4.1. Məkan, psixi və sosial kontaktlar
İnsanlar arasında olan istənilən münasibətlər məkanda hər hansı bir yaxınlıqdan, qarşılıqlı müşahidədən və adamlardan birində o birisinə maraq doğura biləcək cizgi və xüsusiyyətlərin olması faktının müəyyənləşdirilməsindən başlanmalıdır. Məkan kontaktı vasitəsiz (iki fərd bir-birini bilavasitə müşahidə edən və bilavasitə görüşən zaman) və vasitəli (məsələn, sahibkar işə götürmək üçün müəyyən informasiya əsasında fəhlə axtararkən) ola bilər. Hər halda fərdlərdə olan xüsusiyyətlərin qarşılıqlı müşahidəsinə gətirib çıxaran vasitəsiz və vasitəli kontakt sosial əlaqənin yaranması prosesində ilkin şərt və ilk elementdir. Aydındır ki, heç də hər bir məkan kontaktı zəruri surətdə sosial əlaqənin inkişafının sonrakı mərhələlərinə gətirib çıxarmır. Hər gün küçədə, qatarda və ya tramvayda rastlaşdığımız yüzlərlə adamla gələcəkdə bizi heç bir şey əlaqələndirməyəcək. Lakin başqa adamın müşahidə olunmasını və onun xüsusiyyətlərinin özümüz üçün aydınlaşdırılmasını mümkün edən hər hansı bir yaxınlıq kontaktın sonrakı mərhələlərinin də mümkünlüyünü yaradır.
Bir adamın ayrı-ayrı xüsusiyyətlərinin müşahidəsi başqa bir adamı maraqlandıra bilər. Bu maraq müşahidəçinin artıq mövcud olan tələbatları əsasında yarana bilər. Bu tələbatların məhz necə olduğunu qabaqcadan söyləməyərək biz israr edirik ki, fərdin hər hansı xüsusiyyətlərinin müşahidəsindən və həmin xüsusiyyətlərin müşahidəçinin hansısa tələbatlarının (bioloji, iqtisadi, mədəni) hansısa bir yolla ödəyəcəyinin aydınlaşdırılmasından sonra müşahidə olunan adama maraq oyanır. Maraq həm qarşılıqlı, həm də birtərəfli ola bilər. Maraq oyada bilən xüsusiyyətlər misal olaraq zahiri görünüşü, bilikliyi, müəyyən əşyalara malik olmanı və s. göstərmək olar.
Maraq psixi kontaktın ilk elementidir. Qarşılıqlı maraq başqa adam tərəfindən marağın dərk edilməsindən, marağın səbəblərinin fərdin özü üçün aydınlaşdırılmasından, bu marağın yol verilən və mənalı olmasının etiraf edilməsindən, qarşılıqlı marağa müəyyən hazırlığının ifadə olunmasından, yəni həmin başqa adamın tələbatlarının ödənilməsi üçün faydalı olduğunun başa düşülməsindən ibarətdir. Sxematik şəkildə bunu belə göstərmək olar. A B-ni müşahidə edir, onunla D-nın mövcud tələbatlarına cavab verən xüsusiyyətlər baxımından maraqlanır. Öz növbəsində B onun A-da oyatdığı marağı dərk edir və öz tələbatları baxımından A ilə qarşılıqlı surətdə maraqlanır. Beləcə qarşılıqlı maraq elementar psixi kontakt yaradır.
Psixi kontakt hələ heç bir əlaqəni əmələ gətirmir. O, gələcək sabit əlaqənin yaranmasının şərti və zəruri, qaçılmaz elementi olur. O, adamlar arasında sabit münasibətlərin yaranması yolunda yalnız bir mərhələdir. Adamlar arasındakı münasibətlərin bəzi tipləri ilkin, həmin münasibətlərdən əvvəl baş verən psixiki kontakt olmadan heç cür mümkün deyil.
Psixi kontakt birtərəfli ola bilər, məsələn, hər hansı bir sahibkar fəhlə dəvət edir, özü də həmin fəhlələr onu heç bir vaxt görməmişlər və onun haqqında heç nə bilmirlər. Bu halda psixi kontakt sahibkarın işçi qüvvəsinə birtərəfli marağından yaranır. Fəhlələr yalnız sahibkarın təmsilçilərilə görüşür və onların vasitəsilə sahibkarla qismən vasitəsiz kontaktda bulunur. Lakin, məsələn, dostluq münasibətləri bilavasitə müşahidəyə və qarşılıqlı bilavasitə marağa əsaslanan ilkin qarşılıqlı marağın və psixi kontaktın yaranmasını tələb edir.
Əlavə edək ki, bu problem sosiologiya tarixində geniş mübahisələrə səbəb olan mühüm məsələyə — psixi subyektiv amillərin ictimai həyat proseslərindəki rolu məsələsinə toxunur. Burada iki tendensiya bir-birinə toxunur: biri sosiologiyanın yalnız vasitəsiz şüurlu qarşılıqlı təsir əsasında yaranan prosesləri öyrənməli olduğunu israr edən psixoloji təmayül, digəri isə sosiologiyanın hər cür subyektivizmi kənar etməli və yalnız obyektiv prosesləri, yəni fərdlərin şüurlu meylləri və mövqelərindən asılı olmayaraq baş verən prosesləri tədqiq etməli olduğunu israr edən sosioloji təmayül. Bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki növ ictimai həyat üçün vacibdir və onların heç birini kənarda qoymaq olmaz.
Psixi kontakt sosial kontakta çevrilə bilər. Bunun üçün A və B rastlaşmalı və dəyər mübadiləsinə nail olmaq üçün bir-birinə qarşılıqlı təsir göstərməlidirlər (bu dəyərlərin yalnız nəzakətli sözlərdən və ya hər hansı əşyalardan, hər iki tərəfin müəyyən bir məna verdiyi hansısa vəziyyətdən ibarət olmasının fərqi yoxdur). İndiyə qədər təsvir edilən prosesə ən adi misal olaraq qəzet alınması prosesini göstərmək olar: satıcı ilə məkan kontaktı, bizi maraqlandıran qəzetin olduğunun müəyyən edilməsi, satıcının onu satmağa hazır olduğunun müəyyən edilməsi (onun bizimlə bir alıcı kimi maraqlandığının müşahidə edilməsi) və nəhayət bu əsasda yaranan sosial kontakt, yəni qəzetin alınması. Deməli, sosial kontakt ən azı iki adamın, kontaktın əsası olan hər hansı bir dəyərin, bu dəyərlə əlaqədar hər hansı qarşılıqlı təsirin daxil olduğu müəyyən sistemdir. Kontakt hələ bizim bir qədər sonra aşağıda işlədəcəyimiz mənada münasibət demək deyil. Kontakt prosesində qarşılıqlı təsir rastlaşan adamların şəxsiyyətindən daha çox kontaktın baş verdiyi əsası təşkil edən dəyərə aid olur. Yalnız tək bir halda şəxsiyyətli kontaktlar adlanan kontaktlarla rastlaşdığımız halda başqa adama olan maraq yalnız onun şəxsiyyəti ilə şəxsiyyətinin xüsusiyyətləri ilə məhdudlaşır. Lakin qeyd edək ki, kontaktlar fərdlər arasında sosial əlaqə yaranmasının yalnız ilk, erkən mərhələlərində deyil, həm də çox mürəkkəb münasibətlər sistemi vasitəsilə artıq bir-biri ilə bağlı olan fərdlər arasında da baş verir.
Tezliyi və davametmə müddətindən asılı olaraq kontaktlar keçici və sabit ola bilər. Kontakta gətirib çıxaran maraqların şəxsin fərdi tələbatlarından və ya qrupun tələbatlarından yarandığından və kontaktlı təsisatlandırılmış maraqların həyata keçirilməsi prosesindən asılı olaraq kontaktlar şəxsi və formal ola bilər. Məsələn, qəzet oxucusu ilə satıcısı arasındakı kontakt şəxsidir, qaz istehlakçısı ilə qaz tədarükçüsünün nümayəndəsi arasındakı kontakt isə formaldır. Nəhayət, kontaktlar şəxsiyyətli və predmetli ola bilər. Yuxarıda deyildiyi kimi, şəxsiyyətli kontaktlar partnyorun şəxsiyyətinin xüsusiyyətlərinə və ya vəziyyətinə olan maraqlardan yaranır, predmetli kontaktlar isə onun malik olduğu predmetə əsasən yaranır. Ən nəhayət sosial kontaktlar vasitəsiz və vasitəli ola bilər. Vasitəsiz kontaktlar üz-üzə gəlmək, üzbəüz görüşmək deməkdir, vasitəli kontaktlar isə müxtəlif kommunikasiya vasitələrinin köməyi ilə (məktubun, mətbuatın, radionun, televiziyanın və s.) yaranan kontaktlardır. Aydındır ki, sosial kontaktların bu təsnifatının müxtəlif kombinasiyasını vermək və vasitəsiz-predmetli-sabit kontaktları (məsələn, qəzetin hər gün eyni bir satıcıdan alınması, vasitəli-predmetli-sabit (məsələn, başqa ölkədəki ticarət kontragentilə müntəzəm məktublaşma) kontaktlarını və s. ayırmaq olar.
Kontaktlar və hər şeydən əvvəl, şəxsiyyətli kontaktlar ictimai həyatın mühüm amilidir. Vasitəsiz-sabit (daimi) şəxsiyyətli kontaktların olmamağı cəmiyyətdən təcrid olunmağa və tənhalığa gətirib çıxarır. Bir çox sosioloq və psixiatrların fikrinə görə, tənhalıq, sosial kontaktların yalnız predmetli kontaktlarla məhdudlaşdırılması müasir cəmiyyətdə özünü göstərən bir çox mənfi hadisələrin əsasını və hər şeydən əvvəl, şəxsiyyətin daxili inteqrasiyasında ciddi pozuntuların səbəbini təşkil edir.
Dostları ilə paylaş: |