Sual: Siz Ruhani məhkəməsinin işini ədalətli bilirsinizmi?
Cavab: İşi qanunidir. Mən heç bir məhkəmə haqda mühakimə yurudub onların tamamilə ədalətli olduğunu deyə bilmərəm. Amma hələ ki, biz bunlardan ədalətsiz bir şey görməmişik. İşləri pis olmayıb. Qanunsuz və ədalətsiz hökmlər çıxardığını göstərən bir fakt varsa, araşdırılmalıdır, lakin mən bunlardan ədalətsiz iş müşahidə etməmişəm.2
Sual: Belə bir məhkəmənin olması konstitusiyaya uyğundurmu?
Cavab: Bəli, konstitusiyaya tam uyğundur. Əlbəttə, indi bu sualın geniş cavabının yeri deyil. İndi 16-17 ildir ki, bu məhkəmə fəaliyyət göstərir. Əgər konstitusiyaya zidd olsaydı, heç şübhəsiz, bu qədər davam edə bilməzdi.3
Sual: Siz son iki ildə mətbuat azadlığı və informasiya vasitələri haqda dəfələrlə danışmış, bu çıxışlarda quruluşun məmurlarına, xüsusən də ölkənin mədəni qurumlarında çalışanlara lazımi xəbərdarlıqlar etmiş, qələm və mətbuat adamlarına tövsiyə və nəsihətlər vermisiniz. Siz bir dəfə cümə namazında mətbuatın vəziyyətini acınacaqlı dəyərləndirmiş və demişdiniz ki, bu haqda sonradan geniş danışacaqsınız. İndi sizdən mətbuatın acınacaqlı vəziyyətini izah etmənizi xahiş edirik.
Cavab: Mən onda cümə namazında dedim ki, ölkədə olan bəzi hallardan çox əziyyət çəkirəm. Mənə əziyyət verən məsələləri ictimai rəy qarşısında söyləmək istəmirəm. O zaman dediyim acınacaqlı vəziyyət isə həqiqətən belədir. Mən iki-üç il bundan öncə cümə namazında dedim ki, dünya hegemonları və birinci növbədə ABŞ rejimi hökumətləri devirmək və iğtişaş törətmək üçün təbliğatdan istifadə edirlər. Sonra həmin qurumlara müraciətlə dedim ki, siz radiolarınız vasitəsi ilə Şərqi Avropada və digər ölkələrdə icra etdiyiniz proqram və təxribatları müsəlman İranda icra edə bilməzsiniz. Bu mümkün deyil, xam xəyaldır. Ancaq təəssüf ki, təbliğat vasitələri ilə bir ölkənin ictimai rəyini dəyişdirmək istəyən düşmənin bu gün radiolar əvəzinə ölkəmiz daxilində baza qurduğunu görürəm. Bugünkü bəzi mətbu orqanları düşmənin bazalarına çevrilib BBC-nin, ABŞ-ın və sionizm rejiminin radio və televiziya kanallarının istədiyi işləri görürlər.
Mən nə mətbuatın azadlığına müxalifəm, nə də onun çoxluğuna. Bu ölkədə iyirmi qəzetin yerinə iki yüz qəzet çıxsa, mən daha çox sevinərəm. Mən qəzetlərinin çoxalmasına pis baxmıram. Əgər mətbuat konstitusiyada nəzərdə tutulduğu kimi, aydınlığa və şəffaflığa səbəb olsa, ölkənin mənafeyinə xidmət etsə, xalqın və dinin xeyrinə yazsa, nə qədər çox olsa, bir o qədər yaxşıdır. Lakin bu gün bəzi mətbu orqanlarının bütün fikir-zikirləri ictimai rəyi təşvişə salmaq, ixtilaf yaratmaq, xalqın və oxucuların quruluşa inamını qırmaqdır. Sanki bir mərkəzdən idarə olunan on-on beş qəzet var. Onlar müxtəlif məsələlərə dair bir-birinə oxşar başlıqlar dərc edir, kiçik məsələləri böyüdür və elə manşetlər verirlər ki, onları görən şəxs ölkədə hər şeyin məhv olduğunu düşünər. Bunlar cavanlarda olan ümidi qırır, vətəndaşların hər birində məmurlara qarşı etimadı sarsıdır, ölkənin əsas orqanlarını təhqir edirlər.
Mən bilmirəm bunların örnəyi hara və kimdir. Qərb mətbuatı da belə deyil. Bu gün bəzi mətbu orqanlarının gördüyü iş bir növ şarlatanlıqdır. Bizim bəzi qəzetlərimizin örnək seçdiyi dünyada bir məmur, nazir, hətta prezident oğurluq etsə, yazır və ifşa edirlər; cinayət törətsə, ifşa edirlər; rüşvət alsa, manşetə çıxarır və yazırlar, amma ölkənin konstitusiyasına, qanunverici orqanına hücum etmirlər. Qəbul olunmuş bəzi qanunları tənqid və təhlil edə bilərlər, amma bir qanuna qarşı ajiotaj yaratmırlar. Bunlar bu üsulların əsas sahiblərindən də bir addım öndə gedir, konstitusiyanı, ölkənin əsas siyasətlərini aşağılayır, kiçik məsələləri böyük göstərirlər.
Hər bir hadisədə ittihamlar baş alıb gedir. Bir terror hadisəsi baş verir, hələ heç kəsin əlində informasiya, bu hadisəni törədənlərə dair ipucu yoxdur. Amma görürsünüz ki, bir qəzetin manşetində Mühafizəçilər Korpusunu, Bəsici, ruhaniləri ittiham edirlər. Bu işlərdə məqsəd nədir? Nə üçün Bəsicə qarşı bu qədər qərəzlidirlər? Mən söhbətimin birinci hissəsində dedim ki, gənc enerjili və həyəcanlıdır. Ölkə bir silahlı hücuma məruz qalanda gənclər könüllü şəkildə gedirlər. Ölkə dinc və sülh şəraitində olanda gənclərin həyəcanını sağlam doyurmaqdan ötrü Bəsicdən yaxşı nə ola bilər?! Bu, imamın təşəbbüsü idi. Gəncin həyəcanlı ruhu quruculuq, iman, sağlamlıq və ölkə üçün faydalı olan bir yerdə işlənməlidirsə, Bəsic təşkilatından daha mühüm və daha etimadlı bir təşkilat ola bilərmi?! Nə üçün Bəsiclə bu qədər nifrət edirlər? Nə ilə düşməndirlər? Nə üçün Bəsici bu qədər sual altına salırlar? Bu onların daxilindəki qərəzləri aşkara çıxarır.
Mən bilirəm ki, bu mətbu orqanlarının çoxunun yazarları və rəhbərləri arasında yaxşı və mömin insanlar var, amma onların arasında Abdullah ibn Übəyy kimilərin əlini də görürəm: təfriqə salır, ixtilaf və gərginlik yaradır, ictimai rəyi təşvişə salır, ümidləri qırır, məyusluq yayır, düşməndən asılı və ona mürid olan qüvvələri böyüdür, faydalı, mömin, ixlaslı, xeyirxah qüvvələri gözdən salırlar. Təbii ki, bu işlərin nəticəsi olmayacaq və Allah-Taala onları rüsvay edəcək.
Mən bəzi mətbu orqanları haqda bu qədər açıq və geniş danışmaq istəmirdim, ancaq məcbur oldum. Mən məsul şəxslərlə söhbət etdim, möhtərəm prezidentimiz də mənim kimi mətbuatdan narazıdır. Mən onunla da söhbət etmişəm. Eşitdim ki, bunların bəzisini toplayıb nəsihət vermiş, sözünü demişdir. Mən bilmirəm nəsihətlə işlər düzələr, yoxsa yox. Məncə çətin düzələ. Düşmən ictimai rəyə təsir göstərmək və gündəm yaratmaq üçün proqram hazırlamışdır, xalqa nəfəs çəkmək imkanı vermək istəmir. Xalq bir yerdə bir sevinc hiss edirsə, dərhal bir məsələni böyüdür və daim gərginlik yaradırlar.
Mən dövlət məmurlarına dəfələrlə tapşırmış, onlardan ciddi şəkildə istəmişəm ki, bu vəziyyətin qarşısını alsınlar. Bunun adı mətbuatı məhdudlaşdırmaq, azad informasiya ötürülməsinin qarşısını almaq deyil, informasiyanın sağlam ötürülməsini biz də təsdiq edirik. Bunun mənası düşmənin nüfuzunun qarşısını almaq, onun təbliğat və təxribatlarını nəticəsiz qoymaqdır. Mən bu informasiya və mətbu orqanlarını ölkə, gənclər, gələcək, inqilab və xalqın imanı üçün zərərli bilirəm. Bu cərəyan daim İslamın mühüm məsələlərinin müqəddəsliyini sındırmaqla, İslam mövzularını və inqilabı sual altına salmaqla məşğuldur; həm də məntiqi dillə yox, qeyri-sağlam mətbuatın olduğu dövrlərdən başqa bir yerdə bənzəri görünməyəcək həddə olduqca yanlış üsullarla. Mən düşündüm ki, məmurlara və prezidentdə deyəndən sonra övladları ilə dərdləşən bir ata kimi bundan sizə şikayət edim.1
Dostları ilə paylaş: |