Sual: Əgər siyasət və əməllərdə eyib olsa, onu bildirmək lazımdırmı? Sizin hökuməti müdafiə əmrinizə qarşı çıxmamaq üçün bunu necə bildirməliyik?
Cavab: Mən heç zaman tənqidin qarşısını almamış və heç kəsə qadağa qoymamışam. Düzgün və xeyirxah tənqidin zərəri yoxdur, lakin tənqid təxribatla sonuclanmamalıdır. Bəzi qüvvələr təxribat şəklində tənqid edirlər. Bu yaxşı deyil. Çiynində ölkənin ağır məsuliyyəti olan və böyük işləri, məsələn, iqtisadiyyatı sahmana salmasını gözlədiyimiz şəxsi gücləndirməsək, nə zamansa bir zəiflik görünəndə bunu örtməsək, belə bir şey gözləyə bilərikmi?! Belə olan halda bizim istədiyimizi – yəni öz vəzifəsini yerinə yetirməsinə ümidvar ola bilərikmi?! Mənim fikrimcə, ölkə məmurlarına kömək etmək, onlara yardım göstərmək hamının borcudur. Düzdür, o zamana qədər ki, onlar düzgün İslam və imam xəttində hərəkət etsinlər. Bu xətdən yayınan kim olursa-olsun, müdafiəediləsi deyil. Bunda heç bir fərq yoxdur; yuxarıdan aşağıya hamıya aiddir. Mənim özüm də beləyəm. Əgər Allah eləməmiş, mən də düzgün İslam xəttindən uzaqlaşsam, məni dəstəkləmək, yaxud fərmanlarıma itaət göstərmək daha xalqa vacib olmaz. Düzdür, bəzən səhv və üslub fərqi ola bilər. Üslub fərqinə görə ölkə məmurlarını və müxtəlif sahələrin başçılarını öz himayəmizdən məhrum etməməliyik. Xeyr! Onları müdafiə etməliyik.
Siz də bilin, mənim əzizlərim! Bu gün bu ölkə hökumətin və xalqın bir yerdə olduğuna görə qüdrətlidir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Bunu sizə məlumat əsasında deyirəm. Hətta demokratik ölkələrdə də sizin burada müşahidə etdiyiniz vəziyyət yoxdur. Bizdə bir məmur oturub xalqla səmimi surətdə danışır; nə onlar bundan qorxurlar, nə də bu onlardan qorxub özgəlik hissi keçirir. Xoşbəxtlikdən, bu ölkədə belə nümunələr çoxdur, oralarda isə belə deyil. Bu da dinin və İslamın sayəsində əldə olunub. Öz iddialarına görə demokratik olan dinsiz və ateist hökumətlərlə xalq arasındakı pərdə digər yerlərdən çox-çox qalın idi. Yəni hökumətin və xalqın bu birliyi dinə və İslama görədir. Bunu əldən vermək olmaz. Bu çox faydalı bir şeydir. Dövlət məmurları ilə xalq arasında olan bu əlaqə - xalqın dəstəyi və məmurların xalqa sevgi və qayğıkeşliyi çox dəyərli bir şeydir.1
Sual: İnqilabın həqiqi dostlarının mühakiməsi haqda fikriniz nədir? (Burada iki nəfərin adı çəkilib. Mən adları oxumayacağam; istər yaxşılığa çəkilsin, istər pisliyə) Bu gediş İslam quruluşuna yaraşırmı?
Cavab: Baxın, kiminsə inqilab dostlarından olduğu üçün mühakimə olunmaması fikri məntiqsiz fikirdir. İnqilab dostlarından olan şəxs gərək bu inqilabın qanunlarına görə cinayət sayılan bir iş görməsin və məhkəməlik də olmasın; hər hansı yolla məhkəməlik olsa da, bəraət qazansın. Əgər bir nəfər cinayət törətmişsə, inqilabın həqiqi dostu olduğuna görə onun mühakimə olunmamasını deyə bilmərik. Bu düzgün məntiq deyil. Burada adları çəkilən bu iki nəfərin vəziyyəti, əvvəllər və indi inqilabın həqiqi dostları olub-olmamaları, yaxud birinin belə olması, birinin isə olmaması ilə işim yoxdur. Lakin məhkəmənin hökmünə görə, inqilabın dostlarından olan kimdənsə bir xəta baş vermişsə, bu, onun məsuliyyətə cəlb olunmasına mane olmamalıdır.2
Dostları ilə paylaş: |