Birinci hissə: Hegemon güclərin İslam mədəniyyətinə qarşı mədəni mübarizəsinin tarixçəsi
1- Avropada elmsevərliyin ifrat inkişafı və dini mədəniyyətə qarşı mübarizənin başlanğıcı
Ən azı iki əsr öncədən dünyada sənaye sivilizasiyası adlı bir proses başlandı. Bu söz mədəniyyətə, inamlara, elmə - hər şeyə dair çoxlu mənaları ehtiva edir. Hazırlığı çox əvvəldən başlansa da, özü ən azı iki əsr öncədən başlayan, bu ad və xüsusiyyətlərə malik olan prosesin bir neçə səciyyəsi vardı: elm və sənayeyə, yeni həyat tərzlərinə və materialist əsaslara malik fəlsəfələrə təmayül. Yəni bu iki əsrdə meydana çıxan düşüncə və fəlsəfələrin əksəri mənəvi və dini təfəkkürün ziddinə olmuşdur. Ən çox şöhrət qazanmış marksizm onlardan biridir. 19 və 20-ci əsrlərdə geniş yayılmış digər fəlsəfi və ictimai cərəyanlar tamamilə, yaxud əsasən materialist, qeyri-dini və ya antidin istiqamətə malik olmuşdur. Bu qeyri-mənəvi və antimənəvi təmayül kiçik nöqtədən başlayıb anbaan artaraq genişlənən bir proses kimi xalqın həyatına, düşüncəsinə, ailəsinə və ictimai münasibətlərinə daxil oldu. Bu elmi prosesin kənarında siyasi qüvvələr də din və mənəviyyata qarşı paralel hərəkətə keçdilər. Bu siyasətlərin bəzisi zahirdə bu fəlsəfələrlə əlaqədar deyildi. Yəqin bilirsiniz ki, bəzi şəxslər hətta ən solçu materialist təfəkkülərin də filosofların deyil, siyasətçilərin düşüncəsinin məhsulu olduğuna inanırlar. Onlara görə bütün bu işlər tamamilə siyasi, həmçinin dünyada günbəgün artan sərvətin, kapitalın və kapitalizmin inkişafına xidmət göstərən iqtisadi işlər idi. Hər halda, siyasətçilər də mənəviyyatla zidd düşdülər və bu qarşıdurma günbəgün artmağa başladı. İslam dini kimi harada mənəviyyat çox idisə, daha çox hücuma məruz qaldı. Dünyanın hər bir yerində İslam düşüncələrinə hücuma keçdilər. Bu hücum İslam dünyasının şərqindən - yəni Hindistandan onun qərbinə - yəni Əlcəzairə qədər hər yerdə həyata keçdi. Fransalılar Əlcəzairə daxil olub İslama qarşı mübarizə apardılar. Hindistanda da ingilislər eyni işi gördülər. Müstəmləkə işində İngiltərə və Fransa rəqib olsalar da, rəqibləri və vurduqları nöqtə bir idi. Onlar dünyada din və mənəviyyatı günbəgün zəiflətdilər, insanları əxlaq və mənəviyyatdan uzaqlaşdırdılar.
Xristian dünyası da belə oldu, İslam dünyası da. Onlar imanı maddiyyatın ağır məngənəsi arasında əzdilər, zəiflətdilər. Ən azı iki əsrdə dünyada bu proses getdi. Bu kiçik məsələ deyil. Bu maddi proses beləcə sürət və sərtliklə zirvəyə doğru hərəkətə başlayıb, son iki əsrdə günbəgün genişləndi. Cəmiyyətlərdə materialist təfəkkürün, siyasətin və rəftarın bu yüksəlişi ilə eyni zamanda uyğun siyasətləri aparan mərkəzlərin sərvəti, elmi, ixtirası və çeşidli inkişafları da hər gün artdı. Yəni elm sarıdan bugünkü Amerika əlli il öncəki Amerika ilə müqayisəolunmazdır. Avropa da belədir. Onlar pulları, elmləri, ixtiraları və müxtəlif imkanları ilə materializm prosesini gücləndirdilər. Bu yüksələn proses təsəvvürolunmaz həddə çatdıqda sonrakı addım dini, mənəviyyatı və əxlaqı tamamilə məhv etmək idi; yəni bunlara dair bir xatirə belə qalmasın. Bu mənim sözüm deyil. Dünya ədəbiyyatında və elmi-fantastik romanlarda adətən gələcək dünyanı, məsələn əlli ildən sonranı təsvir etməyə çalışırlar. Yazılanların hamısı artıq heç bir mənəvi hissin qalmadığı dünyanı göstərir. Mən bu romanların bəzisini özüm oxumuşam. Atom, kompüter və möhtəşəm kosmik inkişaflardan sonrakı addım nədir? Dünyanın mənəvi və dini düşüncələrdən, onların sözü ilə desək, mövhumatlardan tamamilə uzaqlaşması. Bundan başqa bir şey təsəvvür olunmur.
Bütün maddi proqnozlar bəşəriyyətin materializmə doğru getdiyini göstərərkən qəfildən İranda din və ruhani hərəkatı başladı. Bu hadisə əvvəldə dünyanın diqqətini çox da cəlb etmədi, lakin analitik və müşahidəçilərin gözlədiyinin əksinə olaraq, həcmi, məzmunu və əhatə dairəsi günbəgün genişləndi və gözlənilmədən partlayışla nəticələndi. O zaman qlobal güclər indiyədək bu fenomeni yanlış dəyərləndirdiklərini anladılar. Buna çarə qılmağa çalışdılar, amma bacarmadılar.44
Bildiyiniz və tarixdə oxuduğunuz kimi, uzun illər idi dünya mənəviyyatdan və dindən uzaqlaşmaqda idi. Bir neçə əsr öncə dünyada bu hərəkət başlamışdı. Əlbəttə ki, bunun səbəbləri var, naməlum bir şey deyil. Sənaye və elm inkişaflarının zirvəyə yüksəldiyi son 200 ildə - aydınlıq və humanizm dövrü adlanan 19 və 20-ci əsrlərdə dünya dinsizliyə və mənəviyyatdan uzaqlaşmağa sarı sürətlə hərəkət edirdi. Bu gedişin bir qədəri təbii və baş verənlərin nəticəsi idi. Bir qədəri isə düşünülmüş və proqramlı şəkildə həyata keçirilirdi. Dünyanın bütün hakim gücləri bu nəticəyə gəldilər ki, dünyada dini məhv etməlidirlər. Bütünlüklə dinin adını yox, zahiri qorunsa da, onun həqiqi və əsl mahiyyətini məhv etmək istəyirdilər. Həqiqi dini inanc yox edilməli idi. Nə qədər pul xərcləndi, nə qədər insan xaincəsinə deyil, inamla dini inancın məhvini bəşəriyyət üçün zəruri bildi. Onlar dünyada, o cümlədən İslam dünyasında mənəviyyatı məhv etmək üçün kitab yazdılar, sənət əsərləri yaratdılar, təbliğat apardılar, güc işlətdilər, pul xərclədilər. Mənəviyyat əleyhinə bütün bu işlərin görüldüyü belə bir dünyanın həssas nöqtəsində isə mənəviyyat və İslam devizi ilə bir hökumət və quruluş meydana çıxdı. Belə bir hökumətin qurulması və on il duruş gətirməsi hələ möcüzənin hamısı deyil, başlanğıcı idi.45
Dostları ilə paylaş: |