İmam Baqir (ə): «Kufə məscidi Behişt bağlarından biridir. Min yetmiş peyğəmbər orada namaz qılmışdır. Onun sağ tərəfi rəhmət, sol tərəfi isə hiylə və məkrdir. Musanın (ə) əsası‚ Yunusun (ə) kələm gülü (balığın qarnından xilas olduqdan sonra onun kölgəsində daldalanmışdı) və Süleymanın (ə) üzüyü orada idi. Məhz Kufə məscidində Nuhun (ə) gəmisi düzəldildi‚ təndirdən su çıxmağa başladı. Kufə məscidi Babilin ən mühüm nöqtəsi və peyğəmbərlərin məkanıdır.»382
Həmma ibn Zeyd Harisi rəvayət edir: «İmam Sadiqin (ə) hüzurunda idim və onun evi Kufə camaatı ilə dolu idi. Onların arasından bir nəfər İmama (ə) belə sual verdi: «Ey peyğəmbər övladı! Mən Kufə məscidindən uzağam və (elə buna görə də) orada namaz qılmaq istəmirəm» İmam (ə) buyurdu: «Oraya get. Əgər camaat onun nə qədər fəzilət daşıdığını bilsəydilər‚ iməkləməklə də olsa‚ oraya üz tutardılar». Kişi dedi: «Axı mənim işim çoxdur.» İmam (ə) buyurdu: «O məscidə get və bacardığın qədər oranı tərk etmə. Sənə məscidin sağ tərəfinə‚ yerindən qazılıb çıxarılmış qapıların yanına getməyi məsləhət görürəm. İbrahim (ə) orada namaz qılmışdır. Həmçinin, məscidin beşinci sütununun yanına da get. Cəbrayıl orada namaz qılmışdır. And olsun o Allaha ki‚ varlığım onun əlindədir. Əgər camaat mənim bu məscidin fəzilət və üstünlükləri haqqında bildiklərimdən xəbərdar olsaydılar‚ oraya yığışıb‚ izdiham yaradardılar.»383