9.3. Tədqiqat obyektinin ilkin sistem təhlili
Məfhumlar dəqiqləşdirildikdən sonra ümumiyyətlə, ixtiyari anlayışlar toplusundan deyil, həmin məfhumlardan istifadə edərək tədqiqat obyektinin bütövlükdə, tam ilkin sistem təsvirini vermək lazımdır.
Sosial obyektin sistem kimi araşdırılması onun müəyyən bir tam kimi nəzərdən keçirilməsini, onu təşkil edən elementlərin üzə çıxarılmasını, bu elementlərin funksiyalarının, onların qarşılıqlı əlaqələrinin həmçinin hər bir elementlər sistem arasındakı qarşılıqlı münasibətlərin təsvirimi nəzərdə tutur. Bu zaman sistemin strukturu, onun fəaliyyət şərtləri aşkar edilir.
Konkret sosioloji tədqiqatda sistem yanaşmanın əhəmiyyəti haqqında məsələmin qoyuluşu iki cəhətdən vacibdir. Birincisi, tədqiqatda alınmış empirik materialın təfsiri zamanı sistem yanaşması tək, vahid obyektlə tam sosial sistemin əlaqəsi cəhətlərinin araşdırılması, yəni obyektin "xarici" əlaqələrinin nəzərə alınması üçün əsas ola bilər.
İkincisi, həmin vahid obyekti, öz növbəsində, onda olan elementlərə ayıraraq, onların arasındakı əlaqələri, yəni obyektin "daxili" əlaqələrini qeydə alaraq müəyyən bir sistem kimi nəzərdə keçirərkən sistem yanaşmanın bəzi ümumi tələblərini tətbiq etmək vacibdir. Bu halda da obyektin ilkin təsviri hər şeydən əvvəl obyektin həm daxili təbiətini, həm də onun xarici aləmlə münasibətlərini səciyyələndirən elə həmin əlaqələrin müəyyənləşdirilməsindən ibarət olacaqdır.
Aydındır ki, bu çoxnövlü əlaqələrin təsnifatına və hətta sadəcə olaraq sadalanmasına müxtəlif cür yanaşmaq olar (qeyd edək ki, həmin əlaqələr hər bir konkret sosial obyektin fəaliyyətini müəyyən edir).
Bu cür əlaqələri hər şeydən əvvəl bizim tədqiq etdiyimiz sosial proses və ya sosial hadisəyə təsir edən amillər kimi nəzərdən keçirmək məqsədəuyğundur amilləri aşağıdakı kimi təsnif etmək olar:
ümumi və spesifik;
birbaşa və dolayı;
obyektiv və subyektiv.1
Burada göstərilmiş amillər qrupunu heç bir halda mütləq bir şey hesab etmək olmaz. Bir tədqiqatda ümumi kimi çıxış edən amil başqa tədqiqatda spesifik amil ola bilər. Eyni ilə bir tədqiqatda birbaşa amil olan amil digərində dolayı amil kimi çıxış edir. Amillərin obyektiv və subyektiv olanlara bölünməsi də nisbi səciyyə daşıyır.
Məsələn, "İnsan və onun əməyi" tədqiqatında əməyə münasibəti müəyyənləşdirən ümumi obyektiv amillər bölməsinə istehsal münasibətləri sistemi ilə yanaşı "cəmiyyətin əsas dəyər yonümü sistemi"nin daxil olduğu ictimai şüur vəziyyəti də salınmışdır.2 Spesifik obyektiv amilləri bölməsinə isə fəhlə kollektivində münasibətlər, ailə tərbiyəsi sistemi, kütləvi informasiya və təbliğat vasitələrinin təsiri və s. daxil edilmişdir. Bu cür siyahı əsasında sosioloqları "obyektiv və subyektiv" anlayışlarını səhv başa düşməkdə günahlandırmaq olarmı? Əlbəttə ki, yox. Tədqiqatın bütün kontekstindən aydındır ki, söhbət nədən gedir və məfhumlar hansı mənada işlədilir. Lakin, terminoloji çətinliklər mövcuddur və digər terminologiya olmadığından şərhlər və qeydlər sisteminə əl atmaq lazım gəlir.
Belə bir sual meydana çıxır, nə üçün hələ tədqiqatdan əvvəl, proqramın tərtib edilməsi mərhələsində obyektin ilkin sistem tədqiqi aparılmalıdır? Nə üçün obyektin fəaliyyətinə təsir göstərən bütün amillər məcmusu qabaqcadan nəzərdə tutulmalı və nəzərə alınmalıdır? Bu konkret sosioloji tədqiqat ideyasının özündən imtina etmək demək deyilmi, axı söhbət sırf nəzəri təhlildən gedir? Bütün bu suallar prinsipial əhəmiyyət daşıyır.
Bu sualların cavabları idrak prosesində nəzəri və empirik tərəflərin qarşılıqlı münasibətinə, konkret sosioloji tədqiqatın müxtəlif mərhələlərində nəzəriyyənin vəzifələrinə aid ümumi problemin həlli ilə bağlıdır. Obyektin ilkin sistem təsviri sosioloqa öyrənilən materialı bir növ müəyyən "çərçivəyə" salmağa imkan verən xüsusi bir nəzəri əsas kimi çıxış edir. Bu heç də özünü süni surətdə məhdudlaşdırmaq demək deyil, bu yalnız həmin tədqiqatda mütləq öyrənilməli olan empirik materialı fərqləndirmək və seçib ayırmaq üçün vasitədir. Bu cür təsvirin ilkin xarakteri sadalanmış amillərdən hər birinin rolu və əhəmiyyəti haqqında nəticələri artıq proqram mərhələsində qəti şəkildə şərtləndirmir. Biz burada yalnız o şərtləri sadalayırıq ki, onları unutmaq olmaz və nəzərdə saxlamaq lazımdır. Tədqiqatçını hələlik obyektin müxtəlif daxili və xarici əlaqələrinin bütün mümkün istiqamətləri, başqa sözlərlə, mümkün funksional asılılıqlar sırası maraqlandırır.
Dostları ilə paylaş: |