İNCƏSƏNƏTSİZ İNKİŞAF MÜMKÜN DEYİL
Əgər Quranın yüksək məfhumları gözəl bədii formada təqdim olunmasaydı, inkişaf edə bilməzdi. Quran məfhumlarından və tövhiddən yuxarı nəsə varmı? Allah-Taala bu məfhumlar üçün Peyğəmbərin (s) təbii nitqindən, bəşəri nitqdən istifadə etmədi. Möcüzəli dildən istifadə etdi ki, gözəlliyin son həddini ifadə etmiş olsun.1
ƏN GÖZƏL İŞLƏRİN SEÇİLMƏSİ
Kitabı üzə çıxarmaq, insanları mütaliə meydanına çəkmək faydalı işdir. Çalışın, keyfiyyətə daha çox diqqət yetirilsin. Müxtəlif kitab növlərinin təqdim olunması, müxtəlif mövzuların üzə çıxarılması, bunlar hamısı təsirlidir. İfadə tərzi baxımından kitabların ən bədiisi seçilməlidir. Lakin əgər siz məzmun və formaya əhəmiyyət verməsəniz, ölkənin mədəniyyəti ziyana uğrayacaq.
... Bu sahədə fəaliyyət göstərən gəncləri dəvət edin, əllərindən tutun və onlardan hansı işləri həyata keçirə biləcəklərini soruşun. Qoy layihələrinizi görsünlər və çatışmayan cəhətləriniz haqqında fikirlərini bildirsinlər.
Ümumi mədəniyyətdə islahat aparmaq üçün mütləq "kitab" nəşr edilməlidir.2
ÖLÇÜLÜB-BİÇİLMƏMİŞ İŞ GÖRMƏYİN
Sizin tərəf-müqabiliniz kimdir? Siz kiminlə söhbət edirsiniz? Kimin üzərində iş aparmaq istəyirsiniz? Bizim məktəblərdə belə bir ifadə var: “Filankəs sahibsiz baş qırxır”. Təsəvvür edin ki, küncə bir baş düşüb, sahibi də yoxdur və bir nəfər onu qırxmaqla məşğuldur. Bunun nə faydası var?! Qarşınızdakının kim olduğunu bilməlisiniz. Təcili öz tərəf-müqabilinizi müəyyən etməli və onların gənc nəsil olduğunu anlamalısınız. Gənclərin də özünəməxsus xarakterləri var. Əgər ən gözəl mətləbləri maraqlı şəkildə təqdim etməsəniz, gənc onu qəbul etməyəcək.1
FAYDASIZ KİTABLAR
Kitab statistikasında keyfiyyətə daha çox önəm verin. İndi deyirlər ki, kitab kəmiyyətcə keçmişə nisbətən çoxalıb. Statistika bunu göstərir, hamı da qəbul edir. Ancaq mən qorxuram ki, bu kəmiyyətin əksəriyyəti ölkəmizin ehtiyacı olmayan mövzular və heç kimin oxumadığı kitablar olsun. Mənim üçün xeyli kitab gəlir. Naşirlər və müəlliflər mənim üçün bəzi kitablar göndərirlər. Mənim bəxtim orada gətirib ki, mənə çoxlu kitab göndərirlər. Mütləq onlara göz gəzdirirəm. Ən azı kitabın necə kitab olduğunu anlamaq üçün bir az vərəqləyirəm. Gətirilən kitabların bəzisinin heç bir müştərisi olmadığını görürəm. Özümü hər kimin yerinə qoysam, görürəm ki, kitabın heç bir marağı yoxdur. Ümumiyyətlə mənasız və faydasız kitabdır. Əgər dinidirsə də, siyasidirsə də, ictimaidirsə də, tarixidirsə də faydasızdır və təkrardır. On dəfə deyilib, bu kitabda növbəti dəfə təkrarlanıb.2
UCUZ ÇAP
Naşirlərə də bir tapşırıq verirəm. Doğrudur ki, kitabı keyfiyyətli kağızlarla çap etmək gözəldir, ancaq alıcısı çox olan bəzi kitablar orta və camaatın ala biləcəyi kağızlarla çap olunmalıdır. Yəni çapxana orta kağızla çap etməlidir. Çap keyfiyyətli olmalıdır. Lakin sadə kağızdan da istifadə olunmalı və kitabın tirajı çoxalmalıdır. Nəticədə kitab ucuz başa gəlir və bir çox müxtəlif insanlar ondan istifadə imkanı əldə edir.3
UŞAQ SAHƏSİNDƏ FƏALİYYƏT
Siz əziz tərbiyəçilər, kitabxanada uşaqlarla məşğul olanlar, nağıl oxuyanlar, kitab göndərənlər, kitab oxuyanlar, ədəbi məsələləri və öz bədii yaradıcılığını uşaqlarla bölüşənlər, bilin ki, indi ana xətt üzərində hərəkət edirsiniz. Siz, həyata keçirilməsi zəruri olan məsələləri həyata keçirməkdəsiniz.1
Mənim əzizlərim! Uşaqları xoş əhval-ruhiyyəli böyüdün. Buna yazıçılıq və ekskursiya proqramlarınızda, müəllimlərə tövsiyələrinizdə və öz rəftarlarınızda önəm verin. Uşaqlar ümidli böyüməlidirlər.2
... Biri uşaqlar, xüsusilə uşaq ədəbiyyatı haqqındadır. Dünya bu sahədə fövqəladə inkişafa nail olub. Biz keçmişdə o inkişaflara uyğun irəliləyə bilmədik. İnqilab dövrü bu fasilələrin aradan qaldırılması üçün yaxşı fürsətdir.3
AZI ON DƏFƏ ÇOX
Fikrimcə, bu gün çap olunan və xalqın ixtiyarına verilən kitablar ən azı on dəfə artmalıdır. (O,4 tirajlara işarə edərək beş min tirajın, əlli minə çatdırılması zərurətini bildirdi.) Əlbəttə, tiraj da çox mühümdür, lakin kitabın mütləq kəmiyyəti nəzərdə tutulur. Bəzi tirajlar az, bəziləri çox ola bilər.5
ÜÇ YÜZ MİNLİK TİRAJLAR
Növbəti təklif bundan ibarətdir ki, kitab oxumaq geniş yayılmış ənənə halını alsın və ölkədə hamı kitab oxucusu olsun. Bir də kitab cəmiyyətin müəyyən fərdlərinə aid olmasın. Bəzi naşirlər ölkədə mütaliə mədəniyyətinin yüksəlməsinə və camaatın kitaba daha çox meyl göstərməsinə görə mənə təşəkkür edirlər. Əlbəttə, nəzərdə tutduğum səviyyəyə çatsaq, o zaman hər dəfə çap olunan kitabların sayı iki mindən, beş mindən və on mindən iki yüz minə, üç yüz minə çatdırılmalıdır. Yəni kitab cəmiyyətdə bu şəkildə yayılmalıdır. Bugünkü altmış milyonluq cəmiyyətin böyük əksəriyyəti kitab oxucusudur, savadlıdır və bu daha da çox olacaq, artıma doğrudur. Əgər hamı kitab oxuyan olsa, biz onların ixtiyarına daha çox kitab verməliyik.1
KİTAB ÇAPI HAZIRKİ SƏDƏQƏDİR
Bir zamanlar belə bir adət var idi ki, mömin tacirlər, misal üçün, cənab Kişapur kimi insanlar kitab çap etdirir və tələbələrə pulsuz paylayırdılar. Lakin indi belə işlər görülmür, yaxud az olur. Bir kitabın yaxşı olduğu məlumsa, o mütləq çap olmalıdır. Onun çapının nə qədər xərci olsa, hazırki sədəqələrin bir qismi olmalıdır. Siz ziyalısınız və bu məsələnin əhəmiyyətindən xəbərdarsınız. Bunu geniş yayın. Əgər kitab oxumaq məsələsi qaydasına düşsə, bu da öz yerini tapacaq.2
MAARİFLƏNDİRMƏ XƏRCİ, İQTİSADİ MƏNFƏƏT
Maarifləndirmə işlərində pul və büdcə əsas problem hesab olunmamalıdır. Belə ki, maarif problemlərini siyahının sonuna və büdcə ehtiyacları sırasına salmayaq. Əksinə, birinci sırada olmasa da, ön sıralarda yerləşdirməliyik. Əgər düzgün düşünsək, bunun ölkənin iqtisadiyyatı üçün də faydalı olduğunu anlayacağıq. Yəni əgər maarif işlərinə, xüsusən təhsilə geniş şərait yaradıb büdcə ayırsaq, ölkə ziyan görməyəcək. Çünki bunun özü ölkənin gələcəyi üçün imkanlar yaradır.1
Dostları ilə paylaş: |