9.5. Proqramın prosedur hissəsi
Konkret sosioloji tədqiqat aparmağa başlamış sosioloqun əsas metodoloji işi hipotezaların ifadə edilməsi ilə başa çatır. Lakin bu heç də o demək deyildir ki, sonralar metodoloji məsələlərə ümumiyyətlə fikir verilməyəcəkdir. Bütün tədqiqat prosesi boyu hər hansı bir texniki üsul tətbiq edilərkən ümumi metodoloji prinsiplər tədqiqatçının bütün işini istiqamətləndirir. Lakin tədqiqat proqramının qalan sonrakı hissəsini şərti olaraq prosedur hissəsi kimi adlandırmaq olar, çünki əsas etibarilə prosedur və texniki məsələlər nəzərdən keçirilir.
Proqramın prosedur hissəsi müşahidə vahidlərinin seçilməsindən, yəni tədqiqatın gedişində bilavasitə tədqiq edilməli olan adamlar toplusunun müəyyənləşdirilməsindən başlaya bilər. Tədqiqat obyektini təşkil edən adamların hamısının (bu isə minlərlə adam ola bilər) sorğudan keçirilməsi məqsədəuyğun olmazdı. Bu tədqiqatın aparılması vaxtını uzadar və deməli məlumatların alınmağını gecikdirər, böyük miqdarda adamı işdən ayırar və tədqiqatın özünü həddən artıq çətinləşdirərdi. Buna görə də sosioloji tədqiqatların əksəriyyəti tam deyil, seçmə xarakterinə malikdir. Başqa sözlərlə, müəyyən və olduqca ciddi qaydalar əsasında öyrənilən obyektiv strukturunu sosial-demoqrafik və bir sıra digər xarakteristikalar üzrə əks etdirən nisbətən azsaylı adamlar qrupu seçilir.
Obyektin özünəməxsus modeli olan seçmə toplu ilə obyektin özü (əsas toplu) arasındakı nisbət proqramda təcrübi-statistik və riyazi-statistik metodların vasitəsi ilə müəyyən edilir.
Proqramın prosedur hissəsinin növbəti bölməsi tədqiqatda tətbiq olunan empirik məlumatların toplanması metodları və texnikasına həsr edilir. Obyektin spesifikasiyanda, həmçinin öyrənilən obyekt haqqında artıq əldə olunan informasiyanın xarakterindən asılı olaraq sosioloji informasiya toplamaq metodlarının seçkisi aparılır (müşahidə, anketləşdirmə, müsahibə alma və s.) və bunun əsasında tədqiqatın alətlər dəsti (anketlər, sorğu vərəqələri, müşahidə kartoçkaları və b.) işlənilib hazırlanır. Proqramda alınmış informasiyanın işlənmə və təhlil metodları da göstərilir.
Proqramın prosedur hissəsinin mühüm tərkib elementi sosioloji tədqiqatın planı — elmi axtarışın strategiyasını və taktikasını müəyyənləşdirən, işin təşkilinin hazırlıq mərhələsinin əsas sənədidir. İki növ plan sənədi fərqləndirilir: strateji və iş planı. Sosioloji tədqiqatın strateji planı tədqiqatın ümumi konseptual sxemini əks etdirir və sosioloqun fəaliyyətinin ardıcıllığını müəyyənləşdirir. Bu planın axtarış, analitik və eksperimental variantlarını ayırırlar.
Axtarış planı tədqiqat obyekti və problemi haqqında aydın təsəvvür olmadıqda tətbiq edilir. Onun məqsədi problemin ifadə edilməsi, hipotezaların irəli sürülməsindən ibarətdir. Bu növ plan həmçinin sosioloqun həll etməli olduğu məsələlərin ardıcıllığını növbəliliyini müəyyənləşdirir. Burada aşağıdakı üsullar istifadə olunur: sənədlərin öyrənilməsi, müsahibə aparılması və müşahidələrin yerinə yetirilməsi.
Analitik plan problem haqqında obyekti ayırmağa və təsviri hipotezanı ifadə etməyə imkan verən biliklər mövcud olduqda tətbiq edilir. Planın məqsədi bu hipotezanın yoxlanılmasından və hipoteza təsdiq olunarsa, öyrənilən obyektin dəqiq xarakteristikasının alınmasından ibarətdir. Burada istifadə edilən üsullar axtarış planı yerinə yetirilərkən tətbiq olunan üsullardan, bir qədər fərqlənir: seçmə və ya monoqrafik tədqiqat, anketləşdirmə, statistik aparat.
Eksperimental plan obyekt haqqında əldə olan biliklər izahedici hipotezanı ifadə etmək imkanı yaratdıqda tətbiq edilir. Onun məqsədi obyektdə səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsindən ibarətdir. İzahedici hipotezanın yoxlanılmasının ən mühüm üsulu real eksperimentin keçirilməsidir.
Konkret sosioloji araşdırmalar praktikasında sosioloji tədqiqat planlarının bu tipləri nadir hallarda işlədilir. Adətən onlardan hər biri tədqiqatın müəyyən mərhələsinə müvafiq olur. Bir tədqiqatda planın bütün növləri tətbiq edilə və birləşdirilə bilər.
Strateji və ya başqa cür deyilsə, prinsipial tədqiqat planı iş planına çevrilir, sonuncuda isə bütün işin əsas mərhələləri göstərilir, tədqiqatın metodika və texnikası müəyyənləşdirilir, işin gedişinin şəbəkə qrafiki nəzərdə tutulur. Tədqiqatın iş planının qurulması əsas tələblər kimi çıxış edən şərtlərə — göstərilmiş işlərin planlaşdırılmış vaxt ərzində nizama salınmış şəkildə yerinə yetirilməsinə, onların tədqiqatın keçirilməsi mərhələlərinə müvafiq ardıcıllıqla aparılmasına riayət etməyi nəzərdə tutur.
Beləliklə, iş planı tədqiqatın müstəqil, strateji planının bir nov qolu kimi çıxış edə bilən sənədə çevrilir. Lakin çox zaman tədqiqatın iş planı prinsipial planla birlikdə, onun təşkilati davamı və konkretləşdirilməsi kimi tərtib edilir.
Dostları ilə paylaş: |