Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu



Yüklə 1,5 Mb.
səhifə15/17
tarix20.01.2017
ölçüsü1,5 Mb.
#781
1   ...   9   10   11   12   13   14   15   16   17
    Bu səhifədəki naviqasiya:
  • Sual

Sual: İnqilabın həqiqi dostlarının mühakiməsi haqda fikriniz nədir? (Burada iki nəfərin adı çəkilib. Mən adları oxumayacağam; istər yaxşılığa çəkilsin, istər pisliyə) Bu gediş İslam quruluşuna yaraşırmı?

Cavab: Baxın, kiminsə inqilab dostlarından olduğu üçün mühakimə olunmaması fikri məntiqsiz fikirdir. İnqilab dostlarından olan şəxs gərək bu inqilabın qanunlarına görə cinayət sayılan bir iş görməsin və məhkəməlik də olmasın; hər hansı yolla məhkəməlik olsa da, bəraət qazansın. Əgər bir nəfər cinayət törətmişsə, inqilabın həqiqi dostu olduğuna görə onun mühakimə olunmamasını deyə bilmərik. Bu düzgün məntiq deyil. Burada adları çəkilən bu iki nəfərin vəziyyəti, əvvəllər və indi inqilabın həqiqi dostları olub-olmamaları, yaxud birinin belə olması, birinin isə olmaması ilə işim yoxdur. Lakin məhkəmənin hökmünə görə, inqilabın dostlarından olan kimdənsə bir xəta baş vermişsə, bu, onun məsuliyyətə cəlb olunmasına mane olmamalıdır.1
Sual: Mümkünsə, ruhani məhkəməsi və onun əhəmiyyəti barədə məlumat verin.

Cavab: Ruhani məhkəməsi düzgün, əsaslı, qanuni və lazımlı bir orqandır. Düzdür, ajiotaj yaradır, düzgün olmayan iradlar bildirirlər. Bu məhkəmə zamanında təşkil edilmiş, mühüm və əsaslı işlər də görmüşdür. Bütün təbəqələr kimi, ruhani təbəqəsi də səhv və cinayət edə bilən bir təbəqədir. Başqa bir tərəfdən, bunların xüsusiyyəti və mövqeyi elədir ki, bir ruhanini mühakimə və sorğu-sual etməyə cürəti və bacarığı olan bir məhkəmənin olması zəruridir. Qarşı tərəf özü ruhani olduqda, bu nə bilirsə, o da bildikdə, onu daha yaxşı mühakimə edə bilər. Bütün bunlar nəzərə alınmışdır. Bəziləri deyirlər ki, imamın dövründə bu məhkəmə olmayıb. Boş sözlərdir. Bu məhkəmə imamın dövrünə aiddir. Bu məhkəməni o yaradıb və lazım görüb. Bu məhkəmə böyük işlər görmüşdür. Odur ki, yaxşı və qanunda müəyyən olunmuş məhkəmədir. Bəli, imam bir dəfə bu məhkəmə yox, ümumiyyətlə Ali Məhkəmə barədə deyib ki, ən azı xalqın yarısı onlardan narazıdır. Çünki müraciət edənlərin yarısı ya məhkumdurlar, ya da məhkumların tərəfdarları. Hər halda, narazı qalırlar. Ruhani məhkəməsi də belədir.2
Sual: Siz Ruhani məhkəməsinin işini ədalətli bilirsinizmi?

Cavab: İşi qanunidir. Mən heç bir məhkəmə haqda mühakimə yurudub onların tamamilə ədalətli olduğunu deyə bilmərəm. Amma hələ ki, biz bunlardan ədalətsiz bir şey görməmişik. İşləri pis olmayıb. Qanunsuz və ədalətsiz hökmlər çıxardığını göstərən bir fakt varsa, araşdırılmalıdır, lakin mən bunlardan ədalətsiz iş müşahidə etməmişəm.1
Sual: Belə bir məhkəmənin olması konstitusiyaya uyğundurmu?

Cavab: Bəli, konstitusiyaya tam uyğundur. Əlbəttə, indi bu sualın geniş cavabının yeri deyil. İndi 16-17 ildir ki, bu məhkəmə fəaliyyət göstərir. Əgər konstitusiyaya zidd olsaydı, heç şübhəsiz, bu qədər davam edə bilməzdi.2
Sual: Siz son iki ildə mətbuat azadlığı və informasiya vasitələri haqda dəfələrlə danışmış, bu çıxışlarda quruluşun məmurlarına, xüsusən də ölkənin mədəni qurumlarında çalışanlara lazımi xəbərdarlıqlar etmiş, qələm və mətbuat adamlarına tövsiyə və nəsihətlər vermisiniz. Siz bir dəfə cümə namazında mətbuatın vəziyyətini acınacaqlı dəyərləndirmiş və demişdiniz ki, bu haqda sonradan geniş danışacaqsınız. İndi sizdən mətbuatın acınacaqlı vəziyyətini izah etmənizi xahiş edirik.

Cavab: Mən onda cümə namazında dedim ki, ölkədə olan bəzi hallardan çox əziyyət çəkirəm. Mənə əziyyət verən məsələləri ictimai rəy qarşısında söyləmək istəmirəm. O zaman dediyim acınacaqlı vəziyyət isə həqiqətən belədir. Mən iki-üç il bundan öncə cümə namazında dedim ki, dünya hegemonları və birinci növbədə ABŞ rejimi hökumətləri devirmək və iğtişaş törətmək üçün təbliğatdan istifadə edirlər. Sonra həmin qurumlara müraciətlə dedim ki, siz radiolarınız vasitəsi ilə Şərqi Avropada və digər ölkələrdə icra etdiyiniz proqram və təxribatları müsəlman İranda icra edə bilməzsiniz. Bu mümkün deyil, xam xəyaldır. Ancaq təəssüf ki, təbliğat vasitələri ilə bir ölkənin ictimai rəyini dəyişdirmək istəyən düşmənin bu gün radiolar əvəzinə ölkəmiz daxilində baza qurduğunu görürəm. Bugünkü bəzi mətbu orqanları düşmənin bazalarına çevrilib BBC-nin, ABŞ-ın və sionizm rejiminin radio və televiziya kanallarının istədiyi işləri görürlər.

Mən nə mətbuatın azadlığına müxalifəm, nə də onun çoxluğuna. Bu ölkədə iyirmi qəzetin yerinə iki yüz qəzet çıxsa, mən daha çox sevinərəm. Mən qəzetlərinin çoxalmasına pis baxmıram. Əgər mətbuat konstitusiyada nəzərdə tutulduğu kimi, aydınlığa və şəffaflığa səbəb olsa, ölkənin mənafeyinə xidmət etsə, xalqın və dinin xeyrinə yazsa, nə qədər çox olsa, bir o qədər yaxşıdır. Lakin bu gün bəzi mətbu orqanlarının bütün fikir-zikirləri ictimai rəyi təşvişə salmaq, ixtilaf yaratmaq, xalqın və oxucuların quruluşa inamını qırmaqdır. Sanki bir mərkəzdən idarə olunan on-on beş qəzet var. Onlar müxtəlif məsələlərə dair bir-birinə oxşar başlıqlar dərc edir, kiçik məsələləri böyüdür və elə manşetlər verirlər ki, onları görən şəxs ölkədə hər şeyin məhv olduğunu düşünər. Bunlar cavanlarda olan ümidi qırır, vətəndaşların hər birində məmurlara qarşı etimadı sarsıdır, ölkənin əsas orqanlarını təhqir edirlər.

Mən bilmirəm bunların örnəyi hara və kimdir. Qərb mətbuatı da belə deyil. Bu gün bəzi mətbu orqanlarının gördüyü iş bir növ şarlatanlıqdır. Bizim bəzi qəzetlərimizin örnək seçdiyi dünyada bir məmur, nazir, hətta prezident oğurluq etsə, yazır və ifşa edirlər; cinayət törətsə, ifşa edirlər; rüşvət alsa, manşetə çıxarır və yazırlar, amma ölkənin konstitusiyasına, qanunverici orqanına hücum etmirlər. Qəbul olunmuş bəzi qanunları tənqid və təhlil edə bilərlər, amma bir qanuna qarşı ajiotaj yaratmırlar. Bunlar bu üsulların əsas sahiblərindən də bir addım öndə gedir, konstitusiyanı, ölkənin əsas siyasətlərini aşağılayır, kiçik məsələləri böyük göstərirlər.

Hər bir hadisədə ittihamlar baş alıb gedir. Bir terror hadisəsi baş verir, hələ heç kəsin əlində informasiya, bu hadisəni törədənlərə dair ipucu yoxdur. Amma görürsünüz ki, bir qəzetin manşetində Mühafizəçilər Korpusunu, Bəsici, ruhaniləri ittiham edirlər. Bu işlərdə məqsəd nədir? Nə üçün Bəsicə qarşı bu qədər qərəzlidirlər? Mən söhbətimin birinci hissəsində dedim ki, gənc enerjili və həyəcanlıdır. Ölkə bir silahlı hücuma məruz qalanda gənclər könüllü şəkildə gedirlər. Ölkə dinc və sülh şəraitində olanda gənclərin həyəcanını sağlam doyurmaqdan ötrü Bəsicdən yaxşı nə ola bilər?! Bu, imamın təşəbbüsü idi. Gəncin həyəcanlı ruhu quruculuq, iman, sağlamlıq və ölkə üçün faydalı olan bir yerdə işlənməlidirsə, Bəsic təşkilatından daha mühüm və daha etimadlı bir təşkilat ola bilərmi?! Nə üçün Bəsiclə bu qədər nifrət edirlər? Nə ilə düşməndirlər? Nə üçün Bəsici bu qədər sual altına salırlar? Bu onların daxilindəki qərəzləri aşkara çıxarır.

Mən bilirəm ki, bu mətbu orqanlarının çoxunun yazarları və rəhbərləri arasında yaxşı və mömin insanlar var, amma onların arasında Abdullah ibn Übəyy kimilərin əlini də görürəm: təfriqə salır, ixtilaf və gərginlik yaradır, ictimai rəyi təşvişə salır, ümidləri qırır, məyusluq yayır, düşməndən asılı və ona mürid olan qüvvələri böyüdür, faydalı, mömin, ixlaslı, xeyirxah qüvvələri gözdən salırlar. Təbii ki, bu işlərin nəticəsi olmayacaq və Allah-Taala onları rüsvay edəcək.

Mən bəzi mətbu orqanları haqda bu qədər açıq və geniş danışmaq istəmirdim, ancaq məcbur oldum. Mən məsul şəxslərlə söhbət etdim, möhtərəm prezidentimiz də mənim kimi mətbuatdan narazıdır. Mən onunla da söhbət etmişəm. Eşitdim ki, bunların bəzisini toplayıb nəsihət vermiş, sözünü demişdir. Mən bilmirəm nəsihətlə işlər düzələr, yoxsa yox. Məncə çətin düzələ. Düşmən ictimai rəyə təsir göstərmək və gündəm yaratmaq üçün proqram hazırlamışdır, xalqa nəfəs çəkmək imkanı vermək istəmir. Xalq bir yerdə bir sevinc hiss edirsə, dərhal bir məsələni böyüdür və daim gərginlik yaradırlar.

Mən dövlət məmurlarına dəfələrlə tapşırmış, onlardan ciddi şəkildə istəmişəm ki, bu vəziyyətin qarşısını alsınlar. Bunun adı mətbuatı məhdudlaşdırmaq, azad informasiya ötürülməsinin qarşısını almaq deyil, informasiyanın sağlam ötürülməsini biz də təsdiq edirik. Bunun mənası düşmənin nüfuzunun qarşısını almaq, onun təbliğat və təxribatlarını nəticəsiz qoymaqdır. Mən bu informasiya və mətbu orqanlarını ölkə, gənclər, gələcək, inqilab və xalqın imanı üçün zərərli bilirəm. Bu cərəyan daim İslamın mühüm məsələlərinin müqəddəsliyini sındırmaqla, İslam mövzularını və inqilabı sual altına salmaqla məşğuldur; həm də məntiqi dillə yox, qeyri-sağlam mətbuatın olduğu dövrlərdən başqa bir yerdə bənzəri görünməyəcək həddə olduqca yanlış üsullarla. Mən düşündüm ki, məmurlara və prezidentdə deyəndən sonra övladları ilə dərdləşən bir ata kimi bundan sizə şikayət edim.1
Sual: Yaxşı bir qəzet hansı xüsusiyyətlərə malik olmalıdır? İndiki nəşriyyələrdən hansını bu xüsusiyyətlərə yaxın bilirsiniz?

Cavab: Əvvəla bu yaxşı gözlənti deyil ki, mən sizin üçün hansısa qəzetin adını çəkib bu xüsusiyyətlərə yaxın olduğunu deyim. Bunu özünüz bilməlisiniz. Güman etmirəm ki, bundan sonra yaxşı qəzeti ayırd etmək tələbə üçün çətin olsun. Bizim yaxşı qəzerlərimiz də var. Yazıblar ki, xüsusiyyətləri nədir. Bəllidir, məqsədi düzgün informasiya çatdırmaq olan, sağlam və yaxşı təhlillər edən, güclü yazılar yazan, xalqın hamısının, yaxud əksərinin problemlərini işıqlandıran və incəsənət üslublarından istifadə edən bir qəzet, mənim fikrimcə, yaxşı qəzetdir. Bizim bəzi qəzetlərimiz belədir, bəziləri belə deyil, bəziləri isə çox pisdir.2
Sual: Səkkizillik məcburi müharibənin səbəbkarı kim idi?

Cavab: Demək olmaz ki, müharibənin səbəbkarı yalnız İraq idi. Əvvəldən bütün faktlar göstərirdi ki, hegemonluq İraqın arxasında durur, ona hərbi və informasiya dəstəyi verir, Təhlükəsizlik Şurasını təcavüzkara yardıma cəlb edir. Bu həssas nöqtədə belə əhəmiyyətli bir müharibə baş versə də, o zaman Birləşmiş Millətlər Təşkilatı günlərlə buna heç bir reaksiya vermədi. Bu adi məsələ deyil. İraqın Küveytə hücumunda bir neçə saatdan sonra Təhlükəsizlik Şurası mövqeyini bildirdi, İrana hücumunda isə İraq tankları irəliləməyincə sakit oturub tamaşa edirdi. Minlərlə kilometr ərazini işğal edəndən sonra bu şura bir kəlmə söz dedi; özü də təcavüzü pisləmədi, təcavüz etdiyi və müharibəyə başladığı üçün İraqı qınamadı, hər iki tərəfə dedi ki, müharibədən əl çəkin və atəşkəs bağlayın. Yəni əslində İraqı bizim işğal olunmuş ərazilərimizdə bərkitməyə çalışırdılar. Təbii ki, biz qəbul etmədik və həmin qətnaməni rədd etdik.

Təhlükəsizlik Şurası böyük güclərin əlində olduğu, onlar da İraq rejiminin arxasında durduğu üçün axıra qədər heç vaxt müharibə barədə tam ədalətli bir mövqe seçmədi. Nəhayət sonlarda özü də hər tərəfdən çəkilən çoxlu zəhmətlərdən və böyük səylərdən sonra 598 saylı qətnamə qəbul olundu.

Şərq və Qərb İraqın arxasında dururdu. Təxminən bütün Avropa İraqa kömək etdi. Müharibə zamanı biz bunları ehtimal kimi deyirdik və müəyyən əlamətlər bunu təsdiqləyirdi, son bir-iki ildə isə ona dair qəti sübutlar tapıldı; hamı etiraf etdi, ABŞ-ın və NATO-nun köməklərinə dair bir-bir sənədlər çıxdı. Sovetin köməyi də ilk gündən bəlli idi; Şərq bloku – bu gün bu bəlalara düçar olan Şərqi Avropa ölkələri müharibə zamanı İraq rejiminə ən böyük xidməti etdilər; regionun mürtəce ölkələri də öz yerində. Odur ki, müharibəyə İraq rejimi təklikdə başlamadı. İraq rejimi bir amil idi, əslində isə bütün hegemon dünya onu törətdi. Bu gün bu aydın məsələdir və geniş müzakirəyə ehtiyac yoxdur.1
Sual: Nə üçün Səddam Hüseyn hegemon qüvvələrin təhriki və dəstəyi ilə İslam inqilabı əleyhinə səkkizillik müharibəyə başladı?

Cavab: Bu da aydın məsələdir. İslam quruluşunu devirmək, yaxud təslimə vadar etmək üçün müharibəyə başladılar. Onlar İslam Respublikasını ya işğal və müharibə yolu ilə devirmək, ya da bütün ölkələrin məcbur olub nəhayət bir böyük gücə sığındığı və əl açdığı kimi, İran xalqını və bu xalqın böyük imamını da düşmənlər qarşısında təslim olmağa, əl açmağa və "çox yaxşı, biz təslim oluruq, qoymayın İraq bizi bu qədər vursun" deməyə məcbur etmək istəyirdilər. Şübhəsiz ki, məqsədləri bu idi, amma bu arzuları da ürəklərində qaldı.

İran Amerikaya təslim olsaydı, müharibə tez bitərdi. Sözsüz ki, Amerika istismarının müsibəti müharibədən yüz dəfə ağır olacaqdı. Əcnəbi hökmranlığının bəlası bir xalq üçün hər hansı müharibə bəlasından daha ağır, daha çətindir. Görün bu gün İraqla necə rəftar edirlər. Hakim olan kimi, qarşısındakı təslim olan kimi hegemonluq daha heç bir hədd tanımır. Bunlar xalqın müqavimətindən qorxur və müəyyən hədd saxlamağa məcbur olurlar. Hegemonluq qarşısında ən kiçik təslimçilik əlaməti göstərən hər hansı xalq uduzdu, özü də çox ağır məğlubiyyətlə. Onların məqsədi İslam Respublikasını təslimçiliyə vadar etmək idi, amma bacarmadılar.

Səkkiz il müharibədən sonra bizim qələbə çaldığımızı sübut etmək üçün and içməmiz lazım deyil. Məgər qələbə necə olur? Əgər o qədər güclü və maddi baxımdan böyük bir düşmən bir xalqa hücum etsə, ona qarşı səkkiz il mübarizə aparsa və səkkiz ildən sonra hər şey birinci gündəki kimi olsa, bu xalqın torpağının bir qarışı da düşmən əlinə keçməsə və bu xalq düşmənin ən kiçik boyunduruğunu də qəbul etməsə, bu, həmin xalqın qələbəsi deyil?! Bizim xalqımız gəncləri, döyüşçüləri, ordusu, korpusu, xalq Bəsici, rəşadətli əşirətləri, küçə və bazar adamları, fədakar ailələri, ayıq-sayıq qadın və kişiləri, böyük rəhbərinin misilsiz şücaəti, imanı və Allaha təvəkkülü sayəsində ABŞ, Avropa, ozamankı SSRİ, Şərq və Qərb imperiyaları qarşısında möhkəm dayandı və səkkiz ildən sonra onların hamısını öz məğlubiyyətlərini və İran xalqının qələbəsini etiraf etməyə məcbur etdi.1
Sual: Bütün bu dəstəklərlə yanaşı, İran xalqı bu böyük qələbəyə necə nail oldu?

Cavab: Əziz qardaş və bacılar! Necə oldu ki, siz qələbə çaldınız? Sizin imanınızdan, Allaha arxalanmanızdan, Allahın düşmənləri qarşısında müqavimətə qərarlı olmanızdan və heç bir vasitə ilə qıra bilmədikləri birliyinizdən, gənclərinizin qəhrəmancasına fədakarlığından, gənc olmalarına baxmayaraq, dünya ləzzətlərinə göz yumub nəfsə təslim olmamalarından, övladlarından keçən və övlad eşqinin təhrikinə uymayan ata-analardan, dünya bəzəklərinə etinasızlıqdan və uca məqsədə - yəni İslam və müsəlmanların başucalığına can atmaqdan başqa İran xalqının qələbəsinin başqa bir amili vardımı?! Düşmənin hər tərəfdən hücum etdiyi zaman İran Şərqə, Qərbə, Amerikaya, Avropaya, yaxud sovetlərə üz tutsaydı, yenə də qələbə çalardımı? Buna qoymazdılar. Müharibə qələbəsiz bitərdi və bu xalqı yenidən istismar etməyə başlayardılar.1
Sual: İran İslam Respublikası əleyhinə aparılan təlbiğatlardan biri də onun hərbi gücünə dairdir. Bu təbliğatla həm Fars körfəzi regionu ölkərini qorxudaraq orada hərbi qüvvə saxlamalarına don geyindirir, həm də bu ölkələrə silah satırlar. Onlar İranı işğalçılıqda və kütləvi qırğın silahları istehsal etməkdə ittiham etdirlər. Bu sahədə İran İslam Respublikasının mövqeyi nədən ibarətdir?

Cavab: Müdafiə canlı bir xalqın kimliyinin tərkib hissəsidir. Özünü müdafiə edə bilməyən xalq canlı deyil. Özünü müdafiə etmək haqda düşünməyən və özünü buna hazırlamayan xalq da əslində canlı deyil. Müdafiənin əhəmiyyətini dərk etməyən hər hansı xalq da müəyyən mənada canlı sayılmır. Biz hegemonluğun İslam, inqilab və İslam quruluşu əleyhinə güclü və ədavətli təxribatını görə-görə gözümüzü və beynimizi bağlayıb müdafiə haqda düşünməyə bilmərik. Allah o günü göstərməsin ki, bu xalq, onun görkəmli şəxsləri beynəlxalq hegemonluğun və ilk növbədə Amerikanın ədavətli və xəbis hücumunu yaddan çıxarsınlar.

İnqilab kimliyinə, müsəlmanlığına və hegemonların zülmü qarşısında təslim olmadığına görə dünya quldurlarının nifrət və qəzəbinə tuş gəlmişdir və gələcəkdir. Hegemonluğun bizə qarşı nifrəti və qəzəbi bitən deyil. Nə zamansa bunun faydasız olduğunu düşünüb hücumu dayandıra bilərlər. Bir zaman İslam Respublikası quruluşu güclənib dünya miqyasında çoxlarını dostluğa və yoldaşlığa vadar edə bilər. Amma dünyanın hegemon güclərinin və bəşəriyyəti azdıran şeytansifətlərin inqilaba düşmənliyinin bitməsi mümkün deyil.

Nə qədər ki, bu düşmənlik var, təhdid də var; nə qədər ki, təhdid var, müdafiə fikri və hazırlığı da olmalıdır. Bizim düşmənlərimizin hiyləgər təbliğat yollarından biri budur ki, inqilabı, quruluşu, ölkəni və xalqımızı müdafiədən danışan kimi təbliğat siqnalları işə düşür və bizi işğalçılıqda ittiham edirlər. İşğalçı dünyanı müharibələrə qərq edən sizlərsiniz. İşğalçı öz maraqlarından ötrü uzun illər xalqları məcburi müharibə alovunda yandıran sizlərsiniz.

Biz işğalçı deyilik və müdafiə haqda fikirləşirik. Biz canlı və sayıqıq. Biz böyük və qiymətli sərvətlərimiz olan inqilabımızı, İslamımızı və quruluşumuzu yaddan çıxarmayacağıq, onları müdafiə edəcəyik. Bu, işğalçılıq deyil, bizim yolumuzdur. Bütün xalq, xüsusən də silahlı qüvvələr bilsinlər ki, müdafiə üçün hazırlıq və sayıqlıq tükənməzdir. Böyük xalqın, inqilabın əsgər və müdafiəçiləri arasında İslam İnqilabının Mühafizəçiləri Korpusunun özəl yeri var.1


Sual: Bu günlərdə Bəsicin zərurətini inkar etmək və onun tərəfindən həll edilmiş böyük problemləri sual altına salmaq məqsədilə aldanmış, yaxud asılı cəmiyyətlərin proqramında ona qarşı hücumlar görünür. Əvvəldən inqilab işlərində iştirak etmiş bir şəxs kimi Bəsic təşkilatının yaradılmasının fəlsəfəsini və onun xidmətlərini necə dəyərləndirirsiniz? Siz hansı xüsusiyyətlərə malik olan şəxsi Bəsic üzvü sayırsınız?

Cavab: Bu əsrin əvvəllərindən indiyədək həmişə qlobal güc mərkəzlərinin siyasəti xalqları siyasi səhnədən çıxarmağa yönəlmişdir. Yəni Avropa ölkələrinin və sonra ABŞ-ın xüsusən bu bölgənin İslam ölkələrini ələ keçirmək, neftlərini mənimsəmək, strateji mövqelərindən, istehlak bazarlarından və ucuz işçi qüvvələrindən istifadə etmək üçün plan cızdıqları zamandan bunun yanında başqa bir əsaslı və həyati qərar da verildi. O qərar bu bölgənin xalqlarını siyasi proseslərdən kənarlaşdırmaq idi. Çünki xalqlar siyasi səhnədə olsalar, hökmranlıq istəyində olan hegemonluq məğlub olar. Xalqları proseslərdən kənarlaşdırmaq, regional məsələlərdə onların sözünü, rolunu və iradəsini heçə endirmək üçün ölkələrin başında xalqa heç bir aidiyyəti olmayan və xalq tərəfindən əsla sevilməyən tərəfdarlarını hakimiyyətə gətirməli idilər. Bunun bizim İranımızdakı nümunələri Rza xan, sonra da onun oğlu idi. Bunların xalqla heç bir əlaqələri yox idi. İranda, yaxud bəzi Şimali Afrika ölkələrində və yaxud regionun digər ölkələrində xalqlar belə insanların hakimiyyəti və başçılığı qarşısında qalanda təbii ki, onları müdafiə etməyəcəkdilər. Xalq başçını müdafiə etməyəndə onun ixtiyarı xarici güc mərkəzinin əlinə keçir, "et" dedikdə etməyə, "etmə" dedikdə etməməyə məcbur olur; “Orta Şərq sülhünü rəsmən tanı” dedikdə tanımağa məcburdur; “Neftin qitməyini bu qədər endir” dedikdə endirməyə məcburdur; “Filankəsi kabinetindən kənarlaşdır”, yaxud “Filankəsi filan vəzifəyə təyin et” dedikdə etməyə məcburdur. Nə üçün məcburdur? Çünki bunu etməsə, qlobal güc mərkəzinin qəzəbinə tuş gələr. Onu müdafiə edəcək bir xalqın da olmadığına görə nəticə belə olur: Bu ölkələrdə azğın və satqın başçılar tərəfindən verilən qərarlar əslində qlobal güclərin - xalqları heçə sayan, onların hüququna əhəmiyyətsiz yanaşan, maraqlarını nəzərə almayan və inqilabın əvvəlindən bizim Hegemonluq adlandırdığımız qüvvənin qərarı olur. Hegemonluğun siyasəti bu olmuşdur, bu işi görmüşlər. İnqilabdan öncə bizim əziz İranımızda on illərlə bu siyasət aparıldı. Mən ad çəkmir və zaman təyin etmirəm, amma düşünsəniz, digər ölkələrdə də çoxlu belə nümunələr görə bilərsiniz. Bunun əks tərəfi nədir? Əksi odur ki, bir ölkədə xalq siyasi proseslərə qoşulsun, "hə" və "yox" desin, öz istəyini bildirsin, hüququnu tələb etsin, ölkəsinin məsələlərinə açıq gözlə, möhkəm iradə ilə və qüdrətlə müdaxilə etsin. Bu işin tilsimini bu ölkədə bizim əzəmətli İslam inqilabımız və bu inqilabın misilsiz rəhbəri qırdı. İnqilabdan öncə on illərlə bu ölkədə parlamentin, seçkilərin və bu kimi məsələlərin yalnız adı vardı. O dövrdə bu xalq bir dəfə də seçkilərdə iştirak etmədi, seçkiləri tanımadı, hökuməti tanımadı, qərarlardan xəbər tutmadı. Bütün işlər xalqsız görülür, qərar çıxarılır və əməl olunurdu. İnqilabın əvvəlindən isə bu xalq səhnədədir. Ölkə məmurları qərar verirlərsə, şücaət göstərirlərsə, möhkəm addım atırlarsa, bu, xalqın dəstəyinə görədir. Bir ölkədə xalq səhnədə olanda siyasi proseslərdə iştirak edir, daha nə beynəlxalq hegemonlar onu bir şeyə məcbur edə, yaxud kimisə onların belinə mindirə bilir, nə də hakimlər zəiflik göstərib əcnəbilərin istəyinə təslim olurlar; çünki xalq tələb edir.

İranının bütün əhalisi səhnədədir. Sözsüz ki, maraq, həvəs və iradələr hər yerdə eyni deyil, ölkələrinin və xalqlarının ali məqsədləri yolunda zəhmət çəkməyə və iş görməyə hamı eyni şəkildə təşəbbüs göstərmir; biri canını verməyə hazırdır, biri malını verməyə, biri bir qədər vaxtını verməyə, biri bir neçə kəlmə danışmağa, biri tamaşaçı kimi alqışlamağa. Hamı eyni deyil. Bizim 65 milyonluq böyük xalqımız arasında can lazım olanda canını verən, mal lazım olanda malını verən, fiziki iştirak etmək lazım olanda iştirak edən, quruculuq işlərinə qoşulan, müdafiə məsələsi qarşıya çıxanda cəbhəyə yollanan, ölkənin məqsədləri naminə özünü elmi cəhətdən hazırlamaq lazım olanda bu işi görən, hansı iş istənilsə, onu görməyə hazır olan şəxslərin adı Bəsicdir. Bəsicin mənası budur ki, ölkənin yüksək qurumları böyük düyünləri açmaq, iri addımlar atmaq və ölkənin müdafiəsi üçün təkcə rəsmi və dövlət təşkilatlarına arxalanmasınlar. Müharibədə bizim güclü silahlı təşkilatlarımız vardı: ordu və Mühafizəçilər korpusu. Lakin ölkənin sərhədlərini, müstəqilliyini, başucalığını müdafiə məsələsi ortaya çıxan kimi meydana atılan təkcə rəsmi təşkilatlar deyil, bütün xalq bunlara kömək edir və işə qoşulur; necə ki, bu 20 il ərzində - müharibə dövründə, ondan öncə və sonra qoşuldular. Bəsicin mənası budur. Bəsic - xalqın möhtəşəm qüvvələrinin ən yaxşılarının, ən fəallarının və ən imanlılarının milli maraqlar və uca məqsədlər naminə onlara ehtiyac duyulan işlərə qoşulmasıdır. Həmişə ən yaxşı, ən xalis, ən şərəfli və ən uca insanlar bu xüsusiyyətə malik olurlar. Bir ölkədə Bəsic bu fəxr bayrağını ucaldan, onun üçün zəhmət çəkməyə hazır olan təbəqədir. Bu həm də asan deyil. Allaha şükür edirik ki, inqilabın ilk günündən xalqın könüllü qüvvələri bütün sahələrdə fəal iştirak etmişlər. İmam bu qüvvənin qədrini bildi; vətəndaşlar öz aralarında bu möhtəşəm və təlatümlü amilin qədrini bildilər. Özləri bu təhlükəli işlərə qoşulmayanlar, yaxud buna hazırlıqları olmayanlar fədakarlıq göstərən həmin hazırlıqlı gəncləri və qüvvələri alqışladılar, həvəsləndirdilər. Bu, beynəlxalq güc mərkəzlərini, hegemon qurumları, ölkələrin və xalqların taleyini haqsız olaraq ələ keçirmək istəyən şəxsləri qəzəbləndirir.

Bəsicə qarşı hücumların sirrini bundan anlamaq lazımdır. Nə üçün beynəlxalq mediada, radiolarda Bəsicə hörmətsizlik olunur? Nə üçün həmişə əcnəbilərin ağzına baxıb onların sözünü təkrarlayanlar Bəsicə qarşı təhqiramiz ifadələr işlədirlər, şərəfə, hörmətə və təqdirə layiq olan Bəsicə hörmətsizlik və sayğısızlıq edirlər? Onlar milli istiqlaliyyətin, milli qürurun, milli fəxrlərin qorunmasında, milli maraqların təmin edilməsində və nəhayət ən üstünü, İslamın və İslam Respublikası quruluşunun bayrağının ucaldılmasında Bəsicin rolunu bildiklərindən onunla qatı düşməndirlər. Lakin bunun heç bir faydası yoxdur.

Bu gün Allaha şükür olsun ki, bizim müxtəlif təbəqələrdən olan gənclərimiz Bəsicdə həyat və fəaliyyətin olduğunu hiss edirlər. Bizim gənc nəslimiz bunun qədrini bilirlər. Bu gün bizim böyük Bəsic təşkilatımızda hövzə və universitetin görkəmli şəxsləri, elmli və əxlaqlı hövzə tələbələri, dünyanın elm müsabiqələrinin yüksək medallarına layiq görülən ən əlaçı universitet tələbələri, liseylərin əlaçı şagirdləri, zavodların nümunə fəhlələri, müxtəlif sahələrdə çalışan nümunə şəxslər, nümunə qiraətçilər, sənət adamları, müəllimlər, müxtəlif təbəqələrin nümunə şəxsləri toplaşmışlar. Məgər düşmən özünün ədavətli və əbəs təbliğatı ilə bu uca dəyəri xalqın gözündən sala bilər?!



Mən siz əziz gənclərə, təbəqə mənsubiyyətindən asılı olmayaraq, Bəsic üzvü olan mömin oğlan və qızlara deyirəm: Mənim əzizlərim! Ölkə siz gənclərindir. Ölkə gənc nəslə məxsusdur. Siz bu ölkəni qurmalı, bu inqilabın və onun memarının bacarıqlı əllərinin ucaltdığı şərafət və əzəmət təməllərini qorumalı və yüksəltməlisiniz. Siz öz gücünüz, iradəniz, elminiz və imanınızla inqilabdan öncəki bir neçə onilliyin geriliklərini düzəltməlisiniz. Gənclərdən kim bu məsuliyyət hissini, məqsədlərə bu sevgi hissini ixlasla birgə qəlbində daşıyırsa, o, Bəsic üzvüdür; istər Müqavimət qüvvələrində olsun, istər olmasın; istər rəsmi Bəsic kartı aslın, istər almasın. Kim imanlıdırsa, kim uca məqsədləri reallaşdırmaq istəyirsə, kim ölkəsi, İslamı, İslam quruluşu və xalqı üçün bütün vücudu, bütün istedadı, öz ruhu və bədəni ilə zəhmət çəkməyə hazırdırsa, harada olursa-olsun, Bəsic üzvüdür. Bəsic batalyonlarında - Müqavimət qüvvələrinin Aşura, Ya Zəhra batalyonlarında və onun digər sahələrində rəsmi fəaliyyətlə bu hissi təcəssüm etdirən əziz gənclərimiz bununla fəxr etsinlər.1
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin