Sanksiyalar. Biz sanksiyaları fərdin sosial cəhətdən davranışına qrupun ümumiyyətlə reaksiyası kimi qiymətləndirə bilərik. Bununla bərabər qeyd etmək lazımdır ki, hər bir qrup üzvünün çox geniş davranış dairəsi, hətta onun şəxsi dairəsinə daxil olan işin bir çoxu sosial cəhətdən əhəmiyyətlidir. Ona görə də sanksiyaların da dairəsi həmçinin genişdir. Bu, öz üzvlərinin davranışını idarə etmək, arzu olunan hərəkəti stimullaşdırmaq və daxili birliyin, ictimai həyat fasiləsizliyinin təmin edilməsi üçün arzuolunmaz davranışı cəzalandırmaq məqsədilə qrupun yaratdığı məhsuldur.
Sanksiyalar neqativ (cəzalar) və pozitiv (həvəsləndirmələr, mükafatlar) ola bilər. Adətən danışıq dilində sanksiya sözü dedikdə, ancaq cəzalar sistemi nəzərdə tutulur. Lakin burada biz bu sözlə qrup tərəfindən öz üzvlərinin davranışına göstərilən pozitiv reaksiyaları da göstəririk. Daha sonra sanksiyaları formal (yəni formal təsisatların müəyyən davranışa reaksiyası) və qeyri-formal (yəni mənbəyi ictimai rəydə, dost və qonşu dairələrdə, qeyri-formal təsisatlarda olan reaksiyalar) sanksiyalara bölürük. Nəhayət, sanksiyalar yolu ilə daxili təzyiqin "mahiyyəti" baxımından aşağıdakı sanksiyaları fərqləndirək: hüquqi sanksiyalar və ya müəyyən hərəkətlərə görə qanunlarla nəzərdə tutulan cəza və mükafatlandırmalar sistemi; etik (əxlaqi) sanksiyalar və ya qəbul olunmuş əxlaqi prinsiplərdən irəli gələn fərqləndirmələr, məzəmmət və töhmətlər sistemi; satirik sanksiyalar və ya özlərini qəbul olunmuş qaydadan fərqli şəkildə aparan adamların məruz qaldıqları istehza, ələsalma, etinasız münasibətlər sistemi; dini sanksiyalar və ya hər hansı bir dinin öz göstərişi və qadağanlarını pozan və ya onlara əməl edən davranışa görə ehkamlar və inamlar sisteminin nəzərdə tutduğu mükafatlar və cəzalar. Bu dörd növ sanksiyalar qarşılıqlı surətdə bir-birini tamamlayır.
Onlar fərdin hansı davranışını qrupun həyatı üçün xüsusən faydalı, hansı davranışını isə xüsusən əlverişsiz saymaq lazım olduğunu müəyyənləşdirirlər. Bu sanksiyaların birgə fəaliyyəti şəraitində davranışın ən yüksək konformizm səviyyəsi əldə oluna bilər. Əgər bu sanksiyalar sistemləri arasında ziddiyyətlər meydana çıxırsa, əgər, məsələn, hüquqi sanksiyalar müəyyən kollektivin əxlaqi hisslərinə və adətlərinə uyğun gəlmirsə, onda onların səmərəliliyi aşağı olur.
Mədəni cəmiyyətlərdə sanksiyaların, adətən, hansı xüsusi növlərinə rast gəlmək olur? Aşağıdakı təsnifatı əsas tutaraq onları nəzərdən keçirək: neqativ qeyri-formal sanksiyalar - bunlar heyrət, kədər, narazılıq, istehza, əxlaqi məzəmmət bildirmək mənasında, əl vermədən imtina etmək, yoldaşlıq münasibətləri saxlamaqdan boyun qaçırmaq, qeyri-xeyirxah şayiələr və s.-dən ibarətdir. Bu sanksiyalar ona görə təsir göstərir ki, onlar müəyyən güzəştlərdən məhrum edilmək, müəyyən sosial müdafiə münasibətlərindən kənar edilmək və b. şəklində mühüm ictimai nəticələrə gətirib çıxarır.
Neqativ qeyri-formal sanksiyalar qanunla nəzərdə tutulan aşağıdakı cəzaların bütöv bir sırasından ibarətdir: hər hansı növdən olan xəbərdarlıqlar, məzəmmətlər, cərimələr, həbslər, vətəndaş hüquqlarından məhrum edilmək, əmlakın müsadirəsi, ölüm hökmü, təcridolunma, tövbələmə və s. Bu cəzalar qorxutma yolu ilə, həm də eyni zamanda qeyri-ictimai və ya cəmiyyətə zidd hərəkətlərə görə nələr gözlənildiyi barədə qabaqcadan bildirilən potensial xəbərdarlıq kimi təsir göstərir. Qeyri-formal pozitiv sanksiyalar və ya sosial əhatənin davranış etalonları və dəyərlər sistemlərinə müvafiq gələn və qrup üçün faydalı olan pozitiv davranışa göstərdiyi reaksiyaları təqdir və həvəsləndirmələrə əsaslanır. Bunlar rəğbət bildirmək, müəyyən işlərdə müəyyən fərdin nüfuzunun etirafı, mətbuatda tərif və xoş ruhlu qeydlər, xeyirxah şayiələr, "müsbət" əfsanə, şöhrət və s. ibarətdir. Formal pozitiv sanksiyalar hakimiyyət orqanları tərəfindən açıq bəyənilmək, pul mükafatı, irəli çəkilmə, medal və ordenlərlə təltif, fəxri və yüksək vəzifələrə qoyulmaq, yüksək mükafat verilməsi, müəyyən şəxsin şərəfinə medal zərb edilməsi, abidələrin ucaldılması və s. ibarətdir. Bu sanksiyalar sistemi hüquqi, etik, satirik və dini sanksiyaların daim kombinasiya edilməsinə əsaslanır. Məsələn, satirik sanksiyalar kimi bəzi qeyri-formal sanksiyalar xüsusən uğurlu ola bilər. Çünki adamlar ümumiyyətlə, cəzalardan qorxsalar da onların şəxsi istəklərinə və subyektiv "mənliklərinə" toxunan istehza və nifrətdən daha çox qorxurlar. Hüquqi cəhətdən cəzalandırılan hərəkətlər buna baxmayaraq mühitin mənəvi təqdiri ilə rastlaşdığı halda (məsələn, müharibə dövründə işğalçıların hüquqi repressiyaları) bu arzuolunmaz hərəkətlərə görə repressiyalar zamanı cəzaların az səmərəliliyi buna dəlalət edir.
Sanksiyalar öz mahiyyətinə görə aşkar, yəni digər qrup üzvlərinə bəlli olan qeyri-konformist hərəkət və davranışa qarşı tətbiq olunur. Hər bir qrup həm də, arzuolunmaz hərəkət və davranışını aşkara çıxarmağın formal və qeyri-formal üsullarından ibarət olan müəyyən nəzarət sistemini işləyib hazırlayır. Bu sistem yalnız polis, istintaq orqanları və s. mütəşəkkil təsisatlardan deyil, habelə ətraf sosial mühitin hərəkətlərinə gündəlik maraqdan, onların üzərində gündəlik müşahidədən ibarət olur. Mədəniyyətin tipindən, adətlər, siyasi quruluş, din və s. asılı olaraq müxtəlif forma alan bu formal nəzarət sistemi gündəlik təmas, işin yüngülləşdirilməsi, peşə vəzifələrinin yerinə yetirilməsi və s. zamanı gündəlik davranışın nizamlanmasından söhbət gedərkən xüsusən səmərəlidir. Bu sistem müəyyən şəxs və onun davranışına nisbətən ictimai rəyin və ya fərdlər və qrupun aşkar yönəlişlikləri və görüşlərinin nəzarətini ifadə edir. Qeyri-formal nəzarət sisteminin mahiyyəti qrup üzvlərinin davranışının daim digər üzvlər tərəfindən qiymətləndirilməsindən, hər bir fərdin öz davranışında hesablaşmalı olduğu bu qarşılıqlı qiymətləndirmədən ibarətdir.
Təsisatlar sisteminə əsaslanan bu nəzarət sistemi sosial kontaktlar, qarşılıqlı əlaqə və sosial münasibətlərin qrupun müəyyən etdiyi çərçivələr daxilində baş verməsini təmin edir. Hər bir adamın öz təcrübəsindən bildiyi kimi, bu çərçivələr həddən artıq sərt deyildir və teatr tamaşasındakı rol kimi həmişə fərdi "interpretasiyaya" imkan verir. Bütövlükdə qrup üçün daşıdıqları əhəmiyyətə görə bəzi rollar və onlarla bağlı olan funksiyalar sosial münasibətlərin təbiətindən irəli gələn vəzifələrin bəziləri çox, digərləri isə az ciddiliklə müəyyənləşdirilmişdir.
Təbii surətdə hər bir qrup formallaşdırılmamış funksiyaların icrasında fərdlərə müəyyən şəxsi azadlıq sahəsi saxlayır. Bəzi sosial rollar ona əsaslanır ki, öz icraçılarından daimi yaradıcılıq və yenilik axtarışı tələb edir. Lakin qruplar bu rolların üzərində də (ixtiraçı, alim, artist və s. rolları) bir növ nəzarət edirlər. Həmin nəzarət imkan vermir ki, bu rolları ifadə edənlərin azadlığı qrupun əsas dəyərlərinə və birliyinə təhlükə yaradan açıq qiyama keçsin,
Dostları ilə paylaş: |