İmam Sadiq (ə): «Qədir məscidində namaz qılmaq müstəhəbdir. Çünki Peyğəmbər (s) Əmirəl-möminini (ə) burada imamət məqamına ucaltdı. Bura, Allah-Təalanın haqqı aşkar etdiyi yerdir.»404
Əbdür-Rəhman ibn Həccac rəvayət edir: «İmam Kazımdan (ə) səfərdə olarkən‚ gündüz vaxtı Qədir-xum məscidində namaz qılmaq barəsində soruşdum. Buyurdu (ə): «Orada namaz qıl. Bu iş çox fəzilətlidir. Atam həmişə mənə bunu (orada namaz qılmağı) tapşırardı.»405
10.9 Fəth məscİdİ
Cabir ibn Abdullah rəvayət edir: «Peyğəmbər (s) Fəth məscidində üç gün dua edərdi: bazar‚ bazar ertəsi və cümə axşamları. Cümə axşamı iki namazın arasında olan fasilədə O həzrətin (s) duası qəbul olduqda‚ sevindi.»406
10.10 Fəzİx məscidİ
İmam Baqir (ə): «Həzrət Peyğəmbər (s) xurma şərablarının dağıdıldığı gün bu məsciddə əyləşdiyinə görə‚ (xalq arasında) oranı «Fəzix məscidi», yəni «Xurma şərabı məscidi» adlandırdılar. Çünki ən çox dağıdılıb tökülən şərab, xurma şərabı idi.407
Leys əl-Muradi rəvayət edir: «İmam Sadiqdən (ə) bu məscidin nə üçün «Fəzix» adlandırılması haqqında soruşdum. Buyurdu (ə): «Xurma ağacının bir növü də‚ «fəzix» adlandırılır. Elə buna görə də‚ bu məscidə «Fəzix» deyirlər.»408
Əmmar ibn Musa rəvayət edir: «İmam Sadiqlə (ə) birlikdə Fəzix məscidinə daxil oldum. Buyurdu (ə): «Ey Əmmar bu çuxuru görürsənmi?» Dedim: «Bəli. Buyurdu (ə): «Cəfərin həyat yoldaşı (sonralar Həzrət Əlinin (ə) həyat yoldaşı oldu) övladları ilə birlikdə burada oturmuşdu. O‚ ağlayırdı. Övladları ondan soruşdular:
Ana nə üçün ağlayırsan?
Dedi:
Əmirəl-möminin üçün.
Nə üçün bizim atamıza deyil‚ ona ağlayırsan.
Bu siz düşündüyünüz kimi ağlamaq (yas saxlamaq) deyil. Əmirəl-mömininin mənə sölədiyi bir sözü xatırladım‚ ona görə ağlayıram.
O‚ nə sözdür?
Mən və Əmirəl-möminin (ə) bu məsciddə əyləşmişdik. O, mənə buyurdu: «Bu çuxuru görürsənmi?» «Bəli.»-dedim. Buyurdu (ə): «Mən Allahın Rəsulu (s) ilə birlikdə burada oturmuşdum. O Həzrət (s) başını çiynimə qoyub‚ mürgüləməyə başlabı. Yavaş-yavaş dərin yuxuya getdi. Beləcə, əsr namazının vaxtı gəlib-çatdı. Onun başını çiynimdən qaldırmağa urəyim gəlmədi. Ona mane olmaq istəmədim. Əsr namazının (fəzilətli) vaxtı keçdi. Sonra Peyğəmbər (s) yuxudan ayıldı və soruşdu: «Ey Əli! Namaz qıldınmı?» «Xeyr.»-dedim. Buyurdu (s): «Nə üçün?» Dedim: «Sizə mane olmaq istəmədim.»
Allahın Rəsulu (s) ayağa qalxıb‚ üzü qibləyə dayandı. Əllərini səmaya qaldıraraq‚ buyurdu: «Pərvərdigara! Günəşi əvvəlki vaxtına qaytar ki‚ Əli namazını (vaxtında) qıla bilsin.»409