4.3. Sosial münasibətlər və asılılıqlar
Qarşılıqlı təsir sabit sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Bu qədər çoxmənalı məfhum altında nəyi nəzərdə tutacağımızı müəyyənləşdirməkdən başlamaq daha yaxşı olardı. Bu söz başqa elmlərdə və məişətdə istifadə olunmasının təsiri altında sosiologiyada da müxtəlif mənalarda işlədilir. Məsələn, əgər A-nın cəmiyyətdə tutduğu yer onun B-dən asılı olduğunu bildirirsə, onda deyirlər ki, A-nın B ilə müəyyən münasibətləri vardır. Bəzən deyirlər ki, A B-yə müəyyən münasibət bəsləyir, məsələn A B-yə qərəzlə yanaşır. "Münasibət" sözü həmçinin "nisbət" istilahı ilə eyni mənalı söz kimi də işlədilir. Məsələn, qüvvələrin qeyri-bərabər münasibəti (nisbəti). "İstehsal münasibətləri" ifadəsində "münasibət" sözü fərdin əmək bölgüsünə əsaslanan istehsal prosesinə cəlb edildiyi və fərddən asılı olmayan mürəkkəb və obyektiv asılılıqlar sistemini bildirir. Bir çox digər misallar da gətirərək göstərmək olar ki, "münasibət" sözünün başqa mənaları da vardır.
Lakin belə hesab edirlər ki, bu sözün iki ən mühüm mənası vardır:
"Münasibət" istilahı A ilə B-nin müəyyən vəziyyətini (mövqeyini), onların şüurlu səylərinin və subyektiv niyyətlərinin iştirakı olmadan yaranan qarşılıqlı asılılıqlar vəziyyətini bildirir;
Bu istilah A-nın B-yə nisbətən şüurlu və subyektiv müəyyənliyi olan hərəkəti, dərk edilən və subyektiv müəyyənliyə malik asılılıqdan yaranan hərəkətidir.
Birinci mənaya misal olaraq "istehsal münasibətlərini", ikinci mənaya isə dostluq münasibətlərin göstərmək olar. Mövcud metodoloji tendensiyalardan birinə əsasən sosiologiya hər şeydən əvvəl obyektiv münasibətlərlə məşğul olmalıdır. Bunun əksi olan tendensiyaya görə isə sosiologiyanın əsl vəzifəsi partnyorun və müəyyən münasibətin əmələ gəldiyi situasiyanın subyektiv müəyyənləşdirilməsindən yaranan münasibətləri öyrənməkdən ibarətdir.
Biz belə hesab edirik ki, sosial əlaqə həm bu, həm də digər növ münasibətlərdən yaranır. Odur ki, həm bu, həm də o biri növü əhatə edən kifayət qədər geniş tərif tərtib etmək olar. İki partnyorun (fərdləri və ya sosial qrupları), əlaqələndirici hissəni (münasibətin "platformasına" çevrilən hər hansı bir əşyanı, marağı, yönəlişliyi, ümumi dəyəri) və partnyorların bir-birinə nisbətən mütləq yerinə yetirməli olduqları vəzifələr, borclar və ya müəyyənləşdirilmiş funksiyalar məcmusunu əhatə edən müəyyən sabit sistemi sosial münasibət adlandırmaq olar. Başqa sözlərlə desək, sosial münasibət iki partnyor arasında müəyyən platforma əsasında normalaşdırılmış qarşılıqlı təsir sistemidir.
Onu da qeyd edək ki, "münasibət" istilahına biz burada danışıq dilində istifadə edildiyindən daha dar məna veririk. Biz bu isqilahı qeyri-formal da olsa, müəyyən normalarla məhdudlaşmış sabit sistemləri işarə etmək üçün saxlayırıq.
Sosial münasibətlər həmçinin vasitəli surətdə kontaktda olan adamlar arasında mövcud ola bilər, qarşılıqlı təsir isə vəzifənin subyektiv duyulması, münasibəti saxlamaq niyyəti vasitəsi ilə deyil, geniş vəzifəli təsisatlandırılmış müəssisələr vasitəsi ilə də həyata keçirilə bilər.
Beləliklə, münasibətin tərifi sosial sistemlərin çox geniş dairəsini əhatə edir: iki uşağın dostluğu, müəllim və şagird arasındakı tərbiyə münasibətləri, işçi ilə sahibkar arasında əmək müqaviləsi, iki təsisat arasında müqavilə, iki dövlət arasında ittifaq və s. Münasibət adamları məhz toplu halında birləşdirən sabit elementdir. Qrupların və ya başqa ictimai birliklərin mühüm tərkib hissəsi qarşılıqlı təsir və ya ayrı-ayrı sosial əməllər deyil, məhz sabit və normalaşdırılmış münasibətlərdir. Heç bir sabit və normalaşdırılmış sosial qrup yuxarıda müəyyənləşdirilmiş mənada münasibətsiz mövcud ola bilməz. İxtiyari hərəkətlərin və ya qarşılıqlı təsirlərin deyil, yalnız qəbul edilmiş normalar vasitəsi ilə müəyyən edilmiş hərəkətlər qrupun daxili təşkilini və birləşməsini təmin edə bilər. Deməli, sosial hərəkət və qarşılıqlı təsirlərin öyrənilməsi sabit sosial münasibətlərin tədqiqinə hazırlıq yaradan zəruri elementdir.
Münasibət probleminin araşdırılmasını davam etdirərək, sosial asılılıqlar problemi üzərində dayanaq. "Sosial asılılıq" ya bir cəmiyyətdə yaşayan adamlar arasında yaranan asılılıqları, ya da adamların bir-birinə cəmiyyət üzvləri kimi göstərdiyi dərk edilən qarşılıqlı təsirində əmələ gələn asılılıqları ifadə edə bilər. Bunlar iki tamamilə müxtəlif şeylərdir. Birinci halda A B-dən asılıdır, yəni A öz işlərində B-nin mövcudluğu, onun hüquq və vəzifələri dairəsi ilə hesablaşmalıdır, B-nin mövcudluğu A-nın işlərini müəyyən çərçivəyə alır, məhdudlaşdırır. Burada asılılıq mütəşəkkil sistemə ümumi mənsubiyyətdən, aidiyyətdən yaranır, ikinci halda isə A-nın B-dən asılılığı B-nin A-ya müəyyən davranış üsulunu və qaydasını bilavasitə qəbul etdirə bilməsi deməkdir. Başqa sözlərlə desək, birinci halda biz A ilə B-nin eyni bir struktur daxilində hərəkət etməsi nəticəsində yaranan struktur-funksional asılılıqla, ikinci halda isə B-nin A-ya nisbətən bilavasitə niyyətlərindən və onları B-nin malik olduğu real imkanlarından irəli gələn intensional asılılıqla rastlaşırıq.
Asılılıq anlayışı sosiologiyada mühüm rol oynayır, çünki asılılıqların təhlili qanunların yaradılmasının əsasını təşkil edir. Sual oluna bilər: özgəsinin davranışını formalaşdırmağın mümkünlüyündən yaranan sosial asılılıqlar özlərini təbiətdəki əşyalar, hadisələr və proseslər arasındakı asılılıqlar halında olduğu kimi öyrənməyə imkan verirmi? Proqnoz verməyə imkan yaradan asılılıq qanunlarını müəyyən etmək mümkündürmü? Bu problemi burada müzakirə etmək niyyətində olmayaraq, biz onu yalnız "asılılıq" anlayışının sosioloji təhlil üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etmək məqsədilə xatırladırıq.
Onu da qeyd edək ki, burada biz ümumiyyətlə sosial asılılıqlar və sosial münasibətlərdən danışırdıq və "sosial" keyfiyyətin əlavə edilməsi mühüm fərqin olduğunu nəzərdə tutur. İndi isə sosial münasibətlərin araşdırılmasına qayıdaq və belə, bir sual verək, bu məfhum və asılılıq arasında bərabərlik işarəsi qoymaq olarmı? Əlbəttə, yox. Asılılıq sosial münasibətlərin müəyyən elementidir, lakin yeganə element deyil. Sosial münasibətlər partnyorlar arasında əlaqələndirici hissə və vəzifələrin xarakterindən irəli gələn müəyyən asılılığın yarandığı mürəkkəb sistemdir, lakin münasibət asılılıqlar sistemindən həm də geniş olan bir şeydir. Danışıq dilində biz deyirik ki, asılılıq insanları birləşdirən münasibətlərdən biridir. Bu yalnız müxtəsər ifadə vasitəsidir. A ilə B-nin xidməti asılılıq münasibətləri ilə bağlı olduğunu dedikdə nəzərdə tuturuq ki, A B-yə nisbətən yuxarı vəzifə tutan şəxsdir, onlar A-nın rəhbər, B-nin isə tabe şəxs olduqları münasibətdə partnyordurlar; onların arasında əlaqələndirici hissə müəyyən növ təsisatlandırılmış fəaliyyətdən ibarətdir; bir-birinə nisbətən qarşılıqlı vəzifələri çərçivəsində onlar hansısa məsələləri reallaşdırırlar və bu əmək bölgüsündə A rəhbər funksiyaları yerinə yetirir. Xidməti asılılıq bu sistemin elementlərindən biridir, çünki onların münasibətlərində xidməti asılılıqdan nə isə əhəmiyyətli dərəcədə böyük bir şey vardır.
Biz buraya sosial münasibətlərin nə təsnifatını, nə də sistemləşdirilməsini verməyərək, yalnız sosial münasibət anlayışını daxil edirik.
Münasibətlər nəzəriyyəsi ümumi sosiologiyanın mühüm sahəsidir. O, qrup və. digər sosial topluları birləşdirən sosial əlaqənin əsas tərkib hissəsidir.
Dostları ilə paylaş: |