15.2. Eksperimental məlumatların işlənməsi
Eksperiment aparan zaman tədqiqatçı, adətən, bir çox müxtəlif məlumatlar əldə edir. Onların təhlilinə keçməmişdən əvvəl alınmış materialın nizama salınması, yəni alınmış nəticələrin təsnifatı və sırf vizual qiymətləndirilməsi mümkün və rahat edilməsi məsələsini həll etmək lazım gəlir.
Eksperimentlərin nəticələri adətən cədvəl və ya qrafik halında göstərilir. Məlumatların həcmi böyük olduqda statistik işlənmə tətbiq etmək lazım gəlir.
Eksperimentin düzgün aparılması alınmış nəticələrin statistik təhlili metodların adekvat tətbiqi ilə birlikdə təcrübədə öyrənilən dəyişənlər arasında eksperiment gedişində aşkar edilmiş əlaqənin təsadüfi deyil, öz təbiətinə görə səbəb-nəticə əlaqəsi olacağını təmin edə bilər.
Tədqiqatçı eksperimentin gedişində dəyişənlər arasında səbəb-nəticə əlaqəsini müəyyən etdikdən və bu ya digər fəaliyyət tipinin əsasında yerləşən mexanizmi açdıqdan sonra onun qarşısında tapılmış əlaqənin eksperiment çərçivəsindən nə qədər kənara çıxması, başqa sözlərlə, həmin əlaqənin mövcudluq faktının digər obyekt və şərait üçün nə qədər doğru olması haqqında sual yaranır.
Bu məsələnin həlli olduqca vacibdir, çünki alınmış nəticələrin əsassız olaraq eksperimental şərait hüdudlarından kənar yayılması insan fəaliyyəti və davranışı ilə bağlı "səhv qənaətə gəlməyə və yanlış qanunauyğunluqların çıxarılmasına səbəb ola bilər. Sosioloji tədqiqatın nəticələrinin ümumiləşdirilməsi probleminə bir neçə nöqteyi-nəzərdən yanaşmaq olar. Söhbət eksperimentdə tapılmış əlaqə və ya mexanizmin nə dərəcədə ümumi səciyyə daşıdığından gedə bilər.
Azsaylı eksperimentlər keçirildikdə tədqiq olunan əlaqənin yalnız işarələmək, onun mövcud olmasını qeyd etmək və istiqamətlənməsi haqqında təxmini fikir söyləmək olar. Yalnız dəfələrlə təkrar olunmuş, müxtəlif cür sərbəst dəyişənlərin öyrənilən asılı dəyişənə təsirini nəzərdə tutan eksperiment tədqiq olunan əlaqənin mahiyyəti haqqında ümumiləşdirilmiş nəticəyə gəlməyə imkan verə bilər.
Eksperimentin aparıldığı şərait tamamilə sünidən bütünlüklə təbiiliyə qədər dəyişə bilər. Tamamilə aydındır ki, tədqiqatçının ayırdığından başqa, bütün dəyişənlərin təsirinin mümkün qədər neytrallaşdırıldığı laboratoriyada alınan məlumatlar yalnız bu cür şəraitə adekvat ola bilər. Bu halda eksperimentin nəticələrini təbii şəraitə keçirtmək olmaz, çünki bu şəraitdə öyrənilən asılı dəyişənə tədqiqatçının istifadə etdiyi sərbəst dəyişəndən başqa bir çox digər amillər də təsir göstərir. Əgər söhbət təbii şəraitdə yüksək dəqiqliklə qoyulmuş eksperimentdən gedirsə, aydındır ki, aparılmış təcrübələr əsasında alınmış nəticələri bu cür vəziyyətlərin bütöv bir sinfinə aid etmək mümkündür, yəni burada nəticələrin ümumilik səviyyəsi laboratoriya eksperimentindəkindən yüksək olacaqdır.
Eksperimental surətdə öyrənilən müşahidə obyektləri həmişə bütün mümkün variantların yalnız bir qismi olacaqdır. Əgər tədqiqat gedişində onların əsas xarakteristikaları dəyişdirilirsə, eksperimental yolla alınmış nəticələrin adekvat olacağı vəziyyətlərin hüdudlarını müəyyən etmək olar.
Bu nəticələrin eksperimental şərait hüdudlarından kənara şamil edilməsi mümkünlüyünü artırmaq üçün böyük sosial qrupun mühüm xüsusiyyətlərinin paylanması xarakterinin eksperimental qrupda əks olunması zəruridir, yəni eksperimental qrup reprezentativ, təmsil edə bilən olmalıdır. Eksperimental qrupun reprezentativliyi alınmış nəticələrin başqa obyektlərə şamil edilməsini təmin edir.
Eksperiment aparılarkən, hətta təcrübəli tədqiqatçının belə səhvlərdən və məlumatların təhrifindən qorunmuş olduğuna təminat vermək olmaz. Əgər eksperimentin qurulmasına daha əsaslı surətdə yanaşılarsa, bu səhv və təhriflərin bir qismini aradan qaldırmaq olar. Onların digər qismi isə, ümumiyyətlə, düzələn deyil. Lakin səhvlərin mümkünlüyünün özünün nəzərə alınması, lazımi düzəlişlər aparmağa imkan verir.
Hər şeydən əvvəl səhvən, əslində heç də eksperiment olmayan müəyyən bir vəziyyət bu cür adlandırıla bilər. Paralel eksperiment keçirilən zaman, məsələn, bir zavod briqadasında əməkhaqqının ödənilməsini dəyişdirmək, digərində isə olduğu kimi saxlamaq olar və bu zaman aşkar ola bilər ki, birinci briqadada əmək məhsuldarlığı artmışdır. Əgər hər iki qrupun bəzi mühüm xarakteristikaları nəzərə alınmazsa və onlar üzərində nəzarət təyin edilməzsə, bu cür vəziyyətlər heç bir vəchlə eksperimental ola bilməz.
Eksperimental və nəzarət briqadalar üzvlərinin sayına, fəaliyyət növünə, istehsalat funksiyalarının bölüşdürülməsinə, rəhbərlik tipinə və ya hipoteza nöqteyi-nəzərindən digər mühüm xarakteristikalarına görə bərabər olmalıdır. Əgər hər hansı vacib qrupun xüsusiyyətləri tarazlaşdırılmırsa, onları müəyyən bir üsulla neytrallaşdırmağa, qeyd etməyə və nəticələr təhlil edilən zaman nəzərə almağa çalışmaq lazımdır.
Sosioloq bütün bunları yerinə yetirə bilmədiyi hallarda onun yaranmış vəziyyəti eksperimental adlandırmağa və məhsuldarlığın dəyişməsini əməkhaqqının ödənilməsi sisteminin dəyişməsi ilə izah etməyə haqqı yoxdur, çünki məhsuldarlığın dəyişməsinə əməkhaqqının ödənilməsinin dəyişməsi deyil, hər hansı bir digər təsadüfi amil səbəb ola bilər. Tədqiqatı eksperimental adlandırmamışdın əvvəl tədqiqatçı bunun üçün əsasın olub-olmadığını, başqa sözlərlə, zəruri şərait yaradıb-yaratmadığını və ölçməklə nəzarətin lazımi səviyyəsini təmin edib-etmədiyini müəyyənləşdirməlidir.
Hipotezanı ifadə edən zaman və ümumi fərziyyədən operasional dəyişənlərə keçdikdə yürüdülən mühakimələrin məntiqi ilə bağlı olan səhvlərə yol verilə bilər.
Tapılmış mexanizm və əlaqələr hipoteza ifadə edilən zaman səhvən ümumiləşdirici səbəb kimi müəyyənləşdirilə bilər. Bu, adətən, az məlum olan hadisələr öyrənildikdə baş verir və bu zaman eksperimentdə alınmış mənfi nəticələr müşahidə obyektinin nəzəri modelinin hazırlanmasına müsbət təsir göstərir, çünki onlar həmin mexanizm və əlaqənin baş verən prosesləri şərtləndirmədiyinə dəlalət edir.
Hipotetik əlaqənin müəyyənləşdirilməsindən onun empirik göstəricilərinin təsvirinə keçdikdə də səhv etmək mümkündür. Düz seçilməmiş göstəricilər eksperimentin nə dərəcədə əsaslı keçirilməsindən asılı olmayaraq onu tamamilə dəyərsizləşdirir. Vəziyyətin həm eksperiment iştirakçıları, həm də tədqiqatçı tərəfindən subyektiv qavranılması ilə bağlı səhvlər də mümkündür. Təcrübəçiyə çox vaxt tədqiq edilən dəyişənin təsirini həddən çox şişirtməyə meyl xas olur və bu, hər bir ikimənalı faktın tədqiqatçı tərəfindən onun üçün arzu olunan istiqamətdə izah ediləcəyi ehtimalını yaradır.
Eksperimental qrupun üzvləri də vəziyyəti subyektiv izah edə bilərlər: onlar eksperimental vəziyyətin müəyyən cəhətlərini təcrübəçinin təsəvvür etdiyi kimi deyil, özlərinin yönəlişliklərinə uyğun olaraq qavraya bilərlər. Vəziyyətin qavranılmasında bu cür fərqlərin olması, əgər eksperiment planlaşdırılan zaman bu nəzərə alınmazsa, nəticələrin təhlili gedişinə mütləq öz təsirini göstərəcək və onların etibarlılığını azaldacaqdır.
Nəzarətin zəifləməsi və eksperimentin "təmizlik" dərəcəsinin azalması, əlavə dəyişənlərin və ya təsadüfi amillərin eksperiment qurtarandan sonra nəzərə alınması və ya qiymətləndirilməsi mümkün olmayan təsir göstərmək imkanını artırır. Bu öz növbəsində çıxarılmış nəticələrin etibarlılığını xeyli dərəcədə azaldır.
Kifayət qədər təcrübəsi olmayan tədqiqatçını statistik metodların tətbiqi ilə bağlı təhlükə gözləyir. O, tədqiqatın vəzifəsinə müvafiq olmayan metodları tətbiq edə bilər. Bu ehtimal həm eksperimental qrupun yaradılmasına, həm də nəticələrin təhlili üsuluna aiddir.
Sosiologiyada eksperimentin tətbiqi təbiətşünaslıqda aparılan eksperimentlərə xas mükəmməlliyə nail olmağa maneçilik yaradan bir sıra çətinliklərlə bağlıdır, çünki təbiətşünaslıqdan fərqli olaraq, burada tədqiq edilən obyektdən kənarda mövcud olan əlaqələrin təsirini aradan qaldırmaq, lazımi nəzarəti həyata keçirmək, eksperimentin gedişi və nəticələrini olduğu kimi təkrar etmək mümkün deyildir.
Sosiologiyada aparılan eksperiment bilavasitə konkret şəxsiyyətə toxunur, bu isə bir sıra etik problemləri meydana çıxarır, eksperimentin tətbiq edilmə hüdudlarını daraldır və tədqiqatçıdan yüksək məsuliyyət tələb edir.
Dostları ilə paylaş: |