EV VƏ AİLƏ ÜÇÜN ÇALIŞMAQ İBADƏTDİR
İzdivac, ailəli olmaq, övlad tərbiyəsi müsbət dünyəvi nəticələrdən başqa, bir çox mə᾽nəvi mənfəətlərə də yol açır.
Həyat yoldaşının və övladlarının ehtiyacını tə᾽min etmək üçün işləyib çalışmaq pak İslam mədəniyyətində böyük ibadət, hətta Allah yolunda cihad etməyə bərabər bir ibadət sayılır. Belə ki, mə᾽sumlardan bizə gəlib çatmış bir rəvayətdə buyurulur: «Allah halalı ilə ailəsinin ehtiyaclarını ödəməyə çalışanlar Onun yolunda cihad edənlərə bərabərdirlər».1
Həyat yoldaşının və övladların hüquqlarını qorumaq, onların mə᾽nəvi həyatına diqqət yetirmək, həmçinin qadının da ərinin və uşaqlarının hüquqlarına riayət etməsi çox çətin bir iş və Allah əmrinin icrası olduğundan, onların maddi ehtiyaclarını tə᾽min etmək kimi böyük savab və əcrə malikdir.
Sağlam nəsil, layiqli övladlar tərbiyə edib cəmiyyətə təhvil vermək, Allah razılığı olan ailəni və ailə üzvlərini günah və fəsaddan uzaq saxlamaq, onların təkamül və tərəqqisi üçün zəmin yaratmaq isə çox mühüm bir iş və Allaha ibadətdir.
Dördüncü imam (ə) öz həkimanə bir kəlamında buyurmuşdur: «Maddiyyat və mə᾽nəviyyat süfrəsini öz qadını və övladlarının üzünə açan hər bir şəxs Haqqın razılığına digərlərindən daha yaxındır».2
Hər halda, cəmiyyət ailənin məhsuludur. Hər hansı bir millətin prezidenti, naziri və digər məs᾽ul işçiləri ailədə formalaşmışlar. Onların tərbiyəsi və şəxsiyyətlərinin formalaşmasının əsas mənbəyi ailə və ailə başçıları olmuşdur.
Ailə bir torpağa bənzəyir. Əgər torpaq lazımi qayğıdan uzaq olsa, duzlu bir çöl olaraq qalacaq. Nə gül bitirəcək, nə də sünbül. Lakin ona lazımi qayğı göstərilərsə, bu zaman ondan gül, sünbül və ya hər hansısa bir məhsul gözləmək məntiqə uyğun olar.
Xoşbəxtlik və bədbəxtlik insana ilk növbədə valideynlərindən keçir. Əgər valideynlər öz övladlarının səadəti yolunda çalışsalar, böyük ibadət etmiş və izdivacın əbədi mənfəətlərindən bəhrələnmiş olarlar. Lakin onların bədbəxtlik amilinə çevrilsələr, müqəddəs izdivac prosesindən faydalanmamış və öz əlləri ilə özləri üçün ziyan süfrəsi açmış olarlar. Bu səbəbdən İslamın yüksək maarif dolu rəvayətlərindən birində həzrət Peyğəmbərdən (s) nəql olunur: «Hər bir bədbəxtin bədbəxtliyinin amili anasının bətnində, hər bir xoşbəxtin də xoşbəxtliyinin amili anasının bətnindədir».1
Böyük şair Kəlim Kaşaninin dili ilə desək:
Əz kuze həman brun təravəd ke dər ust.
Mə᾽nası:
Bir səhəngdən yalnız onun içindəkilər bayıra tökülə bilər.
Deməli, valideynlər övladlarının varlıq səhənginə nə töksələr, onun beynini, qəlbini hansı şəkildə formalaşdırsalar, onu hansı proqramlara qarşı sövq etdirsələr, gələcəkdə övladları cəmiyyət üçün həmin miqdarda da faydalı olacaqlar.
ÜLVİ MƏQSƏDLƏR ÜÇÜN AİLƏ QURUN
İnsanın ailə qurmaqdan məqsədi müqəddəs və mə᾽nəvi amal olmalıdır. İzdivac Haqqın əmrlərinə itaət, peyğəmbərlərin üslubuna tabeçilik, həyat yoldaşının səadətini tə᾽min etmək və gözəl övladlar tərbiyə etmək məqsədi ilə həyata keçirilməlidir.
Qadın və kişi ailə qurarkən özlərini böyük bir ibadəti həyata keçirmək üçün hazırlamalıdırlar. Haqqın razılığını nəzərdə tutmalı və bilməlidirlər ki, onların hər ikisi «sülb» və «bətn» baxımından cənab Haqqın əmanətdarıdırlar. Onlar bilməlidirlər ki, Haqqın əmanəti olan övladları az bir müddətdə atanın sülbündə, altı aydan doqquz aya qədər də ana bətnində qonaqdırlar. Bu iki müddətdə Allahın övlada verdiyi dəqiq tə᾽sirlənmə qabiliyyəti ilə onlar ana və atanın bütün xüsusiyyətlərini qeyri-iradi olaraq qəbul edirlər.
Nəql edirlər ki, həzrət Peyğəmbər (s) hamilə qadınlara batil əleyhinə haqq cəbhələrinə tamaşa etməyə icazə verirmiş. Bu yolla qadınlar cihadın, haqq yolunda savaşın gözəl mənzərələrinə tamaşa edərək, döyüşçülərin ilahi şüarlarına qulaq asır və bu görmək və eşitmək yolu ilə bətndəki uşağı qidalandırırdılar. Beləliklə də, uşaq ana bətnində şücaətli, ciddiyyətli bir varlıq kimi inkişaf edirdi.
Məgər eşitməmisiniz ki, həzrət Fatimənin (s) pak vücudu Rəsulullahın (s) sülbündə yaranmazdan öncə Allah tərəfindən Peyğəmbərə (s) qırx gün oruc tutmaq tapşırıldı. Gecələr iftar edərkən behişt yeməklərindən yeyirdi. Belə bir şəraitdə o pak insanın nütfəsi ana bətninə köçürüldü.
Sizinlə izdivac arasındakı vasitə gözünüz olmamalıdır. İzdivac dəllalı şəhvət, var-dövlət, yeni qohumların vasitəsilə hər hansısa vəzifəyə tə᾽yin olunmaq, aldadıcı gözəl simaya sahib olmaq olmamalıdır. Bu məqsədlərlə qurulan ailələr bu günə qədər heç bir nəticə verməmişdir.
Çalışıb Allahı, ibadəti, mə᾽nəviyyatı, həyat yoldaşının hüquqlarına riayət etməyi, saleh və sağlam övladlar tərbiyələndirməyi, bir sözlə, Allahın razılığını izdivacın əsas məqsədinə çevirməliyik. Yalnız bu yolla izdivacın nəticə və faydası əbədi və daimi olar.
Halal ləzzətləri bu uca məqsədin davamı hesab edin ki, bu halal ləzzətlə də axirət savabına nail olasınız.
Əgər izdivac ilahi məqsədlərlə həyata keçirilsə, təlaqla nəticələnməz. İlahi bağlılıq daimi və əbədi olur.
İlahi məqsədlər üçün ailə quran şəxs öz həyat yoldaşının bütün haqlarına riayət edir. Həyat yoldaşı onun tərəfindən heç bir zülmə mə᾽ruz qalmır.
Həyat yoldaşının abrını övladlar və qohumlar qarşısında qorumaq vacib, qadının kişi tərəfindən, kişinin də qadın tərəfindən təhqir olunması İlahi nəzərində haramdır.
Əli (ə) və Fatimənin (s.ə) izdivacı müsəlman kişi və qadınlara örnək olmalıdır. Hansı ki, bu izdivac ülvi məqsədlərlə həyata keçirilmiş və onun nəticəsi pak, saf, ilahi övladlar olmuşdur.
Şiə hədislərində aşağıdakı ayə bu pak izdivaca aid edilmişdir:
«(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün), açıb buraxdı. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). O iki dənizdən inci və mərcan çıxar»1.
İki dəryadan məqsəd Əli (ə) və Fatimədir (s.ə). İki mə᾽rifət, səbir, helm, iman, bəsirət dəryası. Fasilədən məqsəd həzrət Peyğəmbər (s), «lö᾽lö» (inci) və «mərcan» isə həzrət Həsən (ə) və Hüseyndir (ə).2
Ailə quruluşu tam islami və ilahi olmalıdır ki, Allah-təalanın razılığını cəlb etsin.
Ailə qurarkən bəyənilməz, qeyri-ilahi, şeytani adət-ən᾽ənələrdən istifadə edilməməlidir. Peyğəmbər (s) onları məhv etməyi tapşırmışdır: «İslama müvafiq olmayan cahiliyyət adət-ən᾽ənələrini məhv edin».
Əks təqdirdə, izdivacın acı nəticələri ilə qarşılaşmalı olacağıq.
Dostları ilə paylaş: |