Maddə 31. Yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin dövlət tərəfindən alınması
Yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 32. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsindən istifadə
32.1. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsindən istifadə hüququ olan şəxs müvafiq vəsiyyətnamədə göstərilən müddətə həmin yaşayış sahəsindən onun mülkiyyətçisi ilə bərabər istifadə edir. Vəsiyyət tapşırığında müəyyən edilən müddət bitdikdən sonra həmin vətəndaşın yaşayış sahəsindən istifadə hüququna xitam verilir bu şərtlə ki, həmin vətəndaşın bu yaşayış sahəsindən istifadə hüququ üçün digər qanuni əsaslar olmasın.
32.2. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan mülki hüquqi fəaliyyət qabiliyyətli vətəndaşlar həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə həmin yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə məsuliyyət daşıyır bu şərtlə ki, göstərilən mülkiyyətçi ilə vətəndaşlar arasında başqa razılaşma olmasın.
32.3. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan vətəndaş vəsiyyət tapşırığından irəli gələn yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malikdir.
Dostları ilə paylaş: |