlükəyə salan məsələlər «Biharül-ənvar»ın 100-cü cildində və mərceyi-təqlidlərin əməliyyə risalələrinin «İzdivac» fəslində geniş şəkildə qeyd olunmuşdur.
MEHR VƏ KƏBİN HAQQININ ÖDƏNİLMƏSİ ZƏRURƏTİ
Ailələr arasında baş verən səmimi danışıqdan sonra oğlan və qız İslam prinsipləri əsasında, ifrat və təfritə yol vermədən mehr haqqında razılığa gəlməlidirlər. Əlbəttə, mehr məsələsini nə qədər asanlaşdırıb onun miqdarını orta səviyyədə saxlasalar, bir o qədər Haqqın razılığına səbəb olar.
İslam övliyaları qız və oğlanların nikah məsələləri rahat həll olunması üçün mehr məsələsini çətinləşdirməməyi, ağırlaşdırmamağı tə᾽kidlə tövsiyə etmişlər.
Ailələr «mehr ağırdır» -deyə, ailə həyatlarının davam edəcəyini düşünməsinlər. Ağır mehrlərlə atası evinə qayıdan, xar olan çox qızlar müşahidə olunmuşdur!
Bu növ məsələlərdə Allahın lütf, rəhmət və inayətinə güvənin. İki tərəfdən birinin təhqir olunacağına səbəb olan məsələlərdən qəti şəkildə çəkinin.
Mehr məsələsində müəyyən razılıq əldə olunduqdan sonra əsl tərəflər, yə᾽ni qız və oğlan onun miqdarını tə᾽yin etməlidirlər. Nikah bağlandığı andan e᾽tibarən mehrin yarısını ödəmək kişiyə vacib olur. Qalan hissəsi isə toydan - bir yastığa baş qoyduqdan sonra şər᾽i bir borc olaraq kişinin boynuna gəlir. Əgər bu haqq nikah bağlandıqda ödənilərsə, bu zaman kişi öz borcunu ödəmiş, qadın da öz şər᾽i və qanuni haqqını almış olar.
Gənclər bu məsələyə diqqət yetirməlidirlər. Mehrin ödənilməsi onlar üçün bir zərurətdir. Əks təqdirdə, böyük bir günaha düşmüş olacaqlar.
Mehrin ödənilməsi elə bir həqiqətdir ki, Qur᾽anın «Bəqərə» surəsinin 236, 237, 241, «Nisa» surəsinin 4, «Qəsəs» surəsinin 27, 28 və «Əhzab» surəsinin 49-cu ayəsində açıqca bəyan edilmişdir. Mehr məsələsində heç bir şəxsin qadına azacıq da olsa, zülm etməyə haqqı yoxdur.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadının mehrini ödəməyən – beləliklə də ona zülm edən şəxs Allah yanında zinakar sayılır. Qiyamət günü Allah-təala ona xitab edər: «Ey mənim bəndəm! Mənimlə bağladığın əhd (kəbin) əsasında kənizimi sənə halal etdim. Mənimlə bağladığın peymana vəfa qılmadın. Ona zülm etdin». Sonra qadının haqqı qədərincə kişinin yaxşı əməllərindən götürüb, arvadının yaxşı əməlləri üzərinə qoyarlar. Əgər arvadının haqqını ödəmək qədərincə yaxşı əməli olmazsa, əhdinə vəfa qılmadığı üçün onu oda atarlar. Əhd-peyman (böyük) məs᾽uliyyətdir».1
İmam Sadiq (ə) buyurur: «Oğrular üç zümrədən ibarətdirlər: Zəkat verməkdən boyun qaçıranlar, qadının mehrini yemək və qarət etməkdən çəkinməyənlər və borc alıb, onu qaytarmaq fikrində olmayanlar».2
Həzrət Rza (ə) ataları vasitəsi ilə Peyğəmbərdən (s) nəql edir ki, Allah-təala üç günahdan başqa bütün günahları bağışlayır. O üç günah qadının mehrindən boyun qaçırmaq, fəhlənin əmək haqqını verməmək və azad insanı satmaqdan ibarətdir.3
Həzrət Sadiq (ə) buyurur: «Ən böyük günah günahsız insanı öldürmək, mehr ödəməkdən boyun qaçırmaq və fəhlənin əmək haqqını ödəməməkdir».1
İslam övliyaları kəramət sahibi olan qadınlara tövsiyə edirlər: «Mehri bağışlamaq üçün münasib olan bir şərait gördükdə, səxavət nişanəsi olan bu əxlaqi əməli həyata keçirsinlər».
Həzrət Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur: «Nikah zamanı, hələ əri ilə bir yastığa baş qoymayan hər hansı bir qadın öz mehrini ona bağışlayarsa, onun əməl naməsinə mehrin hər bir dinarının qarşılığında bir kölə azad etmə savabı qeyd olunur». Soruşdular: «Ya Peyğəmbər! Bu bəxşiş toy mərasimindən sonra baş versə, necə?» Rəsulullah buyurdu: «Toy mərasimindən sonra bağışlanan (halal olunan) mehr, məhəbbət və ünsiyyətin nəticəsidir».2
Dostları ilə paylaş: |