13.3. Müsahibə aparanların seçilməsi və hazırlığı
Müsahibə aparılmasının metodoloji və texniki problemlərindən başqa müsahibə alanların konkret sosioloji tədqiqatlar təcrübəsi üçün çox böyük əhəmiyyəti olan sırf praktiki seçilməsi və hazırlığı problemləri üzərində də dayanmaq zəruridir. Sorğu keçirən zaman diqqətini müsahibə metodu üzərində cəmləmiş və onu seçmiş hər bir tədqiqatçının qarşısına bir sıra onun həll etməli olduğu suallar çıxır. Müsahibəni kim apara bilər və o hansı keyfiyyətlərə malik olmalıdır? Daxili imkanlarına görə ən qabiliyyətli müsahibə aparanları necə seçməli? Onlarda müvafiq keyfiyyətləri inkişaf etdirmək üçün hansı tədris metodlarını tətbiq etməli?
Müsahibənin vəzifə və məqsədi öz-özlüyündə müsahibə aparanın bir sıra arzu olunan şəxsi keyfiyyətlərini artıq müəyyən dərəcədə əvvəlcədən təyin edir. Əvvəla, o, respondentlə ilk görüş zamanı xoş təsir bağışlamalı, nəzakətli, ədəbli və ünsiyyətli adam olmalıdır. İkincisi, o, səliqəli, vicdanlı və olduqca yorucu işi yerinə yetirməyi bacaran adam olmalıdır.
Hal-hazırda müsahibə aparanın hansı keyfiyyətlərə malik olmasının zəruriliyinə dair kifayət qədər müxtəlif ümumi göstərişlər vardır. Sorğu üçün müsahibə aparanların seçilməsində xüsusi standartlaşdırılmış seleksiya (seçki) testlərini tətbiq etmək cəhdlərinin heç biri uğurla nəticələnməmişdir.
Təcrübə və müsahibə metodunun istifadə edildiyi bir sıra konkret sosioloji tədqiqatlar göstərir ki, müsahibə alan işini aparmaq üçün son dərəcə parlaq ifadə olunmuş intellektual qabiliyyətləri olan adamların seçilməsi daha üstün tutulmalıdır.
Müsahibə aparanın təhsili hansı səviyyədə olmalıdır? Onun yaşı, cinsi, sosial statusunun əhəmiyyəti varmı? Bu suallara tədqiqatçı hər hansı bir konkret tədqiqat üçün müsahibə aparanların praktik olaraq seçilməsi prosesində cavab verməlidir. Təcrübə göstərir ki, müsahibə aparanın təhsilinin əhəmiyyəti var, lakin bunun vacibliyini həddən çox şişirtmək lazım deyil. Görünür ki, ali təhsilli adamın öhdəsindən orta təhsillinin də gələ biləcəyi işdə istifadə olunmasının heç bir mənası yoxdur. Müsahibə aparanın səriştəliliyinə yönəlmiş tələblərin səviyyəsi tamamilə konkret tədqiqatın mövzusu ilə müəyyənləşdirilir.
Cins, yaş, sosial vəziyyət kimi xarakteristikalara gəldikdə isə artıq qeyd edildiyi kimi, onların nəzərə alınmasının müsahibəni müvəffəqiyyətlə keçirilməsi üçün böyük əhəmiyyəti vardır. Müsahibə aparanların bu əlamətlər üzrə seçilməsi iki amillə müəyyənləşdirilir: birincisi, müsahibənin məzmunu ilə, ikincisi isə respondentlərin müvafiq xarakteristikaları ilə.
Müsahibənin əsasən müsahibə alanın texniki cəhətdən nə dərəcədə yaxşı hazırlaşdırılmasından asılı olduğuna çətin ki, hansısa bir tədqiqatçı şübhə etsin. Hər bir müsahibə alanın müsahibə üsulu və texnikası üzrə xüsusi tədris kursunu keçməsi fikri hamı tərəfindən qəbul edilmişdir.
Müsahibə aparanları hazırlama prosesində aşağıdakılar zəruridir:
onları ümumi ölçmə prinsipləri ilə tanış etmək, onlara ilkin sosioloji məlumatlar toplamağın rolu və əhəmiyyətini izah etmək və müsahibə aparma prosesində əsas davranış prinsiplərini məlum etmək;
müsahibə aparmaq texnikasını öyrənmək;
müsahibə aparmaqda bir az təcrübə əldə etmək imkanı vermək;
müsahibə üsulunu (prosedurasını) əsaslı surətdə təhlil etməyi və qiymətləndirməyi öyrətmək.
Müsahibə aparanların tədrisində əsas məsələ onları sadəcə olaraq nə etmək və hər hansı bir işi necə daha yaxşı yerinə yetirmək lazım olduğunu öyrətməkdən deyil, onlara müsahibə aparmağın əsas elementlərini təcrübədə başa salmaq və özlərini bu işdə sınamaq imkanını verməkdən ibarətdir.
Müsahibə aparanların hazırlanmasında tətbiq olunan müxtəlif tədris metodları vardır. Bu cür olduqca səmərəli metodlardan biri "rol oyunudur". Bu metodun mahiyyəti bundan ibarətdir: müsahibə aparanların hazırlıq qrupunda üzvlərindən biri özünü ona tanış olan hər hansı bir konkret şəxslə eyniləşdirərək respondent rolunu, başqa bir üzvü isə müsahibə alan rolunu oynayır. Qrupun qalan üzvləri isə müşahidəçi rolunda çıxış edirlər. Bu səhnəcik qurtarandan sonra, keçirilmiş süni müsahibənin yaxşı cəhətləri və qüsurları barədə ümumi diskussiya başlanır, müsahibə aparanın və respondentin davranışı dəqiqliklə təhlil edilir və müsahibə almaq texnikası qiymətləndirilir.
Dostları ilə paylaş: |