Sual: Qərbin inkarı nə deməkdir? Məqsəd onların elm və texnologiyasının inkarıdır, yoxsa başqa bir şey nəzərdə tutulur?
Cavab: Bu çox əhəmiyyətli sualdır. Mən bu barədə bir neçə məqama toxunmaq istəyirəm. Əvvəla, Qərbi inkar etmək - onun texnologiyasını, elmini, inkişafını və təcrübələrini inkar etmək demək deyil. Heç bir ağıllı insan bunu etməz. Qərbi inkar etmək – onun istismarçılığını inkar etməkdir; istər siyasi istismarçılıq olsun, istər iqtisadi və yaxud mədəni. Mən bu qısa vaxt ərzində Qərbin mədəni istismarçılığı haqda bir neçə cümlə demək istəyirəm. Bu, sizin üçün faydalı ola bilər.
Qərb mədəniyyəti gözəllik və çirkinliklər məcmusundan ibarətdir. Heç kim Qərb mədəniyyətinin bütünlüklə çirkin olduğunu deyə bilməz. Xeyr! Bütün mədəniyyətlər kimi, o da gözəl cəhətlərdən xali deyil. Heç kim öz qapılarını bu və ya digər əcnəbi mədəniyyətin üzünə mütləq şəkildə bağlamaq istəməz. Qərb mədəniyyəti Şərq mədəniyyəti və dünyanın digər mədəniyyətləri kimi, həm yaxşı, həm də pis elementlərdən təşkil olunub. Ağıllı bir xalq və toplum yaxşı elementləri götürüb öz mədəniyyətinə əlavə edər, onunla öz mədəniyyətini zənginləşdirər, pis elementləri isə rədd edər. Dediyim kimi, bu məsələdə Avropa, Qərb, Amerika, Latın Amerikası, Afrika və yaxud Yapon mədəniyyətləri arasında heç bir fərq yoxdur - hamısı bərabərdir. Biz hər hansı bir mədəniyyətlə rastlaşdıqda, təbii olaraq bacardığımız qədər onun gözəlliklərini götürməli, bizə münasib olmayan pis və zərərli cəhətləri və bizim baxışımızdakı gözəlliklərlə ziddiyyət təşkil edənləri rədd etməliyik. Bu, ümumi bir prinsipdir. Qərb mədəniyyəti haqda isə mühüm bir məqam var, sizin buna diqqət yetirmənizi istəyirəm. Qərbin, yəni avropalıların mədəniyyətinin, bizim bildiyimiz qədər, başqa mədəniyyətlərdə olmayan bir eybi var. Bu, hakimolma hissidir. Bu, qəti humanitar, coğrafi və tarixi dəlillərə əsaslanır. Onlar dünyada elmi üstünlüyə malik olan kimi, on doqquzuncu əsrdə birbaşa müstəmləkəçilik formasını alan siyasi və iqtisadi hökmranlıqları ilə öz mədəniyyətlərini yeritməyə başladılar, xalqların mədəniyyətinə qarşı mübarizə apardılar. Bu, pis haldır. Hər hansı bir xalqın başqa bir ölkəyə öz mədəniyyətini qəbul etdirməyə qalxması əsla qəbuledilməzdir. Əgər çox yaxşı da olsa, xalq ona sırınan mədəniyyəti qəbul etməz. Siz yəqin ki, öz meylinizlə yediyiniz qatıq-çörəyi zorla ağzınıza qoyulan kabab-plovdan üstün tutarsınız. Hər hansı bir iş zorla olduqda, güc göstərildikdə, amiranə və təkəbbürlü şəkildə yeridildikdə, hər bir xalq ona qarşı çıxar. Bu, belə də olmalıdır. Misal üçün, qalstuk Qərbə aid bir şeydir. Qərblilər bunu istəyirlər, sevirlər, öz ənənələrinə uyğundur. Siz isə başqa bir ölkənin vətəndaşı ola-ola, əgər təsadüfən kostyum geyinməyi seçmisinizsə və qalstuk taxmırsınızsa, mədəniyyətsizmi hesab olunmalısınız?! Nə üçün? Bu sizin mədəniyyətinizdir, mənim günahım nədir?! Əgər kostyum geyinmisinizsə, bant və ya qalstuk da taxmalısınız, yoxsa filan məclisdə iştirak edə bilməzsiniz, mədəniyyətsiz, nəzakətsiz və səliqəsiz adam sayılacaqsınız! Bu, Qərb mədəniyyətinin zorla qəbul etdirilməsidir. Qərbli qadının öz adət-ənənəsi var. Onların qadın məsələsinə, qadının geyiminə, kişilərlə əlaqəsinə və cəmiyyətdə roluna dair xüsusi normaları var. İndi bunların yaxşı, ya pis olmasından danışmırıq. Məsələ burasındadır ki, onlar bu mədəniyyəti zorla dünyanın digər xalqlarına qəbul etdirmək istəyirlər. Bu, Qərb mədəniyyətinin pis xüsusiyyətidir.
Mən bir dəfə bir misal vurub dedim ki, bir var özünüz öz seçiminizlə yüksək kalorili bir qidanı, yaxud hər hansı dərmanı qəbul edəsiniz, bir də var sizi huşsuz edib, yatıra, yaxud əl-ayağınızı bağlayıb sizə bir ampul vuralar. Fəsadlı rejim və ölkə başçılarının vasitəsi ilə Qərb mədəniyyətini xalqlara köçürməyə çalışmışlar. İran xalqına etdiklərinə görə Allah azğın Pəhləvi rejiminin günahından keçməsin! Onlar da belə idilər. Onlar müxtəlif üsul və yollarla Qərb mədəniyyətini ölkəmizə hakim etməyə çalışdılar, bundan ötrü İran xalqını, milli mədəniyyəti, milli inamları təhqir etdilər.
Qacarlar sülaləsinin sonlarında qərblilərin İrana hücumu başlandı, Pəhləvilərin dövründə isə zirvə həddinə çatdı. O dövrdə yetişənlər İran xalqını özünü idarə etməyə, işləməyə, bir şey düzəltməyə, dünyaya nə isə təqdim etməyə və yaxud əldə edilmiş məlumatları artırmağa layiq bilmirdilər. Nə üçün belə idi? Bu, xalqın mədəniyyətinin, milli kimliyinin təhqirinə və əcnəbi mədəniyyətin qəbul etdirilməsinə görə idi. Milli kimlik mədəniyyətlə formalaşır. Hər bir xalqın kimliyi onun mədəniyyətidir. Bunu yaralamaq olmaz. İran xalqının Qərb mədəniyyətinə qarşı çıxması buna görədir. Qərb mədəniyyətinin gözəllikləri də var. Onların mədəniyyətinin gözəlliklərini götürməyin eybi yoxdur, amma öncə o gözəlliklərin nədən ibarət olduğu müzakirə mövzusu olmalıdır.1
Dostları ilə paylaş: |