Dörd məkan Behiştin yer üzərindəki saraylarından sayılır: Məscidül-həram‚ Məscidün-Nəbi‚ Beytül-müqəddəs və Kufə məscidi.372
Bu məsciddə müstəhəbb namaz qılmaq, Peyğəmbərlə (s) birlikdə bir həcci-ümrə ziyarəti etməyə və bir vacib namaz qılmaq isə Rəsulallahla (s) birgə bir Həcc ziyarəti əncam vetməyə bərabərdir. Burada min peyğəmbər və onların min canişini namaz qılmışdır.373
(Kufə məscidinin fəziləti haqqında olan hədisdə buyurur) Nuh (ə) gəmisini bu məsciddə (onun məkanında) düzəltdi, burada təndirdən su çıxdı, Nuhun evi və məscidi də elə bu yerdə idi.374
Kufə məscidi müsəlmanların dörd (məşhur) məscidlərindən dördüncüsüdür. Fikrimcə, orada iki rəkət namaz qılmaq‚ başqa məscidlərdə on rəkət namaz qılmaqdan daha üstündür.375
Əsbə ibn Nobatə rəvayət edir: «Bir gün Əmirəl-mömininlə (ə) birlikdə Kufə məscidində oturmuşdum. O Həzrət (ə) buyurdu: «Ey kufəlilər! Allah-Təala sizə elə bir hədiyyə (nemət) veribdir ki‚ başqalarına əta etməyib. Bu (nemət), sizin namaz qıldığınız yerdir (məsciddir). Bu məscid Adəmin (ə)‚ Nuhun (ə)‚ İdrisin (ə) evi və İbrahimin (ə)‚ Xızrın (ə) namaz qıldığı yer olmuş və həmçinin, mənim namaz qıldığım məkandır. Bu məscid‚ Allah-Təalanın məscid əhli üçün seçdiyi dörd məsciddən biridir. Sanki mən onun (Kufə məscidinin) Qiyamət günü ehram bağlayaraq öz əhlini və orada namaz qılan şəxsləri şəfaət etdiyini görürəm. Onun şəfaəti rədd olunmur! Bir gün gələcək ki‚ Həcərül-əsvəd (Kəbədəki «qara daş») onun divarında yerləşdiriləcək. Şübhəsiz‚ bir gün gələcək ki‚ bura mənim övladlarımdan birinin – Məhdinin (ə.c.) və bütün möminlərin namaz qıldığı yer olacaq. Yer üzündəki bütün mömin insanlar, ya buraya gələcək‚ ya da bu məscidi sevəcəklər. Bu məscid barəsində səhlənkarlıq etməyin! Orada namaz qılmaqla Allah-Təalaya daha da yaxın olun. Arzu-diləklərinizin yerinə yetməsi üçün buraya üz çevirin. Əgər insanlar onun (həqiqi) dəyərini bilsəydilər‚ hər bir yerdən qarın və buzun üzərindən keçməklə də olsa belə‚ həyacan və təlaşla ona sarı üz gətirərdilər.»376